Faydaları ilə zəngin tərəvəz-balqabaq

A- A A+

Təbiətin insanlara bəxş etdiyi saysız-hesabsız nemətlərdən biri də balqabaqdır. Ayrı-ayrı yerlərdə boranı, qabaq adlandırılan bu  qiymətli bitki haqqında saatlarla danışmaq olar. Hətta belə deyilir ki, balqabaq sözünün mənası baldan qabaq deməkdir. Erkən yazda əkilən balqabaq payız fəslində yetişir və qədim zamanlardan bu günə kimi  müxtəlif növ vitaminlərlə zəngin olan  bu tərəvəzdən müalicə məqsədilə daha çox istifadə olunur.

Ətraf iqlim amillərinə qarşı dözümlü olan balqabağı becərmək xüsusi qayğı tələb etmir. Hər kəs istəsə, ondan öz bostanında yetişdirə bilər. Hazırda dünya təsərrüfatlarında 700-ə qədər növü yetişdirilən balqabağın Şahbuz rayonunda da  bir neçə növü yetişdirilir.  Sentyabr-oktyabr aylarında yetişən balqabaq öz-özünə tağından qopur və onu bir müddət düşdüyü yerdən tərpətmirlər demək olar ki, qar yerə düşənə kimi bostanda saxlayırlar. Bu gün balqabaq almaq istəyənlər onu bazarlarımızdan, marketlərimizdən ala bilər. Bu tərəvəzin həyatımızda qida və müalicəvi baxımdan əhəmiyyəti böyükdür. Xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunan bu tərəvəzi seçərkən çalışmaq lazımdır ki, üzərində heç bir zədəsi olmasın.  Bundan başqa kəsilmiş balqabağı üç gündən çox saxlamaq olmaz. Çox qaldıqda tərkibindəki şəkər və qidalı maddələr azalır. Odur ki, balqabağı kəsdirib az-az almaq və tez istifadə etmək məsləhətdir. Bostanların yaraşığı olan balqabaq soyuğu və birbaşa günəş şüasını sevmir. Bitdiyi yer çox günəşlidirsə, ətrafa uzanan tağları ilə onu bürüyərək üzərini örtmək olar. Sevmədiyi şəraitdə tərəvəz tez çürüyür. Saxlanılma qaydasına gəldikdə isə bütöv balqabağı yaxşı havalanan yerdə 10-15 dərəcə temperaturda saxlamaq məsləhətdir. Əgər bunlara riayət etsək, onda bütün qışı balqabaqdan rahatlıqla faydalana bilərik. Ümumi çəkisinin yarıdan çoxunu yeməli hissə təşkil edən   balqabaq sağlamlıq üçün çox xeyirlidir. Belə ki, balqabaq qaraciyərin fəaliyyətini bərpa edir, onu qoruyur, sağlamlıq üçün yumşaldıcı xassəyə malikdir, susuzluğu aradan qaldırır, bişmiş halda qızdırma və öskürəyə yaxşı təsir göstərir.  Balqabaq yuxusuzluq hallarına da yaxşı təsir göstərir, immunitet sistemini gücləndirir. Narıncı rəngli balqabaq dəmirlə yanaşı, bir çox vitaminlərlə də zəngindir. Uşaqlarda sümüklərin möhkəmlənməsi və qanazlığının aradan qaldırılması üçün əvəzolunmaz nemət olan balqabaq görmə qabiliyyətini artırır. Uzun xəstəliklərin müalicəsindən, gərgin fiziki və zehni yorğunluqdan sonra balqabaq şirəsi ən yaxşı vasitədir. Ürək-damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. O, həmçinin qan təzyiqini də aşağı salır. Əsəblərin daim gərgin olmasından, sinir sistemindən şikayətlənənlər üçün balqabaq şirəsi əvəzsizdir.  Lakin gün ərzində bu şirədən 1 stəkandan artıq içmək məsləhət görülmür. Və çalışmaq lazımdır ki, şirə təzə-təzə çəkilərək içilsin. Çünki onun faydası ilə yanaşı, əks göstəriciləri də var. Qida əhəmiyyəti sayılmaqla bitməyən bu bitkidən milli mətbəximizdə müxtəlif  tərkibli plovlar, şorbalar, şirniyyatlar, qutablar, kətələr, mürəbbə və cemlər hazırlanır. Bir çoxlarının bəzən gərəksiz bildiyi tumundan da istifadə edirik.   Soyuq, yağışlı payız havası  balqabaqlı təamların əsl vaxtıdır.

                                                         “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: