Vətənin, torpağın müdafiəsinə qalxmaq könüllülüyün ən şərəfli formasıdır

A- A A+

Yeri düşdükcə, imkan olduqca xeyirxahlığı, fədakarlığı, təmənnasız köməyi bu gün biz etməliyik. Bizim gördüyümüz bu xeyirxah işlər, qoruduğumuz milli-mənəvi dəyərlər, qədim adət və ənənələr isə sabahkı cəmiyyətin, sabahkı dövlətin, sabahkı Vətənindir. Xalqımızı vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətini təmin edən də məhz könüllülük prinsipləridir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə bağlılıq, uğurları ilə iftixar hissi keçirmək və xidmət örnəyidir. “Könüllülük” öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növü olub, insanlara təmənnasız xidmət göstərilməsini, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməyi özündə ehtiva edir.

1985-ci il dekabrın 5-də BMT tərəfindən elan olunan Beynəlxalq Könüllülər Günü müstəqillik illərində ölkəmizdə fəaliyyət göstərən Gənclər Təşkilatları tərəfindən geniş şəkildə qeyd edilir. Yeni nəsil hər zaman özündən əvvəlki nəsildən aldığı, ata və analarımızın müəllifi olduğu örnək əsasında tərbiyələnib. Könüllülük fəaliyyəti də xalqımızın canında, qanında yaşayan ülvi bir hərəkat olub. Ona görə də  könüllülük müstəqil dövlətimizin xoş gələcəyi naminə daim diqqət mərkəzində saxlanılır. 2009-cu ilin iyun ayında “Könüllü fəaliyyət” haqqında qanun qəbul edilib. Qanunda könüllü fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib. Bu gün ümummilli hərəkata çevrilən könüllülük cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin yaşam tərzinə çevrilib.

Dövlət başçısının 2019-cu il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamı bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı naminə səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, müasir dövrdə ölkəmizin dünyada könüllülər ölkəsi kimi tanınması Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilən könüllülük fəaliyyətinin artıq normativ hüquqi bazası təkmilləşdirilib və dövlət dəstəyi mexanizmi formalaşdırılıb.

“Vətəni qorumaq hər bir vətəndaşın borcudur”. Konstitusiyamızda bir maddə kimi yazılmış bu cümlə hər bir vətəndaşa təkcə vəzifəsini, borcunu xatırlatmır, həm də vətəndaşı olduğu bir ölkənin adı ilə fəxr etməyin vacibliyini anladır. Şəhidlik və qazilik tarix boyu bu ali ruha sahib olan xalqımızın mənliyində yaşayan iki uca əxlaqi keyfiyyət olmuşdur. Xalqımızın qeyrətli oğul və qızları həmişə könüllü olaraq Vətən naminə, müqəddəs dəyərlər naminə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşlar. “Ölsəm şəhid olaram, qalsam qazi” inancı igid oğullarımızın şanlı zəfərlərinin sirri olubdur.

Vətəni, torpağı qorumaq üçün könüllü əsgər olmaq könüllülüyün ən şərəfli forması olmaqla yanaşı, həm də ən ali hissdir. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən müharibəsində Azərbaycan Ordusu 44 gündə böyük uğurlara imza atdı və tarixi qələbə qazandı. Bu döyüşlərə qatılmaq istəyən könüllülərin sayı minlərlə ölçülürdü. Torpaq, Vətən uğrunda döyüşən könüllü əsgərlərin çoxu işğaldan sonra dünyaya gəlmişdilər. Ancaq buna baxmayaraq, böyük vətənpərvərlik nümayiş etdirərək, qəhrəmancasına döyüşərək torpaqlarımızı işğaldan azad etdilər. Könüllülərin bu cür yüksək səviyyədə döyüş tapşırıqlarını yerinə yetirməsi hər kəsi sevindirdi.

Könüllülüyün müxtəlif formaları Naxçıvan Muxtar Respublikasında da uğurla  inkişaf etdirilir. Muxtar respublikada həyata keçirilən könüllülük hərəkatı naxçıvanlı gənclərin hərtərəfli inkişafını, onların ölkə və cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Muxtar respublikamızda gənc nəslin könüllü qüvvə kimi formalaşması, mənəvi ideoloji cəhətdən tam yetkinləşməsi, sosial problemlərinin həlli, faydalı məşğulluğun təmin olunması, vətənpərvərlik ruhunda tərbiyələnməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırılır.

Muxtar respublikada müxtəlif formalarda könüllü olan gənclərimiz milli və bəşəri dəyərlərə hörmət kimi keyfiyyətlər qazanır, ictimai həyatda iştirak etməklə özlərini inkişaf etdirirlər. Könüllü gənclər mövcud pandemiya dövründə muxtar respublikamızın rayon və kəndlərində yaşayan tənha, sosial qayğıya ehtiyacı olan insanları ziyarət edərək, onlara xidmət göstərirlər. 44 günlük Vətən müharibəsində şanlı hərb tariximizə qızıl hərflərlə yazılan Şuşa əməliyyatında könüllü naxçıvanlılar xüsusi seçildilər. Qürurla deyə bilərik ki, naxçıvanlı könüllülərin bu cür yüksək səviyyədə müasir texnika və silahlardan istifadə etməsi bütün naxçıvanlıları ürəkdən sevindirdi.

Könüllülük hərəkatı elə bir milli-mənəvi silahdır ki, onunla Vətən qorunur, torpaq azad olur, işğalçı məhv edilir. İnkişaf edən ölkəmiz və dövlətimiz özünün vətənpərvər, könüllü gəncləri ilə tanınır. Ordumuzla birlikdə könüllülər də Ali Baş Komandanın rəhbərliyi ilə düşmənin niyyətini gözündə qoydular. Bu qələbə qədim hərb ənənələrinə malik olan xalqımızın ərazi bütövlüyümüz uğrunda apardığı mübarizəsinin haqq olduğunu, onun əzmini bütün dünyaya bəyan etdi.

Könüllülük həm də bir vətənpərvərlik məktəbidir. Vətənpərvərlik isə Vətəni sevmək, onu qorumağa hər an hazır olmaq deməkdir. Vətən sevgisi fövqəladə vəziyyətlərdə, ölüm-qalım məqamlarında daha ciddi şəkildə ortaya çıxır. Vətəni könüllü olaraq müdafiə etmək “Könüllülər ili”ndə könüllülük hərəkatının ən yüksək forması kimi özünü göstərdi. “Könüllülər ili” Azərbaycana, xalqımıza çox böyük sevinc bəxş etdi – Vətən müharibəsində tarixi qələbə çaldıq. Bu mənada, 2020-ci il könüllülük hərəkatının təntənəsinə çevrildi. Bu il 30 illik işğala son qoyuldu. İndi biz iftixarla deyirik ki, Qarabağ Azərbaycandır!

Ayxan Hüseynli

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, Tələbə Gənclər Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: