“Sabahın tədqiqatçıları” 30 layihə üzrə tədqiqat aparıblar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində "Sabahın tədqiqatçıları" layihəsinin icrası ilə bağlı keçirilən tədbirdə Təhsil Nazirliyi Rəhman Məmmədov deyib.
Nazir qeyd edib ki, 2019-2020-ci tədris ilində keçirilən layihə çərçivəsində AMEA Naxçıvan bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək onlarla birgə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 30 layihə üzrə tədqiqat aparıblar. Layihə iştirakçısı, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi İnci Nəsirovanın layihəsi "Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər" XI Beynəlxalq elmi-praktik konfransında müzakirə edilib və 1-ci yerə layiq görülüb. Bununla yanaşı beynəlxalq müsabiqələrdə 2 layihə I yerə, 1 layihə II yerə, 3 layihə isə III yerə layiq görülüb.
Həmçinin qeyd edilib ki, layihənin qısa müddət ərzində əldə etdiyi uğurlarla bağlı Təhsil Nazirliyi tərəfindən layihənin 1 illik fəaliyyətini özündə əks etdirən albom-kataloq hazırlanıb.
Təqdimatda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. 2019-2020-ci tədris ilində Naxçıvan şəhərində yerləşən 17 orta məktəbdən layihəyə cəlb edilən 50 şagirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və ədəbiyyat, Tarix, Etnoqrafiya və Arxeologiya, Təbii Ehtiyatlar, Bioresurslar İnstitutlarından 27 rəhbər təyin olunub və bütün layihələrin icrası uğurla başa çatdırılıb.
Tədbirdə müxtəlif mövzularda çıxışları dinlənildikdən sonra layihənin ötənilki fəaliyyətini özündə əks etdirən videoçarx izlənilib və "Sabahın tədqiqatçıları" layihəsinin 2019-2020-ci tədris ilində əldə etdiyi uğurların nəticələri əks olunan sərgiyə baxış keçirilib.
Tədbirin sonunda elmi rəhbərlərə və bütün iştirakçılara "Sabahın tədqiqatçıları" layihəsinin albom-kataloqu hədiyyə olunub.
Qeyd edək ki, "Sabahın tədqiqatçıları" layihəsinin uğurlu tətbiqi üçün bu il də Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri, pilot məktəblər və layihədə iştirak edəcək 50 şagird müəyyənləşdirilib. 5 istiqamət - Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə aparılacaq tədqiqatlar şagirdlərin müstəqil axtarışlara cəlb edilməsinə, onlarda tədqiqatçılıq qabiliyyətinin düzgün formalaşmasına və inkişafina töhfə olacaqdır.
Mədinə Rəhiml