Naxçıvan imamzadələri

A- A A+

Naxçıvanda yerləşən müqəddəs məkanlar əsrlərdən bəri zəvvarların ziyarətgahına çevrilib. Muxtar respublikamızın müxtəlif bölgələrində ucaldılan imamzadələr də belə inanc yerlərindəndir. Onların hər birinin özünəməxsus quruluşu və tarixi əhəmiyyəti vardır. Bu abidələr xalqımızın İslam dininə bəslədiyi ehtiramın ifadəsidir.

İmamzadə haqqında danışarkən onu da deyək ki, “imamzadə” sözü “imam övladı”, “imam nəslindən olan” mənasını ifadə edir. Naxçıvan şəhərində, Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadələr Səfəvilər dövründə inşa edilib. Tədqiqatçılar təsdiq edirlər ki, orta əsrlər zamanı bu komplekslərin funksiyası təkcə ziyarətgah-pir olmaqla məhdudlaşmayıb, həmin tikililər həm də ərazidə fəaliyyət göstərən sufi təriqətlərinin üzvlərinin yığıncaq, ibadət, zikr və yaşayış yeri olub. Naxçıvan şəhərindəki İmamzadə kompleksi bu gün şəhər sakinlərinin ən çox ziyarət etdiyi ünvanlardandır. Şəhərin cənub hissəsində yerləşən bu kompleks 3 tikilidən ibarətdir. Kompleksin əsasını cənub tərəfdə yerləşən türbə təşkil edir. Qədim və zəngin sənətkarlıq xüsusiyyətlərinə malik türk və müsəlman memarlığı ənənələrinin qarşılıqlı vəhdətini ehtiva edən bu türbə xarici qonaqların, eləcə də tədqiqat işi ilə məşğul olan alimlərin diqqətini çəkir. Zaman-zaman bu tikili haqqında bir çox tədqiqatçı alimlər araşdırma aparıb, fikir söyləyiblər.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli deyir ki, abidənin yuxarı hissəsində, silindrşəkilli gövdəsində memar çox ustalıqla qırmızı rəngli bişmiş kərpicləri üfüqi, tünd-bənövşəyi kaşılı kərpicləri isə şaquli şəkildə simmetrik düzüb. Bərdə türbəsində olduğu kimi, xalını xatırladan bəzək ünsürü və kufi xətlə dəfələrlə təkrarlanan epiqrafik motiv: “Allah” sözü yaradıb. Türbənin içərisində əhali tərəfindən ziyarət edilən bir qəbir vardır. Qəbrin üzərində epitafiya – məzar kitabəsi olmadığı üçün onun kimə aid olduğu haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ancaq şəhərin yaşlı sakinlərinin söylədiyinə görə, bu qəbirdə şiələrin səkkizinci imamı İmam Rzanın oğlu dəfn edilib. Epiqraf alim İsa Əzimbəyovun keçən yüzilliyin iyirminci illərində yazdığına görə, türbənin ­şimal-qərb tərəfində nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olub. Kitabənin mətnindən məlum olur ki, bu tikilinin bina edilməsini böyük sultan, xaqan, hörmətli əmir sultan Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında mərhum, günahları bağışlanmış, Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı Həzrət Rufai bəy əmr edib. Kitabədə tarix qeyd olunmasa da, orada vurğulanan “Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında” sözlərinə əsasən türbənin inşa tarixini müəyyənləşdirmək mümkündür. Belə ki, Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu tarixi şəxsiyyət 1722-32-ci illərdə Səfəvilər dövlətində hakimiyyətdə olub. Bundan belə bir fikir ortaya çıxır ki, türbə XVIII əsrin 20-ci illərində inşa etdirilib.

İbadətgahlar xalqımızın inanc yerləridir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bir daha ona dəlalət edir ki, bütün İslam dünyası Naxçıvanın islami dəyərlərin qorunmasında mərkəz olmasına hörmətlə yanaşır. Burada konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsi onu göstərir ki, qədim diyar bu vəzifəni uğurla yerinə yetirir. Təqdirəlayiq haldır ki, bu gün Naxçıvanda görülən irimiqyaslı tədbirlər nəticəsində tarixi mirasımız sayılan mədəniyyət abidələrimiz bərpa olunaraq xalqa qaytarılır. Müstəqillik illərində bir neçə dəfə təmir-bərpa olunan İmamzadə kompleksi ötən il yenidən quruculuq ərməğanına çevrilib. İlkin mərhələdə bərpaçılar tərəfindən türbənin fasad və daxili hissəsində divarlar köhnə üzlük boya və materiallardan təmizlənib, tarixi tikilinin aşağı hissəsinin rütubətdən qorunması üçün betonlama işləri həyata keçirilib. Günbəz hissədə və daxildə bərpa işləri aparılıb. Bundan başqa, türbənin arxa hissəsindəki torpaq qatı götürülüb, istinad divarları yaradılıb, yağış sularının buraya zərər verməməsi üçün sistemlər quraşdırılıb. Ərazidə abadlıq işləri görülüb, müasir işıqlandırma sistemləri qurulub.

2018-ci il üçün Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi qədim diyarımızdakı İslama xas abidələrə bəslənilən münasibətin nəticəsi kimi dəyərləndirilir. Naxçıvan şəhərindəki İmamzadə kompleksinin yenidən həyata qaytarılması məhz İslam mədəniyyətinə verilən ən böyük töhfələrdəndir.

 Nail ƏSGƏROV

"Şərq qapısı" qəzeti 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: