Rayonda tikilən yaşayış evləri, salınan parklar, xiyabanlar, çəkilən küçələr, əkilən ağaclar, güllər-çiçəklər göz oxşayır. Yaradılan müəssisələr rayonun iqtisadi potensialını artırmaqla bərabər, yerli əhalinin məşğulluğunun yüksəldilməsinə xeyli təsir göstərib. Müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət ocaqları, o cümlədən kənd və xidmət mərkəzləri, uşaq bağçaları inşa edilib. Yeni texnologiya əsasında təbii qazın çəkilməsi muxtar respublikanın rayonları sırasında ilk dəfə olaraq burada başa çatdırılıb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə olunan işlər rayonumuzda uğurla davam etdirilir. Həyata keçirilən yenidənqurma, abadlıq-quruculuq işləri sırasında içməli su və kanalizasiya sistemlərinin yeniləşdirilməsi layihəsinin icrası da ara vermədən aparılır. İlk olaraq Heydərabad qəsəbəsində xətlərin evlərə birləşdirilmə işləri davam edir. Qəsəbədə bir neçə mənzildə işlər tamamlanıb. Layihə çərçivəsində bütün işlər tamamlandıqdan sonra rayonda əhalinin su təchizatına və kanalizasiya sisteminə olan tələbatı ödəniləcək. Rayon əhalisi görülən abadlıq quruculuq işlərini, həmçinin içməli su və kanalizasiya xətlərinin çəkilişini dövlətin sərhəd bölgəsi Sədərəyə olan qayğısının təzahürü kimi qiymətləndirir.
“Oğuz yurdu” qəzeti