Şəhidlik... Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Bu zirvəyə yüksələn igid oğullarımız göstərdikləri şücaətlə hər zaman sübut ediblər ki, qəhrəmanlıq bir anın bəhrəsi deyil. Qəhrəmanlıq xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan bir keyfiyyətdir. Qəhrəmanlıq bizi illər keçsə də, yaddaşlara əbədi yazacaq bir keyfiyyətdir. Azərbaycan xalqının oğul və qızları da hər zaman bu keyfiyyətə sahib olublar. Çünki tarix boyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik, ömrümüz boyu belə ölümlərə can atmışıq. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq, var olmaq haqqını itirməyib. Məhz bu qətiyyət, cəsarət, mübarizlik, Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən oğullarımızın sayı artıb. Vətən torpağı tam olsun deyə hər an özlərinin ömür payını bu yolda keçməyə hazır olublar. Qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaq.
Bu vətən deyilən torpaq deyil ki,
İnsanın ürəyi, canı Vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, Vətəndir.
Sizlərə haqqında danışacağım qəhrəman Camaldın kənd sakini Şamil Babayevdir. Şamili uşaqlıqdan tanıyıram. Bir məktəbdə oxumuşuq. Dərslərimizə birlikdə hazırlaşmışıq. Şamil hər zaman bizi təəccübləndirən, zarafatcıl və bir o qədər də səmimi insan idi. Onunla olan xatirələrimi yazmaq mənim üçün çətindir. Ancaq həm də qürurvericidir. Hələ uşaqlıqdan vətənpərvərliyi ilə bizlərdən seçilirdi. Hamının sevimlisi, əzizi idi. Orta məktəbi bitirdikdən sonra Şamillə yollarımız ayrıldı. Universitet illəri, ardınca hərbi xidmət. Kəndimizə qayıtdıqdan sonra öyrəndim ki, Şamil hərbçi olub. Onunla ancaq telefonla danışırdıq. Daxili qoşunların Lənkəranda yerləşən Xüsusi təyinatlı dəstəsində atəştəminat qrupunun komandiri vəzifəsində xidmət edirdi. Hərdən soruşurdum: “Şamil, hərbçi olmaq necə hissdir?” O deyirdi: “Əsl hərbçi o adamdır ki, o, öz Vətənini bütün qəlbi, canı və qanı ilə sevir, onun azadlığı, istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazır olur!” İllərlə yaşadığın evdən, ailəndən, yaxınlarından uzaqlaşıb Vətənin hər hansı bölgəsində xidmət etmək bəzən çətin gələ bilər insana. Bu da təbii haldır. Vətənə xidmət asan olsa, qədri bilinməz torpağın... Çətin və məsuliyyətlidir, şərəflidir Vətənə xidmət. Sonuncu dəfə məzuniyyəti vaxtı kəndimizdə görüşdük onunla. Söhbətimiz əsnasında dediyi bir cümlə hələ də yadımdadır: - Hərbi xidmət bizim Vətən sevgimizi daha da artırıb, dönməzləşdirib. Mülki həyatdan fərqli olaraq, hərbi xidmətdə bu və ya digər hadisəyə, Vətənə “bir köynək yaxınlar" kimi baxırıq. Vətənlə bağlı hadisələrə daha məntiqli düşüncələrlə yanaşırıq. O vaxt o qədər də fikir vermədiyim sözlərini indi başa düşürəm, əziz dostum. Onun haqqında fikirlərimi qələmə aldıqca düşünürəm: - Şamil ölmədi, qəhrəmancasına şəhid oldu. Heç Cavanşirlər, Babəklər, Fəridlər, Mübarizlər, Poladlar ölərmi, unudularmı? – ....sanki dostum yanımdadır. Onunla bir anlığa söhbətləşirəm. Qəribədi, soyuq havadan əsər-əlamət qalmayıb… Sənin qəlbinin hərarətidir, bu soyuğu yox edən, başı qarlı uca dağlardan üz tutan soyuq küləyi mülayimləşdirən... Dəli bir ağlamaq keçir könlümdən… Elə hey dolanır öz-özünə. Dolub durmuşam. Sonsuz səssizlik, ardınca səninlə kəlmələşməyin təsirindən çaxan şimşək və birdən göz damcılarım yağdı üstümə yağış əvəzi… Qızışan, coşan buludlar, bədənimi isladan damcılar sənin pıçıltılarının poçtalyonuna çevrildi, çıxartdı məni səssizliyimdən… Şamil Vətən müharibəsinin ilk günündən komandir kimi rəhbərlik etdiyi heyətlə döyüşlərə qatılıb, Füzuli şəhəri və rayonun tam şəkildə düşməndən azad olunmasında fəal iştirak edib. Şamilin komandiri olduğu əsgərlərindən onunla bağlı döyüş xatirələrini dinləyirəm. Kapitan Şamil Babayev Füzuli ətrafında gedən döyüşlərin birində rəhbəri olduğu komanda ilə mühasirəyə düşür. Say baxımından düşməndən xeyli az olsalar da, 40-dan çox erməni əsgərinə üç saatdan artıq müqavimət göstərirlər. Hər biri şəhid olmağı gözə alsa da, sonda onlar mühasirəni yara bilirlər. Həmin döyüşdə Şamil öz qrupuna yardım edərək onları düşmən pusqusundan bir şəhid və bir yaralı ilə çıxarır. Yüzlərlə erməni kalonunu məhv edərək, kapitan Şamil Babayev öz döyüş təcrübəsi ilə Lənkəran Xüsusi Təyinatlı Komandasının heyətini heyran qoyub. Necə olur ki, axı başqa qruplar daha çox şəhid ilə pusqudan çıxır, siz bir şəhid və bir yaralı ilə çıxırsınız…
Vaxtdır, qisasını alasan gərək,
Zəfər nəğməsini çalasan gərək,
Zalımı taxtından salasan gərək,
Düşmənin bağrını dələn əsgərim.
Müjdəsi Şuşadan gələn əsgərim.
Camaldın kənd sakini kapitan Babayev Şamil Baloğlan oğlu oktyabr ayının 30- dan 7 noyabra kimi Şuşa şəhəri ətrafında gedən döyüşlərdə öz qrupu ilə qəhrəmanlıq göstərərək tarix yazıbdır. Son nəfəsinə kimi öz əsgərləri ilə maraqlanan, cəbhə yoldaşlarına “qardaş” - deyə müraciət edən Şamilin Şuşa uğrunda döyüşmək ən böyük arzularından olub. Şuşa qalası uğrunda düşmənlə döyüşən Şamil düşmənin üç dəfə cəhd etdiyi hücumun qarşısını qətiyyətlə alıbdır. Qala ətrafında gedən döyüşlərdə düşmənə ağır zərbələr vuran Şamil və əsgərləri onları qaçmağa məcbur edibdir.
Sən Vətənin gücüsən, Vətənin əsgər oğlu,
Vətən haya çağırmaz, haraylamaz hər oğlu,
Qızlar gül-çiçəyiylə süslər müzəffər oğlu,
O gəlişin naminə son döyüşə hazır ol!
Sonuncu döyüş onun keçirdiyi ən ağır döyüşlərdən biri olub. Müharibədən qazandığı dostlarının bir neçəsini elə döyüş meydanında da itirən qəhrəmanımız 7 noyabrda Şuşa şəhəri uğrunda gedən sonuncu döyüşündə ağır yaralanır. Yaralı ola-ola Şamilin öz qrupu ilə sonuncu dialoqu:
-Abdullayev, necədi vəziyyət?
-Yaxşıdır, cənab Kapitan
-Abdullayev, yaralılar necədir?
-Hərşey yaxşıdı, cənab Kapitan.
Deyəsən, siz də yaxşısınız, danışa bilirsiniz.
-Yaxşıyam. Şuşa qalasında üçrəngli bayrağımızın dalğalandığını görürəm…
8 noyabr. Şuşa şəhərində şanlı Azərbaycan bayrağı dalğalanır. Ağır yaralı olan kapitan Babayev sonuncu dəfə ay ulduzlu bayrağa baxır. Tabeçiliyində olan əsgərləri:
-komandir arzunuza çatdınız, Şuşa bizimdir.
-komandirdən səs gəlmir…
Onun üçün torpağı, el-obası hər zaman müqəddəs idi. İndi başa düşürəm ki, belə ruha malik olanların qarşısında isə tab gətirmək mümkünsüzdür. Kapitan Şamil Babayev kimi bu ruhu daşıyanlar üçün Vətən sadəcə sözdən ibarət deyil! O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır. Ən böyük hakim olan zaman da bu deyimin nə qədər həqiqət olduğunu tarixin qanla yazılmış səhifələrində dəfələrlə sınaqdan çıxarıb. Bu mənada təsadüfi deyil ki, hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu, əsgərinin vətənpərvərlik ruhudur. Əgər bu ruh yoxdursa, qüdrətdən, Vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Qəlbində vətənpərvərlik ruhu hakim olan əsgərin, döyüşçünün qarşısında isə ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz. Ruhun şad olsun, əziz dost…
Alim Ağayev
“Arazın səsi” qəzeti