“Naxçıvanı bütün dünya ilə birləşdirəcək kommunikasiyaların açılması qədim diyarı mühüm iqtisadi, turizm və tranzit mərkəzə çevirəcək”.

A- A A+

Bu sözləri NUHÇIXAN İnformasiya Agentliyinə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının üzvü Sahil Tahirli deyib.

“Dekabrın 1-i daha bir tarixi və müqəddəs günü yaşadıq”,- deyən Şura üzvü bildirib ki, müqəddəs torpaqlarımızın azadlığı ilə 30 ildir öz içimizdə əsir saxladığımız qürurumuz tamamilə özünə qayıtdı. “Bu, adi hisslər deyil, minilliklər boyu bu coğrafiyada yaşayan, yaradan, quran xalqımızın döyüşkənliyinin, mübariz ruhunun özünütəsdiqi, Laçının yenidən doğuluşu idi. Beləliklə, Azərbaycan öz əraziləri üzərində nəzarəti tam şəkildə bərpa etdi və bu, böyük Tarixi Qələbənin son akkordu idi. Eyni zamanda, digər tarixi ərazilərimiz kimi, Laçının işğaldan azad olunması 27 ildir kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının işğalda olan torpaqlarımızın qeyd-şərtsiz boşaldılmasına dair qətnamələrinin Azərbaycan və onun ordusu tərəfindən yerinə yetirilməsi faktıdır”.

Sahil Tahirli deyib ki, işğal və müharibənin Ermənistana böyük fəlakətlər gətirdiyi indi bütün dünyaya gün kimi aydındır: “İki əsrdir “Dənizdən-dənizə Ermənistan” kimi mifik və çürük ictimai-siyasi və ideoloji kursun əsiri olan ermənilərin artıq özləri də etiraf edirlər ki, bu yol onları böyürü üstə qoyub. Ermənistan prezidentinin keçmiş baş müşaviri, Miçiqan universitetinin professoru, tarixçi Jirayr Liparityan BBC telekanalına müsahibəsində də bu məqama toxunub. O deyib ki, Ermənistanda hakim olan milli ideologiya erməni xalqına yalnız məğlubiyyət gətirib. Hətta Birinci Qarabağ Müharibəsindəki qələbəmizi də məğlubiyyətə çevirə bildik. Biz arzularımızın, mümkünsüz olan istəklərin ardınca getdik və əldə saxlaya biləcəyimiz şeyləri də itirdik.

81 yaşlı Lipartiyanın Ermənistanda ciddi ideoloji dəyişikliyə ehtiyac olduğunu vurğulamağı bir daha onu göstərir ki, Türkiyə, Azərbaycan, eləcə də digər ölkələrə ərazi iddiaları irəli sürən ermənilər ordumuzun “dəmir yumruğ”undan sonra yuxudan ayılıblar”.

Sahil Tahirlinin sözlərinə görə, müharibədə darmadağın olan və böyük məğlubiyyət acısı dadan Ermənistan sosial-iqtisadi sahədə də iflas həddinə çatıb. Ermənistanın sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryanın bu günlərdə mətbuata “Ölkəni çörək qıtlığı, bahalaşma təhlükəsi gözləyir” mövzusunda açıqlamasını xatırladan Şura üzvü həmin açıqlamadan sitat gətirib: “Təəssüf ki, bizdə ərzaq təhlükəsizliyi strategiyaları yoxdur. Müstəqilliyin əldə edilməsi günündən Ermənistan kənd təsərrüfatı ilə məşğul olmayıb. Yaxın gələcəkdə Ermənistanda ərzaq təhlükəsizliyi, ilk növbədə çörəyin mövcudluğu, həmçinin qiymət artımı nöqteyi-nəzərindən ciddi problemlər yaranacaq. Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edib, bunun 150 min tonu işğal edilmiş ərazilərin payına düşüb. Biz Ermənistanda istehsal edilən 75%-dən çox taxıl itirdik. Nəzərə alsaq ki, ABŞ dollarının məzənnəsi artmağa davam edəcək, onda bizdə çörəyin mövcudluğu və onun qiymətilə bağlı problem yaranacaq”.

Digər bir məqam isə Ermənistanın xarici bazarlara çıxışının olmamasıdır.  Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyanın sözləri ilə desək, "Türkiyə ilə sərhədlər bağlıdır, Rusiya bazarlarına da çıxışımız yoxdur. Ağır günlərdən keçirik. İmzalanan bəyanat bizim üçün fürsətdir. Bəlkə də Türkiyə dəniz limanlarını, Azərbaycan isə öz bazarlarını bizə açar. Əgər bu baş verərsə, bizim üçün əla fürsət olar."

Əvəzində isə Azərbaycan bu illər ərzində özünün ərzaq, enerji, müdafiə təhlükəsizliyini tam təmin edib, beynəlxalq münasibətlər sistemində böyük uğurlar qazanıb”, -deyən Sahil Tahirli bildirib ki, müharibədən sonra ölkəmiz yeni quruculuq və inkişaf dövrünə qədəm qoyur: “Ölkəmizin bütün şəhər və kəndləri, o cümlədən illərdir blokadada qalan, Qarabağla oxşar taleni yaşayaraq Azərbaycandan ayrı düşən  Naxçıvan Muxtar Respublikası üçün də yeni dönəm başlayır. Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin Laçının işğaldan azad edilməsi münasibətilə xalqımıza bugünkü müraciətində də Naxçıvan məsələsi ön planda idi. Prezidentimiz dedi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Doqquzuncu bənddə göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır”.

Sahil Tahirli deyib ki, Naxçıvanı bütün dünya ilə birləşdirəcək kommunikasiyaların açılması qədim diyarı Avrasiyanın cənnətinə, mühüm iqtisadi, turizm və tranzit mərkəzinə çevirəcək: “Naxçıvan illərdir blokadada yaşasa da, böyük inkişaf yolu keçib, bütün göstəricilərə görə ölkəmizin ən qabaqcıl iqtisadi rayonu olmağı bacarıb. Yüzlərlə sənaye və istehsal müəssisələrinin qurulması onu deməyə əsas verir ki, növbəti illərdə Naxçıvan duz,  mineral sular, tikinti, kənd təsərrüfatı, sənaye məhsullarını yeni açılacaq dəmir yolu və quru yolları ilə rahatlıqla dünya bazarlarına çıxara biləcək. Həmçinin Naxçıvan öz iqtisadi və təbii resursları ilə Qarabağın yenidən tikilib-qurulmasında da  yaxından iştirak edə biləcək. Necə ki Naxçıvan ordusu Qarabağın işğaldan azad edilməsində yaxından iştirak etdi, Naxçıvan döyüşçüləri Şuşaya qədər döyüş yolu keçərək böyük qəhrəmanlıqlar göstərdi, şəhidlər verdi".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: