Stomatoloqların müasir innovasiyalardan istifadə qaydaları onlayn beynəlxalq konfransda müzakirə edilib - FOTOLAR
Naxçıvan Dövlət Universitetində 2012-2013-cü ildən tədrisi aparılan “Stomatologiya” ixtisasında 300 tələbə təhsil alır ki, bunlardan 199-u xarici ölkə vətəndaşıdır. Bu günədək ixtisas üzrə fakültənin 88 tələbə məzunu olub ki, onlardan 18 nəfəri xarici ölkə vətəndaşıdır. Fakültənin əsas binasında yaradılan müasir tipli “Stomatoloji simulyasiya kabinəsi” 13 ədəd diş simulyatoru-fantom ilə təchiz edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Stomatologiyada müasir innovasiyalar” mövzusunda beynəlxalq onlayn konfransda universitetin rektoru Elbrus İsayev danışıb. Rektor vurğulayıb ki, universitet xəstəxanasında hazırda normal, pediatrik və implantoloji olmaqla 3 stomatoloji kabinə fəaliyyət göstərir. Yaxın zamanlarda 2 yeni diş kabinəsinin istifadəyə verilməsi planlaşdırılır. Stomatoloq həkimlər və tələbələr mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq miqyaslı konfranslarda, simpoziumlarda, beynəlxalq layihələrdə iştirak edirlər.
Konfransın moderatorları Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, dosent Cabbar Həsənov, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı dosent Elsevər Əsədov tədbir haqda məlumat verərək keçirilən konfransın elmi və təcrübi əhəmiyyətini qeyd ediblər.
Azərbaycan Tibb Universiteti “Ortopedik stomatologiya” kafedrasının uzman həkimi Elçin Abbasov “Diş yonmalarının mühüm nüansları” adlı çıxışında dişyonma texnikasında istifadə edilən metodlardan danışıb. Bildirilib ki, dişyonmada əsas diqqət etməli məqam onları daha çox yonmadan uzunmüdətli olmasını təmin etməkdir.
“Endodontiyanın gücü” adlı çıxışında Van Yüzüncü Yıl Universitetinin dosenti Esin Özlək diş kanallarının düzgün müalicə üsullarından danışıb. Kahramanmaraş Sütçü İmam Universiteti “Ağız-diş və çənə cərrahiyyəsi” kafedrasının uzman həkimi Eldar Nəcəfov “Anesteziya: materiallar və yöntəmlər” adlı çıxışında müalicə metodunda anesteziya üsullarından, Ukrayna Stomatoloqlar Assosiasiyasının prezidenti, professor İrina Mazur “Generalizə paradontitdə diaqnostika və müalicənin müasir protokolları” adlı çıxışında isə müasir dövrdə geniş yayılmış Paradontoz diş əti xəstəliklərindən ətraflı məlumat verib. Professor xəstəliyin müalicə üsullarını müasir protokollarla təqdim edib.
“All on 4 texnikasında ənənəvi və digital üsulların qarşılaşdırılması” adlı çıxışında Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri Cabbar Həsənov az sayda implantlarla daha çox diş qoymaq texnikası və xəstənin müvəqqəti protezlərlə təmin üsullarından ətraflı məlumat verib.
Naxçıvan Dövlət Universiteti “Stomatologiya” kafedrasının müdiri, həkim Rauf Cəfərov və həmin kafedranın müəllimi Zaur Hüseynov “Naxçıvan Muxtar Respublikasının əhalisi arasında kariyesin geniş yayılmasının başlıca səbəbləri və profilaktikası” mövzusunda çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, muxtar respublika əhalisi arasında kariyesin geniş yayılmasının səbəbi içməli sularda flüorun azlığıdır. Bildirilib ki, artıq bu istiqamətdə plan hazırlanıb, gələcəkdə insanların istehlak etdiyi suyun və duzun flüorlaşdırılması nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, bağçalarda və məktəblərdə dişlərə qulluqla bağlı maarifləndirici profilaktik tədbirlərin görülməsi də diş əti xəstəliklərinin qarşısının alınmasında vacib amil kimi əhəmiyyət daşıyır.
Sonda mövzu ilə bağlı müəllim və tələbələrin sualları cavablandırılıb.
Səadət Əliyeva