Naxçıvan dünən və bu gün - FOTOLAR

Çıraq işığından elektrik enerjisi ixracatçısına

A- A A+

...Pislik qışa qalar

Məlum hadisələr hesabına bir ilə yaxındır ki, Ermənistan ərazisindən keçib Naxçıvana gələn halalca işığımızdan məhrum olmuşuq. Bu müddətdə ancaq Araz Su Elektrik Stansiyasında istehsal edilən 20-25 meqavat elektrik enerjisinin ümidinə qalmışdıq. Kənd­lərimizin əksəriyyəti elektrik işığından tamamilə məhrum olmuşdu. Naxçıvan şəhərinin evlərinə, idarə və müəssisələrinə növbə ilə 6-8 saatdan çox işıq verilmir...

Qonşu İran bu ağır günümüzdə bizə yardım əlini uzadaraq 30 meqavat enerji verdi və böhranı nisbətən aradan qaldırdı...

Düzdür, hazırda muxtar respublikamızda 50-55 meqavatdan çox enerji yoxdur, gündəlik tələbatımız isə 150 meqavatdır. Ancaq enerji sarıdan ümidsizliyə qapılmağa haqqımız yoxdur. Başbaşı stansiyası yaxınlığında tikilib istifadəyə verilmiş istilik elektrik stansiyasında da iki turbin quraşdırılıb. Bu turbinlərin gücündən tam istifadə edilsə, gündə 30 meqavat enerji ala bilərik. Ancaq turbinlərin fasiləsiz işləməsi üçün sutkada 240 ton dizel yanacağı tələb olunur. Dəmir yolunun işləmədiyi indiki vaxtda bu qədər yanacağı əldə etmək çox çətindir. Ancaq oxuculara deyə bilərik ki, ən geci yanvar ayının axırınadək Türkiyədən Naxçıvana çəkilən 90 kilometr uzunluğunda yeni elektrik xətti istifadəyə veriləcəkdir. İndi bu obyektdə son işlər gedir.

Bəli, neçə aylardan bəri narahatçılıq doğuran enerji çatışmazlığı yaxın günlərdə aradan qaldırılacaqdır. El arasında məsəl var, deyərlər: – yetim yaza çıxar, pislik qışa qalar.

“Şərq qapısı” qəzeti
6 yanvar 1993-cü il

Qış ehtiyatlarına qayğı

…Hörmətli Prezidentimiz Heydər Əliyevin İran İslam Respublikasının rəhbərləri ilə apardığı danışıqlar nəticəsində 10 oktyabrdan başlayaraq İrandan 30 meqavat gücündə elektrik enerjisi alınır. Prezidentimizin köməyi sayəsində alınan enerjinin pulu ödənilir. Elektrik təsərrüfatının vəziyyətinə gəlincə, bu sahədə çətinliklər çoxdur... Artıq maliyyə vəziyyəti ilə üzləşdiyimizə görə avadanlıq alınıb gətirilməsində böyük çətinliklər yaranıb. İndi muxtar respublika İrandan 30 meqavat, Türkiyədən 40 meqavat, “Araz” SES-dən isə 10 meqavat, cəmi 80 meqavat enerji alır. Muxtar respublikanın qış aylarında elektrik enerjisinə olan tələbatı 130-140 meqavatdır. Gərgin vəziyyətdən çıxmaq üçün qış mövsümünün axırınadək elektrik enerjisinin verilişi üçün yeni rejim, iş qrafiki müəyyən edilmişdir. Muxtar respublikanın rayon, şəhər, qəsəbə və kəndlərinə həmin qrafik üzrə enerji verilir. Bəzi yerlərə, zəruri sayılan obyektlərə enerji fasiləsiz verilir...

“Şərq qapısı” qəzeti
6 dekabr 1995-ci il

Çıraq işığından elektrik enerjisi ixracatçısına

Buna ötən 25 ildə işıqlı zəka sayəsində nail olmuşuq

Yazıma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə başlayıram. Çünki bu dəyərli fikirlər Naxçıvanın 30 il əvvəlki mənzərəsini gözlər önündə olduğu kimi canlandırır: “Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayırıq...”

Naxçıvan Muxtar Respublikası hələ blokadaya salınmamışdan elektrik enerjisi əvvəllər ara-sıra, sonralar isə tamamilə kəsildi. Artıq blokada Naxçıvanının 1990-cı illərinin insanlarının həyatında yaratdığı böyük çətinliklər silsiləsində elektrik enerjisinin olmaması başlıca problem kimi dayanırdı. Bununla naxçıvanlılar XX əsrdə bir neçə əsr öncəyə qayıdaraq böyük çətinliklər girdabına məruz qalmışdılar. Həyat elektrik enerjisi olmadan təsəvvür edilmədiyi bir dövrdə, təəssüf ki, bu, Naxçıvan üçün həyat gerçəkliyi idi. İlk növbədə, insanlar qaranlıqda yaşamalı olmuşdular. Elektrik enerjisinin olmaması fabrik-zavodların, müəssisələrin fəaliyyətini iflic vəziyyətinə salmışdı. Hər yerdə işlər dayanmışdı.Yüzlərlə insan iş yerini itirmişdi. Televiziyalar, radiolar susmuşdu. Çünki onları səsləndirən elektrik enerjisi yox idi. İnformasiya qıtlığı insanlara iqtisadi blokadadan daha ağır təsir bağışlayırdı. Elektrik enerjisi ilə yanaşı, təbii qazın da kəsilməsi, hələ, üstəlik, dəmir yolunun fəaliyyətinin dayandırılması ilə naxçıvanlıların əlləri qoyunlarında qalmışdı. Bu diyarın çarəsiz sakinləri nə edəcəklərini bilmirdilər. Hansı tərəfə üz tuturdularsa, böyük bir çətinliklə üzləşirdilər. Dəhşətli vəziyyət ondan ibarət idi ki, bu çətinliklərin hələ ki, həlli yolu yox idi. Naxçıvan hərtərəfli blokadaya alınmışdı. Naxçıvanlılar isə bu blokadanı yaşamağa məhkum edilmişdilər.

Taleyin bir qisməti də o idi ki, belə ağır bir dövrü ulu öndərimiz də biz naxçıvanlılarla birgə yaşamalı olmuşdu. O da bizimlə birgə soyuq evdə, çıraq işığında yaşayırdı. Lakin böyük şəxsiyyətin varlığı naxçıvanlılar üçün böyük təsəlli idi. Onlar başa düşürdülər ki, Naxçıvan düyününü yalnız böyük Heydər Əliyev aça, Naxçıvana yeni həyatı O bəxş edə bilərdi. Elə bu səbəbdən də naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşərək həmin ağır illərdə Onunla birlikdə mübarizə apardılar. Ulu ­öndərin qonşu dövlətlərlə danışıqlar aparması hesabına muxtar respublikanın elektrik enerjisi təminatında bir qədər müsbətə doğru dəyişiklik olsa da, lakin bu, azlıq edirdi. Dəmir yolunun blokadaya alınması nəticəsində ölkə paytaxtından neft, solyarka kimi yanacaqların gəlməməsi elektrik enerjisinə olan tələbatı gündən-günə artırırdı. Çünki artıq elektrik enerjisindən evlərin qızdırılmasında da istifadə olunurdu. 70 il Sovetlər Birliyi dövründə diqqətdən kənarda qalan elektrik təsərrüfatının vəziyyəti isə olduqca acınacaqlı idi. Transformator stansiyaları, elektrik xətləri insanların həyatı üçün real təhlükə mənbəyi idi. Elektrik enerjisinin zəif olması bu xətləri bir qədər də sıradan çıxarmışdı. Hələ sonralar camaatın bu zəifliyi aradan qaldırmaq üçün o zamanlar “iki faza” üsulundan istifadə etmələri isə naqilləri tam yararsız vəziyyətə salmışdı. Həmin dövrlərdə bu üsuldan istifadə edən neçə-neçə insan ehtiyatsızlıq səbəbindən həyatını itirdi.

Bir müddət sonra artıq muxtar respublika sakinləri fasilələrlə verilən elektrik enerjisindən istifadəyə alışmağa başlamışdılar. “İnsan zülmə tabedir” deyimi ilə artıq blokada insanları da həyatlarını əvvəllər 2 saat yanıb 6-8 saat olmayan, sonra 4 saatdan bir 2 saat, daha sonralar isə 2 saatdan bir 2 saat verilən işıq normasına uyğunlaşdırmışdılar, çünki başqa çarə yox idi. Bu isə qonşu dövlətlərdən alınan, Araz Su Elektrik Stansiyasında istehsal olunan 10 meqavat, 1992-ci ildə istifadəyə verilən Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında istehsal edilən 60 meqavatlıq elektrik enerjisi hesabına idi.

Muxtar respublikada enerji resursları var idi. Lakin blokadanın yaratdığı çətinliklər həmin resurslara çıxış imkanlarını məhdudlaşdırmışdı. Bunun üçün öncə muxtar respublikanın iqtisadi vəziyyəti dirçəldilməli idi. Ulu öndərimizin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra – 1993-1995-ci illərdə Naxçıvanda müşahidə edilən durğunluqdan sonra verdiyi qərarla buna nail olundu. Belə ki, 1995-ci ildə cənab Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyətə başlayandan sonra dirçəldilən muxtar respublikada artıq enerji resurslarına çıxmaq imkanları da yarandı.

Beləliklə, 2006-cı ildə 4,5 meqavat gücündə Heydər Əliyev Su Anbarı üzərindəki elektrik stansiyası, həmin ildə Babək rayonunda 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 2010-cu ildə Ordubad rayonunda 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” Su Elektrik Stansiyası, həmin ildə 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyası, 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası, (2017-ci ildə stansiyanın gücü daha 2 meqavat artırılaraq 22 meqavata çatdırılmışdır), 2019-cu ilin fevral və 2020-ci ilin iyul aylarında Kəngərli rayonunun Qabıllı kəndində 2 və 3 meqavat güclərində Günəş Elektrik stansiyaları istifadəyə verilmişdir. Ordubad rayonunda gücü 36 və 15,6 meqavat gücündə olan Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi davam etdirilir. Çox qürurvericidir ki, əgər 1995-ci ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 10-a çatdırılmışdır. Əgər 1995-ci ildə muxtar respublikada 111 milyon 500 min kilovat-saat elektrik enerjisi istehsal olunmuşdursa, 2019-cu ildə 418 milyon 385 min kilovat-saatdan çox elektrik enerjisi istehsal olunmuşdur.

Göründüyü kimi, muxtar respublikanın iqtisadi gücü artıqca bir-birinin ardınca yeni elektrik stansiyaları yaradılmaqla 1990-cı illərin enerji qıtlığının üstündən xətt çəkilmiş, hələ, üstəlik, muxtar respublikadan uzaq gələcəyə hesablanmış enerji təminatı yaradılmışdır. İndi bu gözəl diyarın şaqraq suları, bol günəşi, sərin küləkləri həm də evlərimizin gur işığı, insanların bərpa olunan enerji təhlükəsizliyinin təminatıdır.

Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək”.

Bəli, o gün gəlib çatıb. Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları enerjiyə olan daxili tələbatı tam ödəməklə yanaşı, həm də elektrik enerjisinin ixracına imkan yaratmışdır. Belə ki, 2019-cu ildə muxtar respublika 34 milyon 188 min kilovat-saat elektrik enerjisi ixrac etmişdir. 30 ilin əvvəlində çıraq işığına möhtac qalan Naxçıvan bu gün bərpa olunan enerji sahibidir, enerji ixracatçısıdır. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında nəinki elektrik təminatında, bütün sahələrdə yüksək inkişafa nail olunmuşdur. Deməli, hər hansı bir resurs hər zaman insanların təminatı deyil. Təbii ki, həmin resurslar illərlə istifadəsiz, əl dəyməmiş qalarsa, “yol” gözləyərsə. Necə ki, 70 ildə də muxtar respublikanın neçə-neçə resursları gözlədilmişdi... Lakin ötən 25 il təsdiq, həm də sübut etdi ki, resurslara doğru gediləndə onlar insanların ehtiyacına son qoya, təminatına çevrilə bilir. Bunu isə yalnız işıqlı zəka sahibləri reallaşdıra bilirlər. Muxtar respublikamızın enerji resursları da məhz belə nurlu zəka ilə işıqlandırıldı. Elə işıqlandırıldı ki, bu böyük diyarı çıraq işığından enerji ixracatçısına çevirdi.

Mətanət Məmmədova

Əməkdar jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: