Taxılçılıq elə bir təsərrüfat sahəsidir ki, onun inkişafı təkcə əhalinin taxıl və taxıl məhsullarına olan tələbatını ödəmir, həm də kənd təsərrüfatının digər sahələri olan maldarlıq və quşçuluğun inkişafına zəmanət verir, sənayeni xammalla təmin edir. Naxçıvan Muxtar Respublikası şəraitində taxılçılıq olduqca məhsuldar sahə hesab olunur. Hər il hektarlarla sahədə əkin aparılaraq tonlarla taxıl məhsulu toplanır. Bu da ərzaq təhlükəsizliyinə etibarlı təminat yaradır. Muxtar respublikada payızlıq taxıl əkini işləri yekunlaşmaq üzrədir. Bəs keyfiyyətli və bol məhsul götürmək üçün hansı əkin qaydalarını yerinə yetirmək lazımdır? Suallarımızı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənov cavablandırıb.
Əsgər müəllim, taxıl əkini zamanı torpağın hansı xüsusiyyətləri nəzərə alınmalıdır?
–Taxılın bolluğu çörəyin və çörək məhsullarının bolluğu, eyni zamanda bu sahəyə bağlı digər kənd təsərrüfatı sahələrinin paralel inkişafı deməkdir. Əkinçi babalarımızın belə bir deyimi var: “nə əkərsən, onu da biçərsən”. Odur ki, əkdiyimiz toxuma, toxumun düşdüyü torpağa diqqətlə yanaşmaq lazımdır. Əkinin ilkin mərhələsində nəzərə alınmalıdır ki, taxıl hansı torpaqda əkiləcək. Mütəxəssis kimi tövsiyə edərdim ki, taxıl əkinində növbəli əkin sisteminə əməl edilsin. Aparılan təcrübələr göstərir ki, Naxçıvan Muxtar Respublikası şəraitində əkindən əvvəl torpağın strukturu nəzərə alınmalı, torpağın tərkibi yaxşılaşdırılmalı, torpaq sahəsinə görə sort növlərdən istifadə olunmalıdır. Yaxşı məhsul üçün iki element - torpaq və toxum əsasdır. Ali Məclis Sədrinin tapşırıq və tövsiyələri əsasında müasir texnologiyalarla təmin olunan akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin “Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsi”nin laboratoriyalarında mütəxəssislər torpaqlardan götürülən nümunələri analiz edirlər. Sonra torpağın tərkibi barədə sertifikat hazırlanır. Beləliklə, torpağın qida elementlərinə görə ona toxum seçimi aparılır. Torpaqdan nümunənin götürülməsini hər bir təsərrüfatçı özü də yerinə yetirə bilər. Bunun üçün sahə bir bel boyu (təxminən 25 santimetr) qazılır və torpaq götürülür.
Keyfiyyətli və bol məhsul götürmək üçün hansı toxum sortlarından istifadə etmək lazımdır?
– Toxumçuluğun inkişafı bitki genefondunun qorunub saxlanılması və ərzaq təhlükəsizliyinin əsas şərtlərindən biridir. Keyfiyyətli toxum istehsalı həm də əhalinin sağlamlığının qorunmasına xidmət edir. Buna görə də Naxçıvanda toxumçuluğun inkişafı diqqət mərkəzində saxlanılır. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikada kənd təsərrüfatının inkişafı, keyfiyyətli toxumlarla təminatı öhdəliyini layiqincə yerinə yetirir. Burada sınaqdan keçərək yetişdirilən “Fatimə”, “Qobustan”, “Quality”, “Bezost” və “Ruzi” toxum sortları təsərrüfatda geniş istifadə edilir. Toxum sortu elə seçilməlidir ki, torpaqdakı qida elementləri ilə qidalana bilsin, yaxşı nəticə versin, zərərverici xəstəliklərə sirayətlənmə dərəcəsi az, dən məhsuldarlığının çıxarı çox, şaxtaya dözümlü olsun. Bir sözlə, Naxçıvan Muxtar Respublikasının kontinental iqlim şəraitinə uyğun olsun. Torpağın qida tərkibinə uyğun toxum seçildikdən sonra Kənd Təsərrüfatı Nazirliyinin “Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin bazası”nda laboratoriyada toxumun təsərrüfat yararlığı müəyyən olunmalıdır. Burada toxumun çəkisi, cücərmə faizi, təmizliyi qeyd olunur. Əkindən əvvəl toxum mütləq dərmanlanmalıdır. Bu prosesdə daha çox “Rubin” dərman preparatından istifadə olunur. Dərmanlama zamanı yerə çadırlar açılır, üzərinə toxum əlavə edilir, dərman səpilməzdən əvvəl toxum azacıq nəm hala gətirilir, daha sonra toz halında dərman səpilir. Nəmlənmiş toxumu çox gözlətmədən əkmək lazımdır. Əks halda toxum cücərə bilər.
Əkin və suvarma hansı üsullarla həyata keçirilir?
Naxçıvan Muxtar Respublikası şəraitində çarpaz və lentvari əkin üsulundan istifadə edilir. Aparılan təcrübələr göstərir ki, muxtar respublika şəraitində şırımla suvarma daha effektlidir. Şırımla suvarma üsulunun əsas mahiyyəti ondan ibarətdir ki, torpağın strukturu növbəti əkin dövriyyəsi üçün də korlanmır. Şırımaçma zamanı məsləhət görülür ki, uzunluğu çox olan ərazilərdə 75- 100 metr məsafədən bir şırımlar kəsilsin. Çünki uzun məsafəli şırımlara su ötürülən zaman su şırımın ayağına çatmamış yuxarı hissələr bataqlığa çevriləcək, toxumlar üzdə qalacaq. Taxılın ilkin mərhələdə göyərməsi üçün qismən nəmlənməsi kifayətdir. Həmçinin təsərrüfatda işlərin optimal müddətdə aparılması xüsusi əhəmiyyətə malikdir. Atalarımızın təcrübəsində belə bir deyim var ki, taxıl iki yay görməlidir. Naxçıvan şəraitində sentyabr ayının üçüncü ongünlüyündən başlayaraq oktyabrın ikinci ongünlüyünə qədər səpilən toxumlar daha yaxşı nəticə verir. Taxıl qışlamaya kollanma fazasında daxil olmalıdır. Soğanaq formasında olan köklərdə yeni beçələr əmələ gəlir. Əgər əkin vaxtında aparılmasa, qış mövsümünə girən taxıl təkqanad formasında olur, yeni beçələr yaranmır, bu da məhsuldarlığı aşağı salır. İstər əkindən sonra, istərsə də əvvəl gübrələmə həyata keçirilməlidir. Bütün aqrotexniki işlər vaxtında və ardıcıl olaraq həyata keçirilərsə, məhsuldarlıq da bol olar.
Ötən əsrin 90-cı illərində mənfur düşmən muxtar respublikanın sərhəd kəndlərinə basqın edən zaman Naxçıvan blokadanın ən çətin günlərini yaşayırdı. Həmin vaxt insanlar mağazalarda saatlarla çörək növbəsində dayansalar da, çox vaxt bu neməti tapıb ala bilmirdilər. Ölkəmizin digər şəhər və rayonlarında da vəziyyət eyni idi. Amma müstəqillik illərində dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması, xüsusən taxıl və taxıl məhsullarına olan tələbatın ödənilməsi üçün demək olar ki, əsaslı islahatlar aparıldı, kənd təsərrüfatının bu mühüm strateji sahəsi yenidən canlandı. Çünki müharibə şəraitində yaşayan bir ölkə üçün taxılçılığın inkişafı mühüm şərt idi. Buna görə də 44 günlük Vətən müharibəsi günlərində nə arxa cəbhə, nə də ön xətdə əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından azad edən müzəffər ordumuz təminat baxımından heç bir problemlə üzləşmədi. Fikrimizcə, BÖYÜK QƏLƏBƏnin əsas meyarlarından biri də ərzaq bolluğu idi. Necə deyərlər, çörək bol olarsa, basılmaz Vətən!
Lalə Allahverdiyev
“Şərqin səhəri” qəzeti