Dostluğa çox əhəmiyyət verərdi... Dostluq kəlməsinin hikmətini, əzəmətini çox uca tutardı. Deyərdi, bəxtiyar o insandır ki, ayrılmaz duyğularla bağlandığı, tapdığı sadiq dostları var. Adama arxadır, dayaqdır dost. Elə bu səbəbdən “dostum qonaq gəlir”, – deyəndə gözlərində parlayan balaca bir uşaq sevincini doğmaları dərindən hiss edərdi. Bu gün şəhidlik zirvəsindən bizi qürur və sevinclə seyr edən Vəli Quliyevin əsl dostluğundan, fədakarlığından danışıram.
Onun dostum dediyi sevdiklərini sıralasaq, birinci dostu Vətən (birinci sinifdə “Əlifba” kitabında özünün seçərək əzbər dediyi “Vətən” şeiri ilə başlamışdı bu dostluq), digər dostları isə ailə və ailəsi qədər sevdiyi ən yaxın mənəvi dostları idi. Vətəni birinci yerə qoymuşdu. Qorumaq, sahib çıxmaq, keşiyində dayanmaq üçün. Əsl dostu, əzəli dostu, əbədi dostu – Vətənə olan məftunluğu isə bütün vətənpərvər oğullar kimi uşaqlıqdan baş qaldırmışdı. Elə sözünün əvvəli-axırı Vətən olandan...
Hələ Culfa rayon Qazançı kəndində üçüncü sinifdə oxuyarkən Heyvagül müəllimənin 13 nəfər şagirdə ünvanladığı “Sinifdə kim hərbçi olacaq?” sualını ayağa qalxaraq, “Vəli Quliyev olacaq” – deyərək cavablandırması sinfi sükuta qərq edir. Bütün nəzərlər ona dikilir. Şagirdlərin gözündə çox böyüyür. 9 yaşlı çəlimsiz vücudu ilə ayağa qalxsa da, cavabını böyük, qəhrəman bir igid kimi, öz adını xitab edərək özünəməxsus şəkildə, gələcəyin əsl döyüşçüsü kimi verir. Qüvvətli, qeyrətli obrazını 9 yaşı ilə gözlər önünə qoyur. Çünki cəsarət adlı keyfiyyət belə oğulların qanına, canına elə uşaqlıqdan hopur, kök salır, yuva qurur. Onlarla dil tapıb, dost olur. Atasından ağlayaraq istədiyi əsgər paltarı, oyuncaq silahlar ilə bu sevginin ilk təməl daşları idi. Və uşaqlıqdan əsl dostu, ən sadiq dostu hesab etdiyi Vətənə olan sonsuz sevgisi, beləcə özünü büruzə verir. Dediyi kimi də olur. Vəli Quliyev hərbçi olur, özü də əsl hərbçi... Səmimi komandir... Hər kəsə əl tutan, yardımsevər... Başçılıq etdiyi əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarını çəkən, ehtiyacı olana yardım edən... Bir gün evlərində qonaq olan dostlarından biri Vəlinin anasına deyir: – Həqiqət ana, sən bu oğluna biraz nəzarət elə. Aldığı əməkhaqqını diricə xərcləyir. Deyir, qoy kiminsə qəlbində nisgili qalmasın. Əlimdən gələn yaxşılığı edəcəyəm, onların duası mənə bəsdir. Münasibəti olmadığı, bircə dəfə salamlaşdığı adamlara da kömək edir. Stolun o biri başında oturan Vəli gülür: – Ana, sən ona fikir vermə. Danışır özü üçün. Niyə tanımıram? Hamısını da tanıyıram. Əsgərlərim mənim övladlarımdır, Vətənimin oğullarıdır.
Deyib-gülən Vəli sözünü elə səlis, ürəklə deyərdi ki, həmin söz səhv də olsa, arxasınca inkar etməyə nə kiminsə ürəyi gələrdi, nə də ki üzü. Onun ürəklə dediyi sözə “qıymağa” heç cəhd də etməzdilər. Dostları ilə yığışanda o qədər deyib-gülərdi ki... Təsadüfmü, ya seçimmi, ən yaxın dostları da hərbçi idi. Fərmin Əliyev (ondan əvvəl şəhidlik məqamına yüksəlib), Elmir Paşayev (döyüşlərdə yaralanıb).
İki ilə yaxın idi ki, sərhəd bölgəsində Beyləqan Korpusunun Ağcabədi “N” saylı hərbi hissəsində əvvəllər taqım komandiri, 5 aya yaxın isə bölük komandiri işləyirdi. Özü sərhəd bölgəsini seçmişdi. Postuna necə dəyər verməsi, evi kimi necə can yandırması hamıya nümunə idi. 5 ay idi ki, kirayə etdiyi mənzildən çıxıb elə postda qalırdı. Deyirdi evim buradır. Sərhədçinin evi post olar.
27 sentyabr səhəri düşmənin Tovuz istiqamətindəki dinc əhalini artilleriyalardan, iriçaplı pulemyotlardan atəşə tutması xəbəri ilə açılır. Həmin vaxt silahına sarılan Vəli öz bölüyü ilə döyüş bölgələrində idi. Adəti üzrə “Dost dosta tən gərək, tən olmasa, gen gərək”, – deyərək bölüyünü yığır başına. Dilində bir söz vardı: “Ya Qarabağ, ya ölüm!” Bu sözlər ilə əsgərlərini döyüşə ruhlandırır,Vətənin müdafiəsinə bu cür səsləyirdi. 44 günlük müharibənin ilk saatlarından etibarən Vəli və bölüyü dayanmadan vuruşur, irəli gedir. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan istqamətlərində gedən döyüşlərdə işğaldan azad olan torpaqlarımızda naxçıvanlı aslanlar bölüyün imzalarını hər yerə yazır. Müharibədə yorulmaq, yuxusuz qalmaq, islanmaq, soyuqdan donmaq kimi bütün çətinliklər olur. Vəli bu çətinliklərin elə məharətlə öhdəsindən gəlir, əsgərlərinə dəstək olur. Oktyabrın 20-si 73 nəfərlik bölüyü möhkəm yağışa düşüb islanır, neçə günün aramsız döyüşləri, yuxusuz gecələri də döyüşçüləri haldan saldığı üçün bir neçə saatlıq yerlərini başqa bölüklə əvəzləyirlər. Geri dönüb, əyin-başlarını dəyişib bir-iki saat yuxularını alıb, dincəlirlər. Yadına düşür ki, neçə gündür, evlə əlaqə saxlamayıb, ailə üzvləri indi yaman pərişandır, ən çox da anası. Vəli çətinliklə də olsa, zəng edə bilir anasına. Oğlunun səsini eşidən Həqiqət ana sevincindən ağlayır. Neçə gündür oğlundan xəbər-ətər ala bilməyən ana nə biləydi ki, elə son dəfə eşidir Vəlinin səsini. Vəli deyir: – Ana, ağlama, səsini bu cür eşitmək istəmirəm. Neçə gündür, düşmənlə ağır mübarizə məni zəiflətmir, amma sənin tökdüyün göz yaşları əlimi-qolumu qırır, qurban olum, ağlama. Orada da şəhid analarına çatdır ki, onlar da ağlamasınlar, Vətən sağ olsun! Şəhidlik ən gözəl qismətdir. Çünki ölmürsən, torpaqlaşırsan, Vətənləşirsən! Tez özünü ələ al, 5 dəqiqəyə təkrar zəng vururam. Gözəl danış, ürəkli danış mənimlə. Həqiqət ana gözünün yaşını silir və 5 dəqiqə içində özünü ələ alır oğlu ilə xoş danışmaq üçün. İkinci dəfə anası onu istədiyi kimi danışdırır. Deyir, bax, ana, inşallah, buraları bu mənfurlardan təmizləyərik, çox az qalıb, məni xoş sima ilə qarşılayarsan, bir də ağlama! Nə biləydi ki, bu etirazı, bu üsyanı anasının onun həsrətilə qovrulacaq sonrakı ömrünə həmdəm olacaq.
Danışıqdan sonra – oktyabr ayının 21-i Qubadlı istiqamətinə getmək üçün yola düşürlər. Vəligilin yol getdiyi “Maz” markalı maşına bomba atırlar, Vəli bir qrup heyət ilə birlikdə maşından atılıb, canını güc-bəla ilə qurtarır. Həmin heyətdən 9 nəfər şəhid olur. Çox keçmir, 2-3 saatın içində qızğın döyüş başlayır. Ermənilərlə, təqribən, 30 metr məsafədə... Onlar səngərdə, bizim döyüşçülər isə ortada mühasirəyə düşmüş vəziyyətdə... Topların səsindən qulaq tutulur. Yağış kimi mərmilər yağır hər tərəfdən. Yanında Asim İbrahimovun güllə yarası alıb şəhidlik məqamına yüksəldiyini görən Vəli çox qəzəblənir, dostu Fərmin Əliyevin şəhid olması yadına düşür. Başını qaldırıb silahını çəkəndə onu da nişan alırlar. Yanındakı əsgəri Elnur Məmmədli özünü atır komandirinin üzərinə ki, onu qorusun. Çox təlaşlanır: – Nə edək, komandir, sizi çıxarım buradan, bəlkə? Hə, çıxarım, qoymaram sizə nə isə olsun. Vəli qaşlarını çatıb deyir: yox, dayanmaq, geri getmək olmaz. Çəkilməyin, bu, bir göstərişdir. İrəli gedin. Bir-birinizdən də muğayat olun.
Elə o anda ikinci güllə ilə gözlərini əbədilik yumur. Elnur onu döyüş meydanından 3-4 metr kənara çəksə də, baxır ki, nəbzi dayanıb. Artıq Vəlidən geriyə qalan silahı, bıçağı bir də cansız bədənidir. Ruhu isə əbədilik vətən səmasında yer alıb... Həmin əməliyyatdan, sadəcə üç nəfər sağ qalır. Vəlinin qəhrəmanlığı bu zəfərin ön sıralarında səslənir.
Naxçıvan torpağı onu döyüş bölgəsinə bir hərbçi leytenant kimi göndərsə də, əsl generala layiq iftixar, qürur və fəxarətlə qarşıladı. Vəli Quliyev nəinki qəhrəman bir hərbçi oldu. O, həm də Qarabağ əfsanəsinə çevrildi. “Naxçıvan canavarı” simvolunun daşıyıcısı, igid qəhrəmanı Vətən torpağının qoynuna şəhid kimi köçdü, sevdiyi Vətən naminə. Bu elə bir sevgi idi ki, sədaqətini bütün dünyaya göstərdi. Vətənlə qırılmaz dostluğunu tarixə yazdırdı, yaddaşlara həkk etdi ölümsüzləşən adını. Tarix də bu dostluğa sədaqət rəmzinə sahib çıxıb, Vətən sevgisini əbədiləşdirən leytenant Vəli Quliyevin mübarək imzasını daimi olaraq özündə saxladı.
Türkan Hüseynli