Müstəqillik illərində Naxçıvanda ekoloji tarazlığın qorunması, kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və əkinəyararsız torpaqların yenidən əkin dövriyyəsinə qatılması üçün mühüm tədbirlər həyata keçirilib, torpaqların münbitliyi artırılıb. Müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması, mütərəqqi əkin və suvarma metodlarından istifadə imkan verir ki, bir neçə il bundan öncə əkin üçün yararsız hesab edilən torpaqlar yenidən əkin dövriyyəsinə qatılsın və beləliklə, bol məhsul istehsal olunsun. Bu işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov noyabrın 27-də “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Bəs Sərəncamdan irəli gələn Tədbirlər Planının icrası muxtar respublikada kənd təsərrüfatının inkişafına necə təsir göstərəcək, torpaqların münbitliyinin artırılması üçün hansı tədbirlər görülür? Suallarımızı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, mütəxəssis Əsgər Həsənov cavablandırıb.
-Əsgər müəllim, torpaqların münbitliyinin artırılması ilə bağlı imzalanan Sərəncam kənd təsərrüfatının inkişafına necə təsir göstərəcək?
– Naxçıvanda kənd təsərrüfatının inkişafı, əkinəyararsız torpaqların münbitliyinin artırılaraq yenidən əkin dövriyyəsinə daxil edilməsi daim diqqət mərkəzində saxlanılır, meliorativ tədbirlər həyata keçirilir. “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam düşünülmüş və uzaq gələcəyə hesablanmış çox mühüm dövlət sənədidir. Ali Məclis Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” isə bir sıra dövlət qurumlarının, nazirliklərin, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin qarşısında mühüm vəzifələr müəyyənləşdirir. Verilən tapşırıqlara uyğun olaraq şoranlaşmış, şorakətləşmiş və eroziyaya məruz qalmış torpaqların qida maddələri ilə təmin olunması kartoqramlarının yenilənməsi, torpaq örtüyü zədələnmiş ərazilərdə rekultivasiya tədbirlərinin həyata keçirilməsi, şoran, eləcə də fiziki-kimyəvi cəhətdən əlverişli olmayan torpaqların yuyulması və yararlı vəziyyətə gətirilməsi, rayonlar üzrə hazırlanmış əkin atlaslarına uyğun ixtisaslaşdırmanın təşviq olunması, şorakətliyə asanlıqla uyğunlaşan bitkilərin əkilib-becərilməsi, az şoranlaşmış torpaqlarda üzümlüklərin, püstə və badam bağlarının salınması və başqa məsələlər qısa zamanda həyata keçiriləcəkdir. Sərəncamdan irəli gələn maddələrin ardıcıl həyata keçirilməsi qısa zamanda əkin üçün yararsız hesab edilən hektarlarla torpaq sahəsinin münbitliyinin təmin olunmasına və yenidən əkin dövriyyəsinə qatılmasına imkan verəcəkdir. Bu da öz növbəsində blokada şəraitində yaşayan muxtar respublikamız üçün bol məhsul deməkdir. Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm ki, kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı imzalanan Sərəncam həm də “İxrac ili”nə mühüm töhfədir. Bilirik ki, hazırda Naxçıvan məhsulları xarici bazarlarda özünə yaxşı alıcı kütləsi toplaya bilib. Gələcəkdə yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi həm də ailə təsərrüfatçılarının xaricə daha çox məhsul ixrac etmələrinə şərait yaradacaq.
–Torpaqların münbitliyini artıran üsullar hansılardır?
– İstehsal vasitələri içərisində aqrar sahə həm mürəkkəb, həm də incə işdir. Torpaq, aqrar sahədə istehsal vasitələrinin əsasını, nüvəsini təşkil edir. Buna görə torpağa əkinçi gözü ilə baxmalısan. Torpağı yaxşı tanımaq, onun tərkibini, əkinəyararlılığını bilmək lazımdır. Bildiyiniz kimi, Naxçıvanın qədim, xalq təcrübəsindən keçən əkinçilik ənənələri vardır. Haliyədə də əkinçi babalarımızın təcrübəsindən istifadə edirik. Yaxşı olar ki, həmin ənənələri müasir texnika və avadanlıqlarla birləşdirək. Belə olan halda vahid sahədən optimal müddətdə daha çox və keyfiyyətli məhsul götürmək mümkündür. Artıq aqrar sahədə mövsüm başa çatmaq üzrədir. Növbəti əkin üçün torpaqların hazır vəziyyətə gətirilməsi lazımdır. Bunun üçün torpağın münbitliyinin artırılması əsas işlərdəndir. Bəs torpağın tərkibi hansı səbəbdən korlanır ki, onu yaxşılaşdırmaq ehtiyacı yaransın? El dili ilə desək, torpağın “canını alan” üsullardan biri eyni ağırtonlu maşın-mexanizmlərdən vahid sahədə dəfələrlə istifadə edilməsidir. Belə olan halda torpaq bərkiyir, toxum torpağa yaxşı düşmür və məhsuldarlıq azalır. Həmçinin növbəli əkin sistemindən istifadə olunmaması, üzvi-kimyəvi maddələrin miqdarının nəzərə alınmadan torpağa verilməsi, sələflərin düzgün seçilməməsi də əkinçiliyə, məhsuldarlığa və torpağa zərər verən amillərdəndir. Torpağın münbitliyini artırmaq üçün kimyəvi maddələrin əvəzinə yerli və təbii məhsullardan istifadə etmək olar. Bunun üçün təbii gübrələrdən, təbiətin öz nemətlərindən istifadə etmək lazımdır. Artıq payız fəslini yaşayırıq. Hər yer xəzəllə doludur. Kiçik quyular qazaraq bu xəzəlləri həmin quyuda çürütmək, daha sonra əkin sahəsinə vermək olar. Torpağın münbitliyini artırmaq, strukturunu yaxşılaşdırmaq üçün sınaqdan keçmiş, faydası görülmüş vasitələrdən istifadə etmək məqsədəuyğundur.
– Əsgər müəllim, muxtar respublikada şoran torpaqların əkin dövriyyəsinə qatılması üçün hansı tədbirlər həyata keçirilir?
– Verilən tapşırığa uyğun olaraq ötən aylar ərzində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri və bir sıra müvafiq qurumların əməkdaşları tərəfindən əkin dövriyyəsinə daxil edilməyən torpaqların aşkarlanması, qeydə alınması üçün monitorinqlər həyata keçirildi. Bu işlər muxtar respublikanın digər yaşayış məntəqələrində olduğu kimi, Babək rayonunun Nehrəm qəsəbəsində, Xalxal, Vayxır, Şəkərabad, Güznüt, Hacıvar, Şıxmahmud və Çeşməbasar kəndlərində həyata keçirildi. Aparılan monitorinqlər əsasında aşkarlandı ki, əkinəyararsız torpaqların əksəriyyəti çəmənləşmiş, şoranlaşmış və bataqlaşmış torpaq sahələridir. Artıq bu torpaqların təmizlənərək münbitliyinin təmin olunması üçün işlər aparılır. Torpaqlardan analizlər götürülür, tərkibi, şorluluq dərəcəsi öyrənilir. Aparılan təhlillərin nəticəsi göstərir ki, Naxçıvan Muxtar Respublikası şəraitində torpağın şoranlığını aradan qaldırmaq üçün ərazilərdə iydə, püstə, qarğıdalı, yonca, xəşə (qoringə), şəmbəllə, faselya bitkilərinin əkilməsi, qızılgül plantasiyalarının salınması müsbət nəticə verir. Eyni zamanda mövcud sahələrdə yarana biləcək bataqlıqların, şoranlığın qarşısını almaq, torpağın strukturunu qorumaq üçün aqromeliorativ tədbirlər də davamlı həyata keçirilməlidir. Təcrübə göstərir ki, əkin sahələrinin, bağların suvarılmasında damcı üsulundan istifadə müsbət nəticələr verir. Belə olan halda torpaq lazımi rütubətlə davamlı təmin edilir.
– Əkin atlaslarından düzgün istifadə ərzaq təhlükəsizliyinə necə təsir göstərir?
– Bildiyiniz kimi, ötən ildən bütün dünya pandemiya ilə mübarizə aparır. Sürətlə yayılan virus ölkələrin iqtisadiyyatına güclü zərbə vurmaqla yanaşı, həm də ərzaq qıtlığının yaranmasına səbəb oldu. Bu sınaqdan ölkəmiz, eləcə də muxtar respublikamız necə deyərlər, üzüağ çıxdı. Bu gün əhalinin dayanıqlı və etibarlı ərzaqla təmin olunması illər əvvəl düşünülmüş və həyata keçirilmiş siyasətin nəticəsidir. Qeyd etmək lazımdır ki, ərzaq bolluğuna töhfə verən amillərdən biri də əkin atlaslarının hazırlanmasıdır. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələri əsasında muxtar respublika rayonlarının əkin atlasları hazırlanıb və həmin atlasların tələblərinə uyğun olaraq ixtisaslaşma həyata keçirilib. Hazırlanan əkin atlaslarında torpaq iqlim xüsusiyyətləri, torpaqların qida maddələri ilə təminolunma dərəcələri, sortların rayonlaşdırılması və ixtisaslaşma istiqamətləri öz əksini tapıb. Əkin atlaslarının yaradılmasının əsas məqsədlərindən biri də rayon və kəndlərimizdə daha yaxşı inkişaf edən və məhsul verə bilən bitkilərin aşkarlanması, həmin sahələrdə əkin zamanı bu bitkilərə üstünlük verilməsidir. Beləliklə, məhsuldarlıq artır, ucuzluq yaranır.
–Müsahibə üçün çox sağ olun.
“Şərqin səhəri” qəzeti