Hər il muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərindən Naxçıvan şəhərinə də böyük pay düşür, estetik zövqə uyğun, özünəməxsus memarlıq üslubunda yeni binalar ucaldılır, mövcud olanlar isə əsaslı şəkildə təmir olunur. Quruculuq işləri çərçivəsində yol infrastrukturu müasir formaya salınır, yeni istirahət məkanları tikilərək insanların istifadəsinə verilir.
2020-ci ildə də muxtar respublikamızın bütün bölgələrində, o cümlədən Naxçıvan şəhərində quruculuq işləri öz əvvəlki ritmi ilə davam edir. Aparılan quruculuq tədbirləri çərçivəsində səhiyyə müəssisələri üçün də yeni binalar tikilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi üçün tikilən bina da məhz belə quruculuq obyektlərindəndir.
Bu il inşasına başlanılan binada işlər sürətlə davam etdirilir. Tikinti işləri başa çatan yeni obyektdə bu günədək xeyli iş görülüb, kommunikasiya xətləri çəkilib, dam örtüyü vurulub, suvaq və alçı işləri yekunlaşıb. Hazırda binanın pəncərə və qapıları salınır, boya işləri görülür. “Nəqşicahan inşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan işlər öz keyfiyyəti ilə də diqqəti cəlb edir.
Məlumat üçün bildirək ki, mərkəzin yeni binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Binanın zirzəmi hissəsində qazanxana, yeməkxana, camaşırxana, anbar, elektrik, təsərrüfat və soyunub-geyinmə otaqları, həmçinin təsərrüfat müdiri və xadimələr üçün otaqlar olacaq. Birinci mərtəbədə laboratoriyalar, qeydiyyat, sanitar-gigiyena, toksikoloji, bakterioloji, parazitoloji, yaxma götürmə, mühafizə otaqları və laboratoriya müdiri üçün otaq yer alacaq. Binanın ikinci mərtəbəsində isə həkim və həkim köməkçiləri, direktor, müavin, bölmə müdiri, şöbə müdiri, mühasib, sanitar həkim və dezinfektor təlimatçısı üçün otaqlar olacaq.
Mərkəz nitratometr, dozimetr, PH-metr, termohiqrometr, nimokulyar mikroskop, avtoklav, distilyator, sentrifuqa, analitik tərəzi, dərin dondurucu, termostat, quruducu və soyuducu şkaflar, həmçinin köməkçi tibbi ləvazimatlarla təmin ediləcək. Mərkəz ilə rayon şöbələri arasında lokal şəbəkə yaradılacaq, yeni avadanlıqlardan istifadə ilə bağlı kurslar təşkil ediləcəkdir.
Bir sözlə, mərkəzdə bütün dünya üçün təhlükə olan epidemioloji xəstəliklərin vaxtında təyin edilməsi və qarşısının alınması, həmçinin muxtar respublika sakinlərinin pandemiya dövründə virusdan etibarlı şəkildə qorunması və müalicəsi üçün lazımi şərait yaradılacaq.
Hüseyn Əsgərov