Qarabağın qala qapısıdır Kəlbəcər

A- A A+

2020-ci il noyabrın 25-də doğan günəş bir başqa idi kəlbəcərlilər üçün. Doğma torpağa olan 27 illik həsrətin buzu əridi həmin gün, İstisu sanki yenidən cana gəldi. Ölkəmizin ən böyük rayonlarından olan Kəlbəcər mənən biraz da böyüdü öz doğma balalarını, əzizlərini qoynuna almaq üçün...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müzəffər ordumuzun Qarabağın qala qapısı sayılan Kəlbəcərə daxil olmasının kadrlarını yayımlayır. Qürurumuz, sevincimiz yerə-göyə sığmır. Günorta saatlarına yaxın Ali Baş Komandan İlham Əliyev növbəti dəfə xalqa müraciət edir və ilk sözləri belə olur: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.”

Kəlbəcər deyəndə ağlıma İstisu gəlir. Kəlbəcər mənim üçün Maralçiçəyidir, Qotursu, Sümüklüdərədir. Göz suyu, baş suyu, adlarını saymaqla bitməyən bulaqlardı, çaylardı Kəlbəcər. Tərtər çayı boyunca get, yoluna çıxan cənnətdir Kəlbəcər. Səngəri özündən, alınmaz qaladı Kəlbəcər. Erməni işğalına qədər meyvəli bağlar, sıra dağlar, sıx meşələr, işğaldan sonra qardı, qışdı, buzdu Kəlbəcər. Kəlbəcər 27 illik qubar, ürək yanğısı, göz yaşı idi. Kəlbəcər bu gün bir güllə belə atılmadan işğalçının çıxarıldığı rayonumuz, isti qucağını açıb bizi gözləyən soyuq  Murovumuzdur. Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyat qaytaran dirilik suyu – İstisudur. Mübaliğəsiz deyə bilərik ki, hər qarış torpağı qızıl qiymətində olan Kəlbəcər haqqında ən azı yerli sakinlər qədər biliyə sahib olan ermənilər rayonu işğal etməklə 27 il bizi bu əsrarəngiz sərvətdən məhrum etdilər. Rayonun Zar kəndinin qərb tərəfində yerləşən eyniadlı mağara isə ilk insan yaşayış məskənlərindən hesab olunur. Uzun illər ermənilər qızıl axtarmaq adı ilə mağaranı dağıtdılar.

Amma yaxşı ki, indi bütün bunlar barədə keçmiş zamanda danışırıq. İlahi, yaxşı ki, Sən bizim dualarımızı eşitdin, gücümüzə güc verdin, ordumuzu, xalqımızı müzəffər etdin. Yadınızdadır, bir neçə gün bundan öncə Ağdam məscidini ziyarət edən Ali Kaş Komandan cənab İlham Əliyev nə dedi?!   

Sitat:“Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq”.

Yaxşı ki, 17 illik Prezidentlik dövründə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi qarşısına məqsəd kimi qoyan, bu yolda vətənpərvər gənclik hazırlayan, ordunun maddi-texniki bazasını daim yeniləyən, istər döyüş meydanında, istər diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində ƏN BÖYÜK ƏSGƏRimizə çevrilən LİDERimiz var. Cənab İlham Əliyevin işğal altındakı torpaqlarımızı erməni tapdağından azad etməsi təkcə Ali Baş Komandan qətiyyəti deyil, həm də ən böyük vətənpərvərlik, Vətənə olan sevgi, aşiqlik nümunəsidir. Fikir verin, bir vaxtlar iyirmi faiz torpaqlarımızı işğal edən, vandallıqda sərhəd tanımayan, uşağa, qocaya, hamilə qadınlara belə acımayan, otuz ildir ki, torpaqlarımızda sədd, səngər, tülkü yuvaları quraraq o yerlərdə əbədi məskunlaşmağı arzu edən və həyasızcasına “Dağlıq Qarabağ Ermənistandır”,– deyən mənfur düşmən döyüş meydanında başına dəyən dəmir yumruqdan sonra işğal altında saxladığı torpaqlarımızı tək-tək tərk edir. Bir bayatı nümunəsində deyilir:

Əzizim Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə qoçaq olsa,

Heç verməz ordu bada.

