Günün şeiri - FOTOLAR

A- A A+

Bu gün Xalq şairi Məmməd Arazın anım günüdür. 1 dekabr 2004-cü ildə dünyaya gözlərini əbədi yuman şair  Fəxri xiyabanda dəfn olunub.

Xatırladaq ki, Məmməd Araz 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində anadan olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyun 2013-cü il tarixli Sərəncamına əsasən Xalq şairinin doğulub boya-başa çatdığı doğma kəndində ev muzeyi yaradılıb.

NUHÇIXAN İnformasiya Agentliyi şairin şeirlərini öz oxucularına təqdim edir:

Azərbaycan - dünyam mənim

Azərbaycan – qayalarda

bitən bir çiçək,

Azərbaycan –

çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı

vəsf eləyərək,

Azərbaycan dünyasından

baxar dünyaya.

 

Azərbaycan mayası nur,

qayəsi nur ki...

Hər daşından alov dilli

ox ola bilər.

"Azərbaycan!" deyiləndə

ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,

Oğulların göz atəşi gözəl əridir.

Azərbaycan səhərinin

bəbəklərində

Qütb ulduzu,

dan ulduzu gözəlləridir.

 

Tariximə qara xətli hicri, miladi

Qılıncların qan ağzıyla

yazılmadımı?

Babaların boz çöllərə bənzər

Muradı

Qızıl bayraq

dalğasından yaz almadımı?!

 

İllər olub-kürrələrdə

dəmir olmuşuq.

Sərhədlərdə dayanmışıq

küləkdən ayıq.

Od gölündə,

buz çölündə gəmi olmuşuq,

Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,

Dalğalandı Sabirlərin

ümman dünyası,

Azərbaycan qatarı da yollara çıxdı

Dağılanda Qoca şərqin

duman dünyası.

 

Azərbaycan mayası nur,

qayəsi nur ki...

Hər daşından alov dilli

ox ola bilər.

"Azərbaycan!" deyiləndə

ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

 

Qırx doqquz yaşım

14 oktyabr - qırx doqquz yaşım...

Görüşdük onunla xəstəxanada.

Əyləşib dərmanım, dərdim yanaşı,

Təklikdən qorxanda təklənir adam.

 

İl qaldı bir əsri yarı bölməyə,

Bəs sonra? -

Sonranın sonu görünməz.

İşığın qəfildən dönər kölgəyə,

Od elə donar ki, donu görünməz.

 

Çaylara qol olan çağlarım hanı,

Gəzəm, görməyim yox, baxmağım qalıb.

Üfüqlər dalında qovum, qovdanım,

Üfüqlər qaşında çaxmağım qalıb.

 

Hər səsi eşitmir əsrin qulağı,

Özümə yağışam, özümə çətir.

Fikrimin çəkisi çəkimdən ağır,

Dartmaq da çətindi,

Atmaq da çətin...

 

Yolumu gözləyir bir donqar yoxuş,

Arxada uçurum var, qarşıda qala,

Dur, daha qələm də, söz də yorulmuş,

Dur, azca qurdalan, azca xırdalan!..

 

Baxıram bu aləm öz aləmində,

Mən açan çiçəyəm,

Solan yarpağam.

Nə vaxtsa, dünyanın duru dəmində

Yenidən dünyaya qayıdacağam.

 

Hardasa, nə vaxtsa tökülən dolur,

Qum üstə arzular göyərir onda.

Bir ömrü axırdan əvvələ doğru

Yaşayan olacaq mən olmayanda.

 

Ömrün öz tufanı ömrümü didir,

Yox ayrı dərmanım dözümdən özgə.

Qırx doqquz yaşıma əlvida dedim,

Bir kimsə bilmədi özümdən özgə.

 

Saç ağartdım

Saç ağartdım: söz yolunda,

Sevda yolunda.

Təsbeh kimi dənələndim qovğa yolunda,

Yolağasız yolçu gördüm dünya yolunda,

Saç ağartdım,

Saç ağartdım.

 

Bir ağ üzə üz söykədim, qubarım itdi,

Hansı qəlbə qıfıl asdım - açarım itdi.

Boz dumanla həmdil oldum, qatarım itdi.

Saç ağartdım,

Saç ağartdım.

 

Qara kölgəm güzgü bilib divara sindi,

Buz sinəmi elə sıxdım, divar isindi.

İsmi dönük, divar dedim, divar "isim"di...

Saç ağartdım,

Saç ağartdım.

 

O ürəkmi? Çaylağı boş, dəhnəsi boşdu?

Duz-çörəyi tapdayanın təhnəsi boşdu, -

Söz anlamaz boyadımış bayatı qoşdu,

Saç ağartdım,

Saç ağartdım.

 

Dil yalandan damla içsə - düzü ağarmaz,

Göz gülürsə, göz yaşının duzu ağarmaz,

Araz boyu ha daş çapdım - izim ağarmaz...

Saç ağartdım,

Saç ağartdım.

 

Əsgər məktubu

Əsgər məktubları alıram hərdən,

Məhəbbət, cəsarət, dəyanət dolu.

Neçə tərifçinin təriflərindən

Bir əsgər məktubu gərəkli olur.

Əsgər nə istəyir? –

Bir təzə nəğmə.

Nəğməsiz darıxır əsgər tüfəngi.

Bir əsgər qəlbində qopan zümzümə

Bir Vətən daşını isidəcəkdir.

Bir əsgər yazır ki, “sərhədçiyəm mən.

Əlimdə tüfəngdir, dilimdə şeir.

İnamla, qeyrətlə qorunur Vətən.

Bunlarsız silahlar lal-kardır”, – deyir.

Bir nəğmə əsgərin dodaqlarında,

Sərhəd küləyinə həmsöhbət olar.

Bir nəğmə əsgərin barmaqlarında

Tətiyə söykənən cəsarət olar.

Əsgər məktubunda torpaq göyərir,

Meşələr uzanır üfüqlərəcən.

Əsgər məktubunda bir dağ göyərir –

Ətək də Vətəndir, zirvə də Vətən.

Əsgər məktubunda quş səksəkəsi,

Əsgər məktubunda qaya təmkini.

Bir nişan həsrəti,

Bir toy həvəsi

Hər sətri keşikçi nidası kimi...

Əsgər məktubunun cavabı çətin,

Əsgər məktubunun cavabı asan.

Yetişməz əsgərə söz məhəbbəti,

Yetişməz, sözlərin əsgər olmasa.

      

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: