NUHÇIXAN xəbər verir ki, muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2018-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 547 milyon 885 min manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 2,1 faiz çoxdur. Vəsait qoyuluşlarının 521 milyon 610 min manatı və ya 95,2 faizi tikinti-quraşdırma işlərində istifadə edilib. 2018-ci ilin ilk yarımilində muxtar respublikada 93 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub. 126 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda davam etdirilir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2018-ci ilin yanvar-iyun aylarında 2 kənd mərkəzi istifadəyə verilib. 7 kənd mərkəzinin inşası davam etdirilir.
Muxtar respublikada 7 yaşayış binası yenidən qurularaq istifadəyə verilib. 7 yaşayış binasının tikintisi, 6 yaşayış binasının yenidən qurulması davam etdirilir.