Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tələbələrlə görüş keçirdi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş hamiliyə verilən Naxçıvan Dövlət Universitetinin Fiziki Tərbiyə və Çağırışaqədərki Hazırlıq Müəllimliyi ixtisasının tələbələri ilə keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində Xidmətin hamiliyinə verilmiş tələbələrlə mütəmadi görüşlər keçirilir, onların nəzəri bilikləri ilə yanaşı, əyani təcrübələri də diqqət mərkəzində saxlanılır. Xidmətin əməkdaşları ilə birgə tələbələr də təşkil olunan bir sıra tədbirlərdə və görüşlərdə olur və bunun da nəticəsində bu sahədəki biliklərini inkişaf etdirirlər.
Xidmətin rəisi bildirib ki, ölkə prezidenti, Ali Baş Komandan və qüdrətli ordumuzun qətiyyəti sayəsində qazandığımız zəfər təbii ki, peşəkar kadr hazırlığından, Azərbaycan əsgərinin milli ruhda tərbiyəsindən irəli gəlir.
Hamiliyə verilən ixtisaslarda təhsil alan tələbələrin gələcəkdə çalışacaqları idarə və müəssisələrdə indidən təcrübə qazanması onları peşəkar kadr kimi formalaşdırır deyən universitetin rektoru Elbrus İsayev bildirib ki, Fiziki Tərbiyə və Çağırışaqədərki Hazırlıq Müəllimliyi ixtisasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hamiliyinə verilməsi həmin ixtisasın tələbələrinin bu peşəyə olan marağını daha da artırır.
Sonra Xidmətin şöbə rəisi, mayor Vüsal Əliyev “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununu tələbələrin diqqətinə çatdırıb.
Tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr olunan “İgid əsgər” sənədli filminə baxıblar.
Ərhan Novruzov