“Naxçıvan İslam Mədəniyyəti Paytaxtı- 2018” devizi altında 1789 tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 2018-ci ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib. Nazir Natəvan Qədimova qeyd edib ki, ötən dövr ərzində muxtar respublikanın mədəni-maarif ocaqlarında müxtəlif konfranslar, kitab müzakirələri və təqdimatları, ədəbi-bədii gecələr, açıq və ustad dərsləri keçirilib, sərgilər təşkil olub. Həmçinin əhalinin asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə tamaşalar, filmlər göstərilib, konsert, festival və müsabiqələrin keçirilməsi də diqqətdə saxlanılıb.
Natəvan Qədimova bildirib ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və onun sisteminə daxil olan müəssisə və təşkilatlar tərəfindən “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı-2018” mədəniyyət ilinə həsr olunmuş 156, bu deviz adı altında isə 1789 tədbir keçirilib.
Hesabat dövründə muzeylərin fəaliyyəti də nəzarətdə saxlanılıb. 2018-ci ilin I yarımili ərzində muzeylərə 670 yeni eksponat təqdim edilib. Ötən dövr ərzində Duz Muzeyi istifadəyə verilib.
Sonra məruzə ətrafında müzakirələr olub, çıxışlar dinlənilib.
Sonda Natəvan Qədimova bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrə görə tarixi abidələrin bərpası kimi qorunmasına da diqqət artırılmalı, nazirliyin tabeliyində olan müəssisə və təşkilatların fəaliyyətinin səmərəli təşkilinə nail olunmalıdır.
Mədinə Rəhimli