Mübarək  cümə günü

A- A A+

Həyatı az-çox dərk edəndən cümə gününün çox mübarək bir gün kimi qeyd edildiyini görmüşəm.  Bunun nə ilə bağlı olduğu barədə düşünərək müxtəlif kitabları vərəqləmişəm. Rastlaşdığım ən böyük mənbə müqəddəs kitabımız “Qurani-Kərim” olub. Allahın elçisi Məhəmməd peyğəmbər (s.a.s) de­miş­dir: “Allah dərgahında ən fəzilətli gün cümə günüdür”.

Yəqin ki, çoxlarınız bu məlumatdan xəbardarsınız. Hətta nəzərə alanda ki, islam ölkəsində yaşayırıq, deyərdim ki, cümə gününün dinimizdə müqəddəs sayıldığını bilməyən çətin tapılar. Bəs heçmi maraqlı gəlməyib sizə ki, niyə məhz cümə günü? Onu digərlərindən fərqləndirən, ən əsası isə müqəddəs edən nədir? Axtarış zamanı internetdə sualı izah edən bir neçə cümləyə rastlayırıq: “Günəşin üzərinə doğduğu ən xeyirli gün cümə günüdür. O gün Adəm yaradılmış, o gün yer üzünə endirilmiş, o gün tövbəsi qəbul edilmiş və o gün vəfat etmişdir. Qiyamət günü də o gün qopacaqdır” (Əbu Davud, 1048).

İslamda cümə toplu ibadət günüdür. Müsəlmanlar arasında mübarək gün kimi qeyd olunur. Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyindən aldığımız məlumata görə,  “Cümə” sözünün kökü ərəbcə “Cma” “toplanmaq” kökündən gəlir. “Qurani- Kərim”də bu günə “Ərubə, yəvmul ərubə”, ya da altıncı gün mənasında “yəvmus sadis” deyilir. Cümə günündə bütün müsəlmanlar bir araya toplanıb  vəhdət təşkil etməli və heç bir ayrı seçkilik qoymadan birləşməli, bir araya gəlib camaat namazı qılmalı və xütbələri dinləməlidirlər. Cümə namazı hər bir müsəlmana vacib buyrulmuşdur. Bu namaz iki rükətli namaz olub camaat halında qılınır və eyni zamanda günorta namazını əvəz edir. Bir hədisdə deyilir: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allaha zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın kərəmindən ruzi diləyib axtarın! Və Allaha çox zikr edin ki, bəlkə, nicat tapıb səadətə qovuşasınız!” (Cümə, 9-10).

Cümə namazından əvvəl təlim və tərbiyəvi xarakter daşıyan 2 xütbə oxunur və bu xütbələr arasında 5 dəqiqəlik fasilə verilir. Qurban bayramında ərafat günü cümə gününə təsadüf edərsə, xalq arasında o il həcc “Həcci Əkbər”, yəni “Böyük Həcc” adlanır. Hz.Peyğəmbərimizin (s.ə.s.) ilk qıldırdığı cümə namazı “Ranunə” deyilən yerdə “Səlim İbn Əvf” məscidindədir. O, burda yanında olanlarla birlikdə cümə namazını qıldı və xütbə oxudu. Namaz ilk cümə namazı, xütbə isə ilk cümə xütbəsi oldu. İndi isə həmin yerdə “Məscidi Cuma” adı ilə böyük bir məscid vardır.

Bəs muxtar respublikada olan məscidlərdə həmin gün nə kimi işlər aparılır?

İslam dininin ümumi prinsiplərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının, demək olar ki, bütün məscidlərində buraya təyin olunmuş şəxslər tərəfindən cümə namazının qılınması  təşkil edilir. Axundlarımız tərəfindən cümə namazının moizə və xütbələrində islam əxlaqı, şəriət hökmləri, islamın gündəlikdə duran məsələlərə toxunulur və dini kontingent dini müstəvidə maariflənir.

Bunu xüsusilə vurğulamaq lazımdır ki muxtar respublikamızın bütün məscidlərində məzhəbindən asılı olmayaraq hər kəs eyni axund arxasında dayanır və bir olan Allaha ibadətlərini yerinə yetirirlər. Bununla da cümə namazlarının yerinə yetirilməsinə paralel olaraq məscidlərimizdə islam dininin vahidliyi, bölünməzliyi və həmrəyliyi təcəssüm etdirilir.

Digər mədəniyyətlərdə Cümə günü

Xristianlıqda “Pasxa”dan əvvəlki cümə Hz.İsanın çarmıxa çəkildiyi üçun yas günü sayılır. Rusiyada “Pasxa” bayramından sonra 10 həftə ərzində hər Cümə günü ticarət yarmarkası keçirilir. Ayın 13-nün cüməyə düşdüyü günlər bəzi inanclara görə uğursuz qəbul edilir.

ABŞ-da bu gün üçün “Thank god its Friday”, yəni “sağ ol, Allah, bu gün cümədir” deyə dua edilir. Qədim türk dilində bu günun adı “Altınç”dır, yəni  “altıncı gün”. Qədim Romada Cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman  tayfalarında isə Freyya qadın tanrısına həsr edilib. Ona görə də ingilis dilində cümə günü “Friday” adlanır.  

Bəli, cümə dinimizdə müqəddəs gün sayılır və hətta bu gün edilən yaxşılıqların savabının da, edilən pisliklərin də ikiqat hesablandığı deyilir. Həmin gün xeyirxah işlərlə məşğul olmaq lazımdır. Belə bir bənzətmə var ki, günahsız keçən istənilən gün bir müsəlman üçün müqəddəsdir. Hər günümüzü əməlisaleh işlərlə başa vurmağımız diləyilə

Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: