Paytaxt Bakıda keçiriləcək "Zəfər paradı" ilə bağlı hazırlıq işləri davam edir. Bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub. “Hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib.
Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş edirik ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də qeyd edilən paytaxtın Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.
Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidir.