Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən reydlər keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində və muxtar respublikamızın rayonlarında reydlər keçirilib. Keçirilən reydlərdə yaşayış sahələrində quraşdırılan və qazla işləyən sobaların, suqızdırıcıların istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi, tüstü bacalarının və havalandırma kanallarının işlək vəziyyətdə olması ilə bağlı zəruri məlumatlar sakinlərin diqqətinə çatdırılıb.
Eyni zamanda Dövlət Gömrük Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələrinin də birgə iştirakı ilə ticarət obyektlərinə baxış keçirilib.
Qızdırıcı elektrik və qaz cihazlarının standartların tələblərinə uyğunluğu, kefiyyət sertifikatının və Azərbaycan dilində müvafiq işlətmə təlimatlarının olması, eləcə də sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların istismarına yol verilməməsi barədə sahibkarlar maarifləndirilib.
Qeyd edək ki, 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı Naxçıvan Muxtar Respublikasında keçirilən müşavirədə tapşırıqlar verilib.
Mahmud Hüseynov