Ali Baş Komandan SƏRKƏRDƏ qüdrəti nümayiş etdirərək düşməni təslimolma aktına qol çəkməyə məcbur etdi. Bu gün Ağdamı, Kəlbəcəri, Laçını bir güllə belə atmadan, itki vermədən, bir hərbi qulluqçumuzun belə burnu qanamadan  erməni işğalından azad ediriksə, bunu “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”,– deyən cənab İlham Əliyevin uğurlu diplomatiyasına borcluyuq. Faktlara nəzər salaq. Birinci Qarabağ müharibəsində – 1993-cü ilin sonunda Kəlbəcərə edilən hücumda Azərbaycan ordusu 1500-dən çox itki verib. Onların 1337-si donvurmadan ölüb. Təkcə bu rəqəm indi Kəlbəcər qələbəsinin miqyasını, uğurun ölçüsünü təsəvvür etməyə kifayətdir.

Kəlbəcərlilər soyuq, küləkli, çovğunlu bir gündə oradan çıxmağa məcbur olmuşdular. Kimi piyada, kimi maşınla, kimi soyuq Murov dağı yolu ilə acınacaqlı vəziyyətdə öz ata-baba yurdunu tərk etməyə məcbur olmuşdu. Onlar özləri ilə necə deyərlər, bir çürük qatma belə götürə bilmədilər. Təsəlli, yadigar üçün...

İmzalanmış üçtərəfli birgə Bəyanata əsasən, düşmən noyabrın 15-də Kəlbəcəri Azərbaycana təhvil verməli idi. Amma bizdən 10 gün daha vaxt istədilər və bu müddət verildi. Bu, cənab İlham Əliyevin siyasətində həm də humanizm amilinin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərir. Qoy, 44 günlük Vətən müharibəsində ermənidən daha çox ermənipərəst mövqe nümayiş etdirənlər biraz da düşmənə qarşı atdığımız bu insanpərvər addımı müzakirə etsin. Amma onlar gedəndə də bütün dünyaya erməni xislətini, nankorluğunu, vandallığını bir daha nümayiş etdirdilər. Kəlbəcərlilərin evlərini yandırdılar, meşələrini taladılar, ekoloji cinayət törətdilər. Kəlbəcərin sərvətini yük maşınlara doldurub Ermənistana daşıyan, “biz 27 ildir ki, burada məskunlaşmışıq” deyərək timsah göz yaşları axıdan düşmən bilməli idi ki, bu, qanunsuz məskunlaşmadır, bu, cinayətdir və bu torpağın sahibləri gec-tez qayıdacaq. Əcdadlarımız Kəlbəcərdəki Zar mağarasında yaşayanda ermənilərin yer üzündə izi-tozu yox idi. Buna görə də haqq-ədalət öz yerini tapdı. Biz Kəlbəcərə qayıtdıq.

Kəlbəcəri yenidən qurmaq, yaratmaq üçün. Dağıtmaq, talan etmək, daşı daş üstündə qoymamaq ermənilərə xas xüsusiyyətdir. Amma tikmək, qurmaq, bina etmək, mədəni və mənəvi irs yaratmaq Azərbaycan xalqının ən böyük sərvətidir. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır”.

Biz Kəlbəcər qələbəsini həm də igid qazilərimizə və şəhidlərimizə borcluyuq. Döyüş meydanında gözünü itirən oğullara görə bu gün Qarabağ görür, əlini qolunu itirənlərə görə Qarabağ əlini bizə uzadır. Ayağından məhrum olanlara görə Qarabağ ayaq üstdə dayanıb bizimlə qucaqlaşır. Allahın insana verdiyi ən şirin neməti – canını Vətənə fəda edənlərə görə Qarabağ sonsuzluğadək bizimlə olacaqdır. Haqqınızı bizə halal edin, oğullar. Yazdığınız qəhrəmanlıq dastanı, salnaməsi oxumaqla, öyrənməklə bitən, tükənən deyil.

Muxtar Rzazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: