Qayıdışın mübarək olsun, igidlər oylağı

A- A A+

Hara getdim, gözlərimdə

Səni daşıdım, Kəlbəcər.

Dərdindən tamam qocaldım,

Oldum yaşıdın, Kəlbəcər.

O torpaqlardan geriyə qalan həsrət dolu misralarda tanıdıq Kəlbəcəri. Bir də “öləndə gözümə bir ovuc Kəlbəcər torpağı tökün” deyən Məmməd Aslanın didərgin düşmüş şeirlərindən... Bütün varlığı, sözü, şeiri, sənəti, özünəməxsus mədəniyyəti, yeraltı, yerüstü sərvətləri ilə özü boyda bir xəzinədir Kəlbəcər. Bu gün o xəzinənin qapıları əbədi olaraq öz sahibinin üzünə açıldı. 44 günlük zəfər yürüşünün siyasət meydanındakı, siyasi arenadakı qələbəsidir Kəlbəcər. Qayıdışın mübarək olsun, igidlər oylağı...

Bizim nəsilin nə Kəlbəcərin İstisuyunu, nə Şuşanın Cıdır düzünü, İsa bulağını, nə də Cəbrayılın Xudafərin körpülərini tanımaq şansı oldu. Gözümüzü açanda o yerlərdən bir ovuc torpaq, bir içim su götürüb başı alovlu arana üz tutan adamları tanıdıq. Üç, beş deyildilər, bir milyon idilər. Bu sürgün o insanların taleyinə eyni acını hörmüşdü - ev-eşiyi gözü qarşısında yandırılan da var idi, körpəsi süngülənən, əzizləri əsir olan da. Eyni taleni yaşayan bir milyon insanın başqa-başqa hekayələrini dinlədik. O hekayələrin əsasında yenidən Qarabağı tanıdıq. İnsanlar kənd-kənd, məhəllə-məhəllə öz ellərinin gözəlliklərini danışırdılar. Əzizlərinin itkiləri qədər qoyub gəldikləri torpağın yoxluğu ürəklərində məlhəmsiz yaraya çevrilirdi. Kəlbəcərin müqayisə olunmaz təbiətinin gözəlliklərini, Şuşanın dolanbaclı yollarını, Cəbrayılın Araza baxan kəndlərini əsir, sürgün xatirələrinin arasından duyduq, tanıdıq, yenidən sevdik...

27 il boyunca beşiyimizin başında oxunan layla, əzbərə bildiyimiz şeirimiz, sözümüz oldu Qarabağ. Amma bunun da fərqində idik, həm də ən uzağımız, ən əlçatmaz olanımız idi Qarabağ. Ta ki....

Və 27 il sonra... Azərbaycan əsgəri azad etdikcə o müqəddəs torpaqları, Qarabağın sanki coğrafiyasını yenidən tanıdıq. Geri dönüşün xəritəsini çəkən şanlı Azərbaycan əsgəri yaddaşımızı təzələdi, “barı ömürdə bir yol gedə bilərdim” dediyimiz yerləri əlçatan etdi. Yandırılıb viranə qoyulan yurda oba-oba, oymaq-oymaq  yeni nəfəs gəldi...

Yəqin ki, illər sonra yaşadığımız bu qürur, fərəh dolu günlər dünyanın savaş tarixinə belə yazılacaq: Ali Sərkərdə və onun on milyonluq ordusu zəfər çaldı, atalarının əmanəti olan torpaqlara Vətən bayrağı sancdı. Bu qələbə Ali Baş Komandanın qətiyyətindən, ön cəbhədə döyüşən əsgərin  və xalqının birliyindən doğdu. Dünya bu müharibədə tanıdığı əsgəri isə heç vaxt unutmayacaq. Artıq o əsgər həm də bu xalqın milli kimliyi oldu. Azərbaycan əsgəri dağları yardı, dişi, dırnağı ilə qayaları oydu, Şuşaya çatdı. Azərbaycan əsgəri hər qaya uğrunda döyüşdü, torpağın bütövlüyünə qanı ilə möhür vurdu. Döyüş meydanındakı qalibiyyət siyasi danışıqlar masasına işıq saldı. Silahlar dayananda SÖZün qüdrəti meydanda göründü. Bir güllə belə atmadan əlimiz Ağdama, Kəlbəcərə çatdı. Torpaqdan boy alanlar torpağın, yurdun taleyini dəyişdirdilər. Şuşa uğrunda gedən döyüşdə məğlubiyyətin dadını bilənlər şərtsiz tərk etməli oldular. Gedər ayaqda belə çirkinliyindən əl çəkmədi düşmən-yandırdı, kül elədi...

İndi sən, əsgər, həsrəti sona çatan Kəlbəcər, qovuşmağa günlər sayan Laçınsan...

Yuxumuzu işığa yozan və onu gerçəyə çevirən Əsgər. İki əsrdir davam edən saxta bir xülyanı hörümçək toru kimi dünyanın yaddaşına hörməyə çalışan və buna qismən nail olan “yan”ların gerçək üzünü ortaya çıxardın.  Sən indi təkcə bizim, dünya azərbaycanlılarının, türk dünyasının deyil, yolu haqqdan, ədalətdən keçən hamının qəhrəmanısan. Ötən əsrin əvvəllərində, sovetlər dönəmində sırtıqcasına dünyanın beynini öz çirkin yalanları, çürümüş ideologiyaları ilə dolduranların üzərindən əbədilik xətt çəkdin. Qulağı kəsilən Andranikin nəvələrinə verdiyin bu dərs onlara bir əsr bəs edər. Görünür, onlara hər əsrdə bir “qulaq burması” vermək lazımdır...

Sən, Əsgər, dünyaya sübut etdin ki, bu torpaqlar tarixən də uğrunda canından keçənin olub. Sübut etdin ki, özlərini “qəhrəman” kimi qələmə verən ermənilər əslində səngərdə top səsindən qulaqlarını tutub ağlayandır, döyüş bayrağını buraxıb qaçandır. Sən onlara təkcə yerini deyil, kim olduqlarını da göstərdin. İndi öz utancverici məğlubiyyətləri, itkiləri, çöküntüləri ilə baş-başa qalıb bir-birini yeyən millət yenə də başında böyük xülyalar qururmu? Bir əsgər qədər qeyrəti olmayan generallarının, yüksək vəzifəli dövlət məmurlarının bəyanatdan sonra etiraflarını eşitdikcə, oxuduqca Səninlə bir daha qürur duyuruq. Səndən nə qədər qorxduqlarından, səngərlərdən necə qaçdıqlarından “ağız dolusu” danışırlar... Bunu sən bacardın, Əsgər. Düşmən ürəyinə saldığın ölüm xofunu, yəqin ki, uzun illər unutmayacaq. Çətin ki, bir də torpaq sevdasına düşələr. Ali Sərkərdə siyasət meydanındakı  yalandan, hiylədən qurulan istehkamları yerlə bir etdikcə, sən də bu coğrafiyada “döyüşən xalq” saxta kimliyi ilə meydan sulayanların dərsini verdin, qurulan istehkamları darmadağın etdin... Təkcə torpağı deyil, Azərbaycan insanının arzusunu, ümidini, duasını, işıqlı gələcəyini, milli qürurunu, milli qeyrətini geri qaytardın. Azərbaycan sənin sayəndə evinə dönür...

Sən bağrımızdan qoparılan Zəngəzurun, törədilən soyqırımların, erməni məkrinə, hiyləsinə qurban gedən dahilərin, dühaların intiqamını aldın...

Ali Sərkərdə siyasət meydanında ata vəsiyyətini həyata keçirdi, sən döyüş meydanında... 90-cı illərdə vuruşan ataların döyüş əzmini, amalını bu günə daşıdın, həyata keçirdin. Milli ordusu olmadan, silahsız olsa belə, düşmənin canına qorxu salan ataların mütləq belə oğulları olmalı idi, oldu da.

Sən, Əsgər, təkcə bugünkü nəsillərin deyil, var olacaq bütün nəsillərin, doğulacaq körpələrin əbədi qəhrəmanısan. Azərbaycan anaları adı SƏN olan nağıllar danışacaq körpələrinə, hər nəsil SƏN olmaq arzusu ilə böyüyəcək. Həmişə güclü, yorulmayan, düşməni məhv edən əsgər obrazları yaranacaq ədəbiyyatımızda, şeirimizdə, musiqimizdə... Fərqi yoxdur hardansan, kimsən... Hələ də səngərdəmisən, şəhidmisən, qazimisən? Bilmirəm... Mənə görə əbədi Əsgərsən, əbədi Qəhrəmansan. Torpağın altında da olsan, üstündə də, mənə görə sən VƏTƏNSƏN, bir ovuc Şuşa, bir ovuc Ağdam, bir ovuc Kəlbəcərsən... Və hər doğulan, böyüyən nəsil onlara bu günəşli səmanı, işıqlı gələcəyi vermək üçün canından keçənləri unutmayacaq...

Vətən qələbə rəngindədir. Qarabağ zəfər rəngində, Kəlbəcər vüsal rəngində. Yaralarımızı sara-sara bütünləşirik, bütövləşirik. Ana Azərbaycan yaralı Qarabağını köksünə basıb, illər sonra ilk dəfə toxuna biləcəyi Naxçıvanının əlindən tutub irəliyə addımlayır. Şanlı zəfərin, qələbən səni işıqlı gələcəyə daşısın.... Bütövlüyün, birliyin mübarək olsun, yurdum, yuvam, evim Azərbaycan!

P.S. Deyirlər, Kəlbəcərin təbiəti yazda Azərbaycan bayrağını xatırladır: Səması masmavi, torpağı yamyaşıl, çölü, düzü al-əlvan çiçəklərlə bəzənmiş olur. Onu da deyirlər ki, Kəlbəcər dağlarına çıxanda Göyçə gölü görünür. Yolumuzu Kəlbəcərdən salmaq ümidi ilə...

Fizzə Bağırova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: