Qarabağ torpağının azadlığı Elməddinin ən böyük arzusu idi...

A- A A+

Bir şəhid haqqında danışım sizlərə. O şəhid ki, 2783 şəhiddən biri olub. O şəhid ki, qəlbində torpaq, yurd sevgisi əbədi yuva qurmuşdu. O şəhid ki, Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə sinəsini sipər edib.  Şəhid Həsənov Elməddin...

Yol alıram şəhidin yaşadığı Kəngərli rayon Şahtaxtı kəndinə. Yol boyu sual dolu düşüncələrim məni tərk etmir, şəhidin yaxınları ilə söhbətə necə başlayacağımı düşünürdüm. Şəhid Elməddinin bacısı Nuranə xanım qarşılayır məni.

Doğum gününü heç sevmədi şəhidimiz...

Nuranə Həsənova (şəhid bacısı): “Elməddin 1996-cı il fevral ayının 25-də  dünyaya gəlib. O heç vaxt özünə ad günü etməyi sevməzdi. Doğum tarixinin Xocalı hadisələri ilə üst-üstə düşməsinə görə istəmirdi kimsə onu təbrik etsin. Torpaqlarımız nə zaman azad edilər, elə o zaman toy, bayram, ən gözəl hədiyyə mənim olar deyirdi. Hələ balaca yaşlarından hərbçi olmaq, əlinə silah alıb düşmənə zərbə endirməyi xəyal edərdi qardaşım. Etdiyi arzu, niyyəti hasil oldu, Vətən müharibəsində Naxçıvan “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı olaraq döyüşlərə qatıldı. Vətən yolunda son nəfəsinədək vuruşdu, Şəhidlik zirvəsini fəth etdi.

Nuranə xanım deyir ki, anama söz vermişdi ki, düşmən əsarətində olan torpaqlara ayağı dəyəcək, şanlı üçrəngli bayrağımızı həmin torpaqlarda qürurla dalğalandıracaq. Arzusu idi Qarabağ torpağının azadlığını, bu xalqın Qələbə sevincini görsün... Qardaşım burdan gedəndə sanki hiss etmişdi şəhid olacağını. Bizimlə vidalaşanda da son kəlməsi bu oldu-  “nə olursa olsun darıxmayın, həyatda yaşamaq da var, ölmək də. Başınızı hər zaman dik tutun, TƏKİ VƏTƏN SAĞ OLSUN.

Elməddin şəhid olduğu anadək hər zaman ailəsi, bacısı ilə danışırmış. Ta ki, o günə kimi... “O gün Elməddindən səs-soraq yox idi”,- deyir şəhid bacısı. “Anam yuxuma gəlmişdi. “Qızım, darıxma, qardaşın mənimlədi”,- dedi. Bir neçə saat keçmişdi ki, qardaşımın şəhid xəbərini aldıq. Aldığım xəbər nə qədər acı olsa da, bir o qədər də qürurlu idim-mən artıq bir şəhid bacısı idim. Elməddin və onun timsalında şəhid olan qardaşlarımız biz rahat olaq deyə, canlarını sipər etdilər döyüş meydanlarında.”

Arzuları yarımçıq qalan ata dağ vüqarı daşıyırdı...

Şəhidin atası Elşən dayı dözümlü, iradəli görünürdü. Elməddin kimi övladlar böyüdüb, yetişdirən atalarla qürur duydum. Onlar igid oğulların qəhrəman atalarıdır. Qürur duydum dağ əzəmətli, dağ vüqarlı, iradəli ata ilə...

Elşən Həsənov (şəhidin atası): “İllər öncə həyat yoldaşımı itirmişəm. 40 gün öncə isə canımdan bir parça olan övlad itkisini yaşadım. Arzularım vardı oğlumun həyatı ilə bağlı. Toy edəcəkdim Elməddinə. Toyunu görə bilmədim oğlumun...Vətən sağ olsun. Biz bu günü çoxdan gözləyirdik. İgid oğullarımızın sayəsində torpaqlarımızın azadlığına qovuşduq. Elməddin kimi oğullarımız qürur mənbəyimiz, fəxrimiz, vüqarımız, bugünkü nəslə örnəyimizdir... Oğlum çox istiqanlı, mərd idi. Çox yaxşı bir oğul idi, bizim  hər qayğımıza qalırdı, mən ondan bir dəfə də olsun, səhv hərəkət görmədim. O, işini çox sevirdi. Oğlum bir amalla yaşayırdı, Qarabağımızı gec-tez azad edib, şanlı bayrağımızı ən uca zirvədə dalğalandıracağıq deyirdi. Saatlarla Mübariz İbrahimovun qəhrəmanlığından danışmaqdan yorulmazdı. Bu gün artıq Elməddinin ruhu şaddır. Çünki o istədiyi ali məqamdadır.”

Elməddin kimi minlərlə şücaətli oğullar yetişdirib Naxçıvan...

Azər Rüstəmov (şəhidimizin komandiri): “Elməddin çox ağıllı, cəsur, igid, mərdliyi ilə seçilən hərbçilərimizdən idi. Elməddinin qəlbi vətən eşqi ilə alışıb yanırdı. Vətən müharibəsi yenicə başlamışdı ki, cəsur, igid oğlumuz yanıma gəldi və dedi: “Komandir, bizim qardaşlarımız cəbhədə vuruşur, bəs bizi niyə aparmırlar? Bizə tapşırıq gəlsin, Qələbə ilə geri dönəndə hamımız qurban kəsərik”. Bu söhbətdən 3-4 gün keçmişdi ki, döyüş bölgəsinə yollandıq. Bakıdan Füzuli istiqamətinə gedərkən Elməddin yanımda idi. Çox sevincli idi döyüşlərə qatıldığı üçün. Qələbə əzmi ilə yerə-göyə sığmırdı naxçıvanlı igidimiz. Döyüş meydanının ilk günündən Füzuli  rayonunun  3 kəndini işğaldan uğurla azad etdik. 1 günlük istirahət verildi. Onunla söhbətləşən zaman: “burdan sağ-salamat qayıdaq, toyumuzu bir edək, bu torpaqlara ailəmizlə birgə gələrik”,- dedi. Növbəti tapşırığımız Xocavənd istiqamətində oldu. İlk düşmən səngərini  uğurla ələ keçirdikdən sonra  düşmən geri çəkilməyəcəyimizi görüb bizləri iri çaplı silahlarla atəşə tutmağa başladı. Elə bu andaca Elməddin ağır yara aldı, başa düşmüşdü ki, Şəhidlik mərtəbəsinə yüksəlir. Həmin məqamda vüqarla “Qarabağ Azərbaycandır” kəlməsini deyib gözlərini əbədiyyən yumdu şəhidimiz.”

Şəhidimizin evindən ayrılarkən Şəhid Atasının üzündəki qürura, əzminə, qəlbindəki böyüklüyə heyran qalmışdım. Vətən müharibəsində canından keçən 2783 şəhidimiz, xalqımız hər zaman sizlərə borcludur. Uğrunda can verdiyiniz torpağa tapşırıldınız. Təki Vətən sağ olsun!  İgidlərimiz, sizlərin adı hər birimizin qəlbində yaşayır, əbədiyyən də yaşayacaqdır. Qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq.

 

 

Nuray Əsgərova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: