Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Batabat yaylağındakı Zorbulaqdan təxminən 1 kilometr şərqdə yerləşən Fərhad evi arxeoloji abidədir.
Liparit tuf qayada külüng tipli metal alətlə qazılan abidə dörd otaqdan ibarətdir. Bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşən otaqların tavanı tağ şəkilli, döşəmələri oval planlıdır. Şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılan divarların dibində səki düzəldilib.
Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzunsaçlı kişi başı, solunda qadın rəsmi həkk olunub. Qayanın şimal-şərq yamacında buradan keçən qədim karvan yolunun səviyyəsindən 2 metr hündürlükdə, uzunluğu 5 metr, eni 80 metr, dərinliyi 30 santimetr olan səki qazılıb və səki boyunca 3 sətirlik qədim yazı (çox güman ki, mixi yazı) həkk olunub (məzmunu oxunmaz vəziyyətə salınıb).
Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara da tikilib. Yerli əhali həmin karvansaranı Şah Abbas karvansarası adlandırır. Tədqiqatlarda məlum olub ki, Fərhad evi abidəsi eramızdan əvvəl birinci minilliyin sonlarına və eramızın əvvəllərinə aiddir. Abidə ilə bağlı xalq arasında müxtəlif rəvayətlər də yayılıb.
Rəvayətlərin birində deyilir ki, qədim zamanlarda Fərhad adlı igid, cüssəli, mərd bir oğlan var imiş. Həm də mahir sənətkar olan Fərhad gözəl şəkillər çəkər, heykəllər yonar, adı-sanı hər tərəfə yayılar, uzaq ölkələrdən gəlib onu sarayları bəzəmək üçün apararmışlar.
Fərhad sənətində kamil olduğu kimi, sözündə, məhəbbətində də dediyindən dönməzmiş. Günlərin birində Bərdədə Şirin adlı bir gözəlin sorağını alır və onu görmək üçün Bərdəyə üz tutan Fərhad dostlarıyla Naxçıvan torpağından keçir. Şahbuzun sərin bulaqları, gur çayları, Batabat dağları onu heyran qoyur və bir neçə gün burada qalır. Bir gün üzünü yoldaşlarına tutub deyir:
-Mən bu yerlərə heyran olmuşam. Gərək bu gözəlliyə bir naxış vuram.
Külüngünü əlinə alıb uca dağlar qoynuna yollanan Fərhad az müddət içərisində qayalıqda bir ev düzəldir, həmin evin divarına Şirinin şəklini həkk edir və işini qurtarıb Bərdəyə doğru yol alır. O vaxtdan Batabat yaylağında gecələyənlər həmin evin qonağı olur, Fərhadın sənəti qarşısında baş əyirlər. İndi də Batabat yaylağında qalan həmin ev el arasında “Fərhad evi” adıyla tanınır.
“Oğuz səsi” qəzeti