Nəqliyyatın “qan damarı” adlanan dəmir yolu ötən dövr ərzində böyük inkişaf yolu keçib. Tarixə nəzər salsaq görərik ki, 1902-ci ildə Aleksandropol-Uluxanlı-İrəvan dəmiryol xəttinin tikintisi başa çatdıqdan sonra Uluxanlıdan Culfaya dəmiryol xəttinin çəkilişinə başlanılıb. 1903-cü ildə Şərur və 1905-ci ildə Naxçıvan stansiyaları istismara buraxıldıqdan sonra uzunluğu 189 verst olan və Zaqafqaziya dəmiryolunun tərkibində sayılan Uluxanlı-Culfa xəttinin çəkilişi 1908-ci il yanvarın 20-də başa çatdırılmışdır. Yolda parovozların və vaqonların təchizatı və təmiri məqsədilə Naxçıvanda əsas parovoz deposu, Culfada isə dövriyyə parovoz deposu yaradılmışdır. Həmin vaxt Naxçıvanda sənayeni və nəqliyyatı inkişaf etdirmək məqsədilə Araz çayı boyunca Mincivan-Culfa sahəsində də dəmiryol xəttinin çəkilişi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Lakin, 1905-ci ildən çar hökümətinin getdikcə zəifləməsi, inqilabi hərəkatın bütün Rusiyanı, o cümlədən Azərbaycan Dəmir Yolunu bürüməsi bu kimi işlərin arxa plana keçməsinə səbəb olmuşdur. 1914-cü ildə başlanan Birinci Dünya Müharibəsi dəmir yolunun da işini xeyli çətinləşdirdi.
1920-ci ilin dekabr ayının 2-də Naxçıvan İnqilab Komitəsinin qərarı ilə dəmir yolunun Naxçıvan şöbəsi yaradılmışdır. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 20 oktyabr 1926-cı il tarixli qərarı ilə Naxçıvan Dəmir Yolu stansiyasının rəsmi açılışı olmuşdur. Şərur-Culfa sahəsindəki yol təsərrüfatı qurğularına xidmət göstərmək məqsədilə 1928-ci ildə Naxçıvan Yol Distansiyası fəaliyyətə başlamışdır. 1936-cı ildə Ələt-Mincivan xəttinin tikintisi başa çatmış və istismara buraxılmışdır. Ümumi uzunluğu 126-km olan Mincivan-Culfa dəmiryol xətti isə Naxçıvanı Azərbaycanın paytaxı ilə birləşdirmişdir. Bu sahədə yol təsərrüfatına xidmət məqsədilə həmin ilin sentyabr ayında Ordubad Yol distansiyası yaradılmışdır.
İkinci dünya müharibəsi illərində Naxçıvan dəmiryolçuları da ciddi sınaqlara məruz qalmışlar. Həmin illərdə qatarların hərəkəti xüsusi hərbi qrafikə keçirilmiş, sərnişin daşınması məhdudlaşdırılmışdı. Müharibədən sonra 1945-ci ilin iyulunda Dövlət Müdafiə Komitəsinin qərarı ilə müstəqil Azərbaycan Dəmir Yolu yaradılmış və quruculuq işləri həyata keçirilmişdir. Bütün təsərrüfatlarda nasazlıqlar tədricən aradan qaldırılmış, yük dövriyyəsi və parovozların orta sutkalıq məhsuldarlığı yüksəlməyə başlamışdır.
