Peru qəzetində Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış Bəyanatdan bəhs edilib
Perunun ən nüfuzlu mətbu orqanlarından olan “La República” qəzetində Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə Bəyanat haqqında bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, müsahibədə razılaşmanın əldə olunmasında Rusiyanın vasitəçiliyi və Türkiyənin əhəmiyyətli rolunu qeyd edən səfir Bəyanatın tələblərinə əsasən Ermənistan ordusunun Azərbaycanın işğal altında qalmış ərazilərindən çıxarıldığını, razılaşmanın tələblərinə əməl edilməsinə nəzarət məqsədilə bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini, habelə Rusiya və Türkiyənin iştirakı ilə birgə monitorinq mərkəzinin yaradılacağını diqqətə çatdırıb. Bildirib ki, Bəyanatın tələblərindən irəli gələrək, 1991-94-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun, ümumilikdə ölkə ərazisinin beşdəbirinin Ermənistan tərəfindən işğalı zamanı bu ərazilərdən qovulmuş bir milyona yaxın azərbaycanlı məcburi köçkünün qarşıdakı vaxtlarda öz torpaqlarına qaytarılması nəzərdə tutulur.
Azərbaycan tərəfinin itkilərinə dair sualla bağlı səfir hərbi əməliyyatlar dövründə münaqişə zonasından kənarda yerləşən, sıx məskunlaşmış şəhər və kəndlərimizin, o cümlədən ölkənin ikinci ən böyük şəhəri olan Gəncənin dəfələrlə Ermənistan tərəfindən ballistik raket zərbələrinə məruz qaldığını, bu hücumlar zamanı 94 nəfər mülki şəxsin həlak olduğunu, 400-dən çox insanın isə yaralandığını bildirib.
Bölgənin gələcəyi ilə bağlı Azərbaycan tərəfinin gözləntilərinə dair suala münasibətdə səfir Ermənistanda təcavüzkar və qisasçı məqsədlər güdən, azərbaycanlılara qarşı nifrəti təbliğ edən deyil, barışıq tərəfdarı olan və bu düşmənçiliyə son qoyulmasını dəstəkləyən siyasətin üstünlük təşkil edəcəyinə ümidvar olduğumuzu bildirib. Azərbaycanda ermənilərə qarşı kin bəslənilmədiyini deyən diplomat bu gün ölkəmizdə on minlərlə erməninin yaşadığını, Dağlıq Qarabağdakı ermənilərin də Azərbaycan vətəndaşı olduğunu və bu insanların Azərbaycan qanunlarına hörmət etmək şərti ilə burada yaşamaqda davam edə biləcəyini söyləyib.