Muxtar respublikada insanların sağlam təbii mühitdə yaşaması, yaşıllıqların, biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər görülür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunun Aşağı Buzqov kəndində keçirilən maarifləndirici tədbirdə bu haqda danışılıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov ətraf mühitin mühafizə edilməsinin ekoloji əhəmiyyətindən söz açıb. Qeyd edib ki, muxtar respublikada əhalinin sağlam ekoloji mühitdə yaşamasını təmin etmək üçün ekoloji təhlükəsizlik və bioloji müxtəliflik qorunub saxlanılır.
Azər Məmmədov məişət tullantılarının, çirkab sularının axıdılmasına qarşı tədbirlərin əhəmiyyətini diqqətə çatdıraraq, torpaqların münbitliyinin artırılması, yaşıllıqların qorunması və digər məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələr bu məsələləri daim diqqət mərkəzində saxlamalı, ətraf mühitin qorunmasında fəal iştirak etməli, maarifləndirici tədbirlər gücləndirilməlidir.
Tədbirdə sağlam ekoloji mühitin formalaşmasında vətəndaşların üzərinə düşən vəzifələr vurğulanıb. Xüsusilə ekoloji inzibati xətaların törədilməsi zamanı vətandaşların daşımalı olduqları hüquqi məsuliyyətləri diqqətə çatdırıb.
Nazirlik əməkdaşlarının torpaqlardan səmərəli istifadə və yaşıllıqların qorunması ilə bağlı çıxışları dinlənilib.
Sadiq Məmmədov