Həyatın içindən - FOTOLAR

A- A A+

Fərqli taleləri yaşayan insanlarıq. Qismətimizə, taleyimizə düşən isə alın yazımızdır. Bəlkə də hər şey nağıllarda olduğu kimi fərqli ola bilərdi  həyatımızda. Ancaq nağıllar da xəyaldır axı... Həyat gözəl olsa da, bəzən sərtlikləri də olur. Hərəni bir cür sınağa çəkir. Kimini övladla, kimini sağlamlığı ilə, kimini də gözlərinin nuru  ilə...

Gözlər qəlbin aynasıdır  deyirlər.  Onlar yeganə orqandır ki, qarşısındakı insanı aldada bilmir. Gözlərimizlə görür, duyur, anlayır və hiss edirik. Gözlərin işığı itəndə isə həyat qaranlığa qərq olur. Deməli  gözlər həm də həyatın aynasıdır. Dünyamızı  işıqlandıran bu orqanla həyatın gözəlliklərini görürük. Lakin  həyatda bu xoşbəxtliyi yaşamayan, anadangəlmə, yaxud da sonradan hansısa bir bədbəxt hadisə nəticəsində gözlərinin işığını əbədilik itirən insanlar da var. 30 yaşlı gənc Elməddin Kərimov bu dünyanı 2 yaşınadək görə bilib, daha doğrusu, bu dünyanın iki ilinə şahidlik edib. O vaxtdan gözləri ömürlük qaranlığa qərq olsa da, qəlbi və həyatı işıqlıdır.  Ətrafında baş verənləri  gözləri ilə deyil, duyğularının, hisslərinin və könlünün  gözü ilə görür.

Elməddin 1990-cı ildə Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Gözlərinin görməməsi onun həyat eşqini söndürə, öyrənmək, təhsil almaq  istəyinə mane ola bilməyib. 1997-ci ildə Bakı şəhərindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində oxuyub. Təhsilini başa vurduqdan sonra Bakıda Gözdən Əlillər Cəmiyyətinin  nəzdində fəaliyyət göstərən kurslarda iştirak edib. 2014-cü ildə isə Naxçıvan Dövlət Universitetində İngilis dili müəllimliyi ixtisasına yiyələnib. 2015-ci ildə  Naxçıvan Müəllimlər İnstitutunda “Pedaqogika tarixi və Nəzəriyyəsi” üzrə    aldığı magistr təhsilini 2017-ci ildə uğurla başa vurub. Hələ tələbəlik dövründən 2012-ci ildən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində kompüter mütəxəssisi və Mərkəz tərəfindən çap edilən “Könül işığı” və “Şəfəq” jurnalının  Brayıl üzrə redaktorudur.  Elməddin həm də  Gözdən Əlillər üçün xüsusi ibtidai məktəbdə İngilis dilini tədris edir.  Görmə məhdudiyyəti olsa da, həyatda özünü təsdiqləyə bilən Elməddinin gördüyü iş isə xeyirxah bir işdir. O, özü kimi insanların ümid qapısıdır. Gözləri, baxışları insana çox şeyi deyir. Bu gözlərdə həyata sevgi və hüzn var.

 Hamı kimi onun da bir arzusu var həyatda- pilot olmaq istəyir.        

Görmə məhdudiyyətini heç zaman bəhanə etməyərək həyatın içində hər zaman aktiv olmağa çalışır. Məhdud fiziki imkanlılar üçün keçirilən idman yarışlarında iştirak edir, Beynəlxalq səviyyəli Gözdən Əlillər üçün hazırlanmış  Türkiyənin Mərkəzi Boğaziçi Universitetində yerləşən kitabxananın üzvüdür. “Kitab oxumaq insanların intellektual səviyyəsini artırır. Buna görə də hər kəs- görən də, görməyən də kitabın gücündən faydalanmalıdır” deyən  Elməddinin məhdud fiziki imkanlılara tövsiyəsi isə bu sözlər oldu:  “Həyata  gözəl düşüncə ilə yanaşsınlar, özlərini cəmiyyətdən təcrid etməsinlər. Elə bilməsinlər ki, onlar kimsəyə lazım deyillər,  hər şeyə rəğmən həyata tutunsunlar. Çünki həyat hər məqamda gözəldir”.

Dahi alman bəstəkarı Lüdviq Van Bethoven eşitmə qabiliyyətini 26 yaşında itirib. Ancaq bu ona hələ də sevilərək dinlənilən musiqi əsərlərini yaratmağa mane olmayıb. Kristi Braun anadan olanda həkimlər ona uşaq serebral iflici diaqnozu qoyaraq çox yaşamayacağını bildirirlər. Kasıb İrland ailəsində doğulan Kristi nəinki yaşayır, hətta gəzməyi, danışmağı, yazmağı və oxumağı da öyrənir. Təkcə sol ayağı işləsə də, sol ayağı onu bütün dünyada məşhurlaşdırır. Məhz sol ayağı ilə rəsmlər çəkir və dövrünün məşhur rəssamlarından olur.

Məhdud Fiziki İmkanlı Hüseyn Qurbanov isə 1998-ci ildə Şərur rayonunun Düdəngə kəndində anadan olub. 1 yaşından  keçirdiyi serebral iflic xəstəliyi nəticəsində yerimə qabiliyyətini itirərək dəmir dəyənəklərə məhkum olub. Hüseyn özünü heç zaman cəmiyyətdən təcrid etməyib. Əksinə, əzmi və iradəsi ilə bir gün öz ayaqları üzərində dəyənəksiz yeriyə biləcəyinə ümid edib hər zaman. Təhsildən də kənar qalmayıb. Hazırda NDU-da İqtisadiyyat ixtisası üzrə təhsil alır. Həm müəllimləri, həm də tələbə yoldaşları ona hər zaman dəstək olurlar. Hüseyn Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində işlə də təmin olunub. Qrafik dizayner üzrə Kompüter mütəxəssisidir. İş həyatında yeni insanlar tanıyıb, yeni dostluqlar qazanıb  və ən əsası isə Fiziki məhdudiyyətli olsa da, cəmiyyət üçün faydalı bir insan olduğunu dərk edib. Həyat ona fiziki məhdudiyyətlər qoysa da, istedadının qarşısını kəsməyib. İncəsənətə olan həvəsi, istedadı ilə də ürəyindəki arzuları kətana köçürərək gözəl və düşündürücü rəsmlər işləyir. Həyata nikbin baxışlarla baxan  Hüseyn  “əgər yerimək imkanım olsa idi, futbolçu olmaq istəyərdim”,- deyir.

   Sağlamlıq imkanları məhdud şəxslərin müalicəsi və reabilitasiyasında  Naxçıvan şəhərində fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin rolu böyükdür. Belə ki, bir vaxtlar bu kateqoriyadan olan insanlar müalicə almaq üçün Bakı şəhərinə və qonşu ölkələrə üz tuturdularsa, bu gün rahat şəkildə adıçəkilən ünvanlarda müalicə oluna bilirlər. Məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsində isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası mühüm töhfədir.

Sağlamlıq imkanları məhdud şəxslərin də cəmiyyətin digər üzvləri kimi  təhsil alması və peşə bacarıqlarına yiyələnmələri üçün də muxtar respublikada hər cür şərait var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına  bir dayaqdır.

Bu gün ümumtəhsil məktəblərində oxumaq imkanı olmayan, hərəkət qabiliyyəti məhdud  uşaqlar da distant təhsilə cəlb olunaraq ev şəraitində təhsil alır. Hazırda Naxçıvan Regional İnformasiya Mərkəzindəki Distant təhsil  mərkəzinə 12 hərəkət qabiliyyəti məhdud uşaq cəlb  olunub və  həftədə 3 gün onlar üçün dərslər keçirilir. Belə uşaqlara elm, bilik öyrədən müəllimlər fiziki və əqli qüsurlu uşaqlara dəstək olmağın  nə qədər vacib və müqəddəs bir iş olduğunun fərqindədirlər... Və zərrə-zərrə onları  həyata hazırlayırlar.

Əllərində və nitqində qüsurları olan 12 yaşlı Aysu Əliyeva da  2019-cu ildən ən böyük arzusuna çataraq distant təhsilə cəlb olunub. Həftədə 3 dəfə dərslərə qoşularaq təhsildən geri qalmır. Musiqiyə böyük həvəsi olan Aysu ev şəraitində təhsil almaq üçün dövlət tərəfindən məktəbli forma və ləvazimatı, kompüter və internetlə təmin olunub.

Sağlamlıq imkanları məhdud şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və inkişafı üçün ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən başlanan siyasət bu gün də davam etdirilir. Təhsil almaqları ilə yanaşı bu kateqoriyadan olan insanların maddi rifah halları yaxşılaşdırılır, mənzillər tikilir, müavinətlər, texniki vasitələr verilir,  idman yarışları, rəsm müsabiqələri keçirilir. Tənha ahıl və əlilliyi olan şəxslərə evlərində sosial-məişət xidməti göstərilir, onların sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir.  Həyat sevincləri itməsin, gözlərinin içi daim gülsün, sabaha ümidlə baxsınlar deyə...

                                                                    Türkanə Əmoyeva

                                                                               NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: