Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının tədris mərkəzində əsgər və zabitlərin psixoloji hazırlıq vəziyyətinə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, dövlət himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordu Komandanının hüquq işləri üzrə köməkçisi kapitan Amil Hacıyev Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş əsgər və zabitlərin döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb. Qeyd edib ki, orduda yaradılan yüksək səviyyədə nizam-intizam, əmr və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi, əsgər və zabitlərin xidmət dövründə tabeçilik münasibətlərinə riayət etmələri torpaqlarımızın işğaldan azad edilməsində mühüm rol oynayıb.
Vətən müharibəsində qələbə əldə etməyimizin müasir silah-sursatla, yaxşı hazırlıqla, texniki üstünlüklə yanaşı, hərbçilərimizin psixoloji vəziyyətinin də böyük rol oynadığını qeyd edən Mərkəzin psixoloji ekspertiza bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Fariz Səyyadov döyüş fəaliyyətində ictimai motivlərin rolu haqda danışıb, vətənin müdafiəsi üçün məsuliyyət, hərbi borc hissi, düşmənə nifrət, vətənə sədaqət, torpağa məhəbbət Azərbaycan hərbçisinin əsas psixoloji üstünlüyü olduğunu deyib.
Qeyd olunub ki, yeni hərbi texnika və müasir silahların istifadə olunması da hərbi heyətə stimul olub və qısa müddət ərzində hərbi sahədə uğur qazanmağımıza şərait yaradıb.
Sonda Mərkəzin ekspertləri əsgər və zabitlərimizi qələbə münasibətilə təbrik edib, xidməti tapşırıqların yerinə yetirilməsində uğurlar arzulayıblar.