Görkəmli səhiyyə təşkilatçısı - Əqil Mehdiyev

A- A A+

Naxçıvan səhiyyəsində özünəməxsus iz qoyan fədakar həkim, ictimai xadim, xalqına bağlı ziyalı, sözün əsl mənasında, müəllim, ağsaqqal və əsl vətəndaş olan Əqil Səfər oğlu Mehdiyevdən bəhs etmək istəyirəm. Öz sadəliyi ilə xalqın rəğbətini, hörmətini qazanan, hər zaman böyük məhəbbət və minnətdarlıqla xatırlanan tanınmış həkim, ictimai xadim Əqil Mehdiyev 1920-ci ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb. Nehrəm kənd məktəbində təhsil almağa başlayan Əqil Mehdiyev daha sonra təhsilini Bakı şəhərindəki 18 nömrəli orta məktəbdə davam etdirib. Bu məktəbdə onun müəllimlərindən biri nakam şairimiz Mikayıl Müşfiq olub.

Orta təhsilini 1938-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli orta məktəbdə başa vuran, 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olunan gələcəyin səhiyyə fədaisi müharibənin başlanması səbəbindən təhsilini yarımçıq saxlamaq məcburiyyətində qalıb və müharibəyə yollanıb. Müharibə başa çatdıqdan sonra – 1947-ci ildə Əqil Mehdiyev Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsinə qəbul olunur və həmin institutu müvəffəqiyyətlə başa vurur.

O, 1955-ci ilə qədər Nehrəm kənd məktəbində müəllim və məktəb direktoru kimi fəaliyyət göstərir. Müəllim işlədiyi müddətdə işgüzarlığı, qayğıkeşliyi, prinsipiallığı ilə tanınan Əqil müəllimdə yenidən həkim olmaq istəyi yaranır. Təbii ki, bu yaşda yenidən tələbə olmaq, Tibb İnstitutunda təhsil almaq insandan qətiyyət, cəsarət, iradə tələb edir. Amma o, bunu da bacarır. Xəyalını amala çevirən Əqil Mehdiyev istəyinə nail olur və yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olunur. Təhsil almaqla bərabər, institutun kitabxanasında işləyən Əqil Mehdiyev 39 yaşında institutu bitirir.

O, institutu bitirdikdən sonra – 1959-cu ildə Babək rayonunun Qahab kənd xəstəxanasında baş həkim kimi fəaliyyət göstərməyə başlayır. 1960-cı ilin oktyabr ayında Nehrəm kənd xəstəxanasının baş həkimi təyin olunur və 1973-cü ilədək həmin vəzifədə çalışır. O vaxtlar Nehrəm kənd xəstəxanası nəinki Naxçıvanda, hətta Azərbaycanda nümunəvi tibb ocaqlarından biri kimi tanınırdı. Əqil həkimin gəlişi ilə Nehrəm kənd xəstəxanasının fəaliyyətində ciddi dəyişiklik baş verdi. Onun səyləri nəticəsində xəstəxanada stomatoloq və pediatr şöbələri yaradıldı. Təcili tibb xidməti daha da yaxşılaşdırıldı, xəstələr xəstəxanaya cəlb edildi. Ən böyük problemlərdən biri olan evdə doğuşların qarşısı, demək olar ki, tamamilə alındı və nəticədə uşaq ölümü xeyli azaldı. Bütün bunlar həmin dövr üçün səhiyyənin ən böyük uğuru, müvəffəqiyyəti idi.

Ömür yolunda rast gəldiyi Mikayıl Müşfiq kimi insanlar, bəlkə də, müəyyən qədər yön vermişdi Əqil həkimin xarakterinə. Onun bütün fəaliyyətində Vətən sevgisi, sədaqət və səmimiyyət duyulurdu. Əqil həkim çox kiçik yaşlarından əzab-əziyyətli bir həyatın qoynuna atılmışdı ki, bu da onu dözümlü, səbirli, mübariz etmişdi. Ona görə də 39 yaşında, böyük çətinliklərdən sonra əldə etdiyi həkimlik peşəsini və ağ xalatın müqəddəsliyini daim qorumağa çalışırdı Əqil həkim...

Nehrəm kənd xəstəxanasında özünü bir həkim və təşkilatçı kimi təsdiq edən Əqil Mehdiyevin iş təcrübəsi, bacarığı diqqətdən yayınmır və o, 1973-cü ildə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilir. 1984-cü ilədək burada fəaliyyət göstərən Əqil həkim xəstəxanada bütün işləri qaydaya salmaqla yanaşı, həm də işçilər arasında hörmət, doğmalıq, birlik yaradır. Bu da xəstəxananın ümumi fəaliyyətində çox böyük dönüşə səbəb olur. Onun təşkilatçılığı ilə xəstəxana yeni tibbi avadanlıqlarla təmin olunur, çarpayı sayı 250-dən 400-ə çatdırılır. Təcili yardım xidməti təkmilləşdirilir, reanimasiya şöbəsi, ixtisaslı şöbələr açılır, həkimlərin peşəkarlığının artırılması üçün imkanlar yaradılır. Ən əsası isə, xəstələrə yanaşmada və müalicə metodlarında yeniliklərə imza atılır. Bütün bu nailiyyətlər məhz Əqil həkimin əzmi və zəhməti hesabına əldə edilir.

1984-cü ildən etibarən Nehrəm kənd xəstəxanasında həkim kimi fəaliyyətini davam etdirən Əqil Mehdiyev 1991-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yenidən Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilir. Həmin vaxt Vətənimiz üçün də çətin günlər idi. Azərbaycanın müharibə, Naxçıvanın isə həm də blokada şəraitində olduğu bir dövrdə Vətənin xidmətində durmağı özünə şərəf bilən Əqil həkim daha böyük məsuliyyətlə xalqa xidmət etməyə başlayır. O, həmin illərdə bir səhiyyə təşkilatçısı və bir həkim olaraq müharibədə yaralanan əsgərlərimizin həyatını xilas etmək kimi məsuliyyətli bir işin öhdəsindən layiqincə gəlir.

Əqil həkimin səmərəli fəaliyyəti, yüksək təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1995-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsinə təyin olunur. 2004-cü ilin iyul ayınadək həmin vəzifənin öhdəsindən layiqincə gəlir. Onun rəhbərliyi dövründə səhiyyə sistemində ciddi dönüş yaranır, Naxçıvan səhiyyəsinin inkişafı üçün bir çox layihələr həyata keçirilir. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında səhiyyə xidməti səviyyəsinin daha da yüksəldilməsi, bir çox müasir tibbi avadanlıqların xaricdən alınaraq Naxçıvana gətirilməsi, xəstəxanalarda yeni şöbələrin yaradılması və səhiyyə sahəsində ixtisaslı kadrların yetişdirilməsində Əqil Mehdiyevin rolu böyükdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olan Əqil Mehdiyev ictimai işlərdə də öz fəallığı ilə daim seçilib. O, 1997-ci ildən Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri, 2002-ci ildən isə Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini olub.

Əqil Mehdiyevin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərdə əmək rəşadətlərinə görə”, “Əməkdə fərqlənməyə görə” medalları, Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanı, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. Bu fədakar səhiyyə işçisi həm də “Azərbaycan SSR-in Əməkdar həkimi” fəxri adına layiq görülüb. Ona ən yüksək qiyməti isə məhz ümummilli liderimiz Heydər Əliyev verib. Dahi rəhbərin qayğısı ilə Əqil Mehdiyev 2001-ci ildə “Şöhrət” ordeni, 2003-cü ildə isə “İstiqlal” ordeni ilə təltif olunub.

Bu il tanınmış həkim və ictimai xadimin anadan olmasından 100 il ötür. Ömrünün 50 ildən çoxunu səhiyyə təşkilatçısı və həkim kimi muxtar respublika səhiyyəsinin inkişafına həsr edən Əqil Mehdiyevin əməyi bu gün də yüksək qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il 17 sentyabr tarixli “Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı onun fəaliyyətinə verilən ən yüksək qiymətdir. Sərəncama əsasən, “Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib və görkəmli səhiyyə işçisinin yubileyi muxtar respublikamızda yüksək səviyyədə qeyd olunur. Əqil Mehdiyev kimi Vətən, millət yolunda əməyi olan şəxsiyyətlərin bu cür yad edilməsi, yubileyinin qeyd olunması, əməyinin qiymətləndirilməsi Ali Məclis Sədrinin ziyalılarımıza verdiyi böyük dəyərin ifadəsidir.

Nə yaxşı ki, Naxçıvan səhiyyəsindən bir Əqil Mehdiyev keçdi... Bu torpaqlar ta qədimdən bu günədək neçə-neçə Əqil Mehdiyevlər yetişdirib və bundan sonra da yetişdirəcəkdir. Vətən qeyrətli oğulların çiynində Vətən olur. Bu torpağın Əqil Mehdiyev kimi millətini sevən, xalqının gələcəyini düşünən qeyrətli insanları var olduqca Vətənimiz də var olacaqdır.

Samrat Gəncəyeva

 Naxçıvan Muxtar Respublikası

 Səhiyyə nazirinin müavini

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: