Bu barədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Babək Rayon Rabitə İdarəsi tərəfindən cari ilin ötən dövrü ərzində sakinlərə nümunəvi rabitə və internet xidməti göstərilib, yeni texnologiyaların tətbiqi, inkişafı istiqamətində işlər davam etdirilib.
Əhaliyə kəsintisiz rabitə və internet xidmətinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması başa çatdırılıb, rabitə mütəxəssisləri mövsümə uyğun geyimlə təmin olunub. Həmçinin yerlərdə xətt təsərrüfatının vəziyyəti təhlil edilib, müəyyən edilmiş müxtəlif tutumlu yararsız kabel və dayaqlar yeniləri ilə əvəz olunub. Avtomat Telefon Stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması da diqqət mərkəzində saxlanılıb.
Rayonun Nəcəfəlidizə kəndində yeni Rabitə Evi istifadəyə verilib, 32 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılıb.
Rayon ərazisində 265 abonentə yeni sabit şəbəkə telefon xətti çəkilib, bir çox abonent isə genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası vasitəsilə internetlə təmin olunub. İstismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və zəruri tədbirlər həyata keçirilib, sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunub.