Zaman çatıb, deyən kimi,
Sərkərdəmin -Qalx!-səsinə
Oyanmışam, səs vermişəm.
Yetər artıq, ay qəsbkar,
Ay zülmkar, bəs demişəm!
Qaniçənin yaddaşına yazılacaq,
Məzarını qazdıracaq dərs vermişəm.
Xudafərin nəfəsini Xan Arazın küləyində
Gətirmişəm, Vətən, sənə!
Nifrətimi top ağzında yağdırmışam yağış kimi,
Sıldırımlar üzərində, meşəlikdə, cəngəllikdə
Əlbəyaxa döyüşlərdə
Susdurmuşam namərdləri bir daş kimi.
Bütün dünya şahid olub,
Haqq uğrunda savaş kimin?
Mən haqqımı Allahımda, mələyimdə
Gətirmişəm, Vətən, sənə!
Hər addımda bir kəndimi,
Hər nəfəsdə bir daşımı,
Bir zirvəmi, bir bəndimi,
Hər atəşdə əl qoyduğum
Quranımı, pir andımı,
Hər ocağa bərəkəti çörəyimdə
Gətirmişəm, Vətən, sənə!
Otuz ilin ağrısını, acısını,
Həsrətini, sancısını
Qırx dörd gündə bitirmişəm.
Qırx dörd günün hər anında
Gözlərimi, ayağımı,
Əllərimi, qollarımı, bədənimi itirmişəm.
Əvəzində... əvəzində
Bütövləşib böyümüşəm.
Anaların, bacıların üzağlığı
Namusumu, vicdanımı,
Son borcumu qeyrətimdə
Gətirmişəm, Vətən, sənə!
Bir çiynimdə odlu silah,
Bir çiynimdə dost yaralı,
Bir gözümdə düşmən adı,
Bir gözümdə vaxt daralır,
Sal daşları əllərimlə didə-didə,
Hər anımda ölüm qoxan o yolları gedə-gedə,
Şəhidimi qucaqlayıb kürəyimdə
Gətirmişəm, Vətən, sənə!
Düşmənin talan etdiyi
Uçuq-sökük divar olub səngərimiz,
Yıxıb düşmən xəyalını yerişimiz, ləngərimiz,
İçimizdə Vətən eşqi, nə olacaq əngəlimiz?
Hər oğulun qisasını
Yumruq kimi biləyimdə
Gətirmişəm, Vətən, sənə!
Məzar-məzar, şəhid-şəhid
Çoxaltmışam, qaytarmışam,
Yağı düşməndən almışam
Mən bu Vətən torpağını.
İti qovan tək qovmuşam
Doğma yurddan şər, yağını.
Birdəfəlik bu zillətə, xəyanətə
Son qoymuşam.
Kəsmişəm ağ yollarımdan
Onun qara ayağını.
Tarix deyə yazılacaq bu dastanı
Söhbətimdə gətirmişəm, Vətən, sənə!
Bayrağımı qaya üstə, dağ başında
Zirvələrdə ucaltmışam,
Azanımın gür səsini məscidlərdə,
Türbələrdə ucaltmışam,
Himnimizin hürr səsini fəxarətlə, dəyanətlə,
Qürur dolu avazımla
Azad olan ellərimdə ucaltmışam.
Qarabağı vətən boyda ürəyimdə
Gətirmişəm, Vətən, sənə!
Oyan, şəhərim, oyan!
Otuz illik həsrətdən
Özünü asan şəhər.
Oyan, nəfəsin gəlib,
Daş olub, susan şəhər...
Qoynunda böyütdüyün
Şahların diriləcək.
Sənsiz nəfəs almayan
Ruhların diriləcək.
Qəlbini əsir edib,
Şux qəddini əyiblər.
Daşın düşmən başına,
Xatirinə dəyiblər.
Bəzəksiz otaqların
Yenidən bəzənəcək.
Xan qızı Natəvanın
Türbəsi diriləcək.
Qədirin, Səxavətin
Ruhu göydə süzəcək.
“Sona bülbüllər”imin
Cəh-cəhi diriləcək.
Şahmarın misrasında
Tənlər bütöv oyanır.
Kərpic-kərpic ovulan
Ürəyində od yanır.
Sübh azanı niyyətim,
Üzü göyə duamsan.
Bəxtinə ağ gün doğan
Ağ çiçəkli Ağdamsan!
Azadlığın mübarək! -
Etdi Sərkərdəm bəyan!
Hər ürəkdən səs gəlir,
Oyan, şəhərim, oyan!
Təranə Arifqızı
Naxçıvan Dövlət Radiosunun əməkdaşı