O dövrə qədər keçmiş SSRİ dəmir yolları sistemində elektrikləşmə, müasir rabitə və işarəvermə, dartı qüvvələrinin tətbiqi, lokomotiv və vaqon parklarının yeniləşməsi, yeni xəttlərin çəkilişi, stansiyaların texniki inkişafı sürətlə həyata keçirilirdi. Azərbaycan dəmiryolu təsərrüfatı isə diqqətdən kənarda qalaraq, inkişafdan geridə qalmışdır. Çünki, o vaxtkı dövrdə sənayesi bir o qədər də inkişaf etməmiş Azərbaycan aqrar respublika simasında olaraq qalırdı və dəmiryolunda inkişafın səviyyəsinə bu konteksdən baxılırdı. Dahi rəhbər Heydər Əliyevin dəmir yoluna verdiyi böyük əhəmiyyət, onun inkişafına göstərdiyi qayğı qısa zaman kəsiyində öz bəhrəsini verdi. Dəmiryolu üçün ən əsaslı sayılan yol təsərrüfatının və stansiyaların inkişafı ön plana çəkildi, yeni vağzal binaları inşa olunaraq, stansiyalarda yoldəyişən və işarəvermə qurğularının tam dispetçer mərkəzləşməsinə qoşulması təmin edildi. Bir əsr yarıma yaxın dövr ərzində ölkəmizin dəmir yolları şanlı və keşməkeşli tarixi yaşamış, respublikamızda dəmir yolu sisteminin möhkəm təməllər üzərində qurulmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Dəmiryolu təsərrüfatının ən sürətli və parlaq dövrü ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edir. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. Muxtar respublika üzrə artan yük və sərnişin daşımasına olan təlabatın təmin edilməsi, eləcə də yüksək səviyyədə nəqliyyat xidmətinin təşkil edilməsi məqsədilə 1976-cı ildə dəmir yollarının İmişli stansiyasındakı mərkəzi aparatı ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Naxçıvan şəhərinə köçürülərək, Naxçıvan Hissəsi kimi müstəqil fəaliyyətə başlamışdır.
1988-ci ildə Culfa-Şərur sahəsinin elektrikləşdirilməsinin başa çatması nəticəsində yük və sərnişin daşınmasında elektrovoz dartısından istifadə olunmasına başlanmışdır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən intensiz şəkildə həyata keçirilir, hər il dəmir yolu nəqliyyatı infrastrukturunun daha da müasirləşdirilməsi və dəmir yolu işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ardıcıl işlər davam etdirilir. Dövlət başçısı tərəfindən formalaşdırılan uğurlu iqtisadi model ölkəmizin, o cümlədən muxtar respublikamızın hərtərəfli, dinamik inkişafını təmin edərək, bütün sahələrdə olduğu kimi dəmir yolu nəqliyyatı sistemində də yüksək nəaliyyətlər əldə olunmuşdur.
Bu gün Naxçıvan dəmir yolu infrastrukturu inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” Muxtar Respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. İnkişaf Proqramına uyğun olaraq, mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında yerləşən Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və Radio-Rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq Qarabörk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanı yaradılmışdır. 2011-ci ilin may ayından isə Vəlidağ stansiyasından Qarabörk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və Qarabörk stansiyalarına travertin-mərmər bloklarının daşınmasına başlanılmışdır. Dəmir yolu nəqliyyatı sisteminin idarə olunması, eləcə də yenidənqurma işlərinin həyata keçirilməsi üçün ixtisaslı kadrların hazırlanmasına da xüsusi diqqət yetirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2015-ciil tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” kı Sərəncamının icrasına uyğun olaraq, Naxçıvan Dövlər Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün müasir əyani dərs vəsaitləri ilə təmin olunan auditoriya istifadəyə verilmişdir.
Dəmiryolçu peşəsinin sirlərinin dərindən öyrənilməsi, praktik biliklərin artırılması və kadrların hazırlanması məqsədilə hər il Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri dəmir yolunun ayrı-ayrı strukturlarında istehsalat və diplom praktikası keçirlər. Hazırda universiteti və kolleci bitirmiş 26 nəfər məzun dəmir yolunun müxtəlif strukturlarında əmək müqaviləsinə əsasən müvafiq vəzifələrdə çalışırlar.
Dəmiryolunun fəaliyyətinin dayandırılması ilə 30 ilədək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında yaxın gələcəkdə dəmiryolu bərpa olunacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları Bəyanata əsasən Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilmişdir. Tərəflərin razılığı ilə yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Bununla Naxçıvanın blokadasına son qoyulacaq, muxtar respublikada yeni inkişaf mərhələsinə başlanılacaqdır.
Naxçıvan dəmiryolçuları bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində quracaq, yükdaşıma ehtiyacını ödəməklə, sərnişinlərə yüksək səviyyədə nəqliyyat xidməti göstərəcək və muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.
“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyəti