“Azərbaycan xalçaları: tariximizdən günümüzə” - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyniadlı tədbir Naxçıvan Müəllimlər İnstitutunda əməkdaşların, tələbə və dəvət edilmiş qonaqların iştirakı ilə baş tutub.
Tədbirdə, həmçinin institutun “İncəsənət” kafedrasının müəllimlərinin və “Təsviri incəsənət müəllimliyi” ixtisasında təhsil alan tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub. 30-dan çox rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət nümunələri, eləcə də müxtəlif xalçaçılıq məktəblərinin nümayiş olunduğu sərgidə Naxçıvan xalçaları ilə yanaşı Qarabağ xalçaları, o cümlədən Laçın və Kəlbəcərə aid xalça nümunələri də sərgilənib.
İnstitutun rektoru Azad Novruzov xalçaçılıq sənətinin xalqımızın məişətində və həyatında mühüm rol oynadığına diqqət çəkib. Rektor vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022–ci illər üçün Dövlət Proqramı” ilə muxtar respublikamızda, eləcədə Naxçıvan Müəllimlər İnstitutunda bu sahədə görülən işlər sürətlənib, bir çox yeni layihələr meydana çıxıb.
Qeyd olunub ki, institutda xalçaçılıq sənətinin öyrənilməsi, müvafiq fənlərin tədrisi, tarixi abidələrimizi əks etdirən xalçanın toxunması, bununla yanaşı seminar, konfrans, sərgilərin keçirilməsi, kafedranın baş müəllimi Ləman Məmmədovanın “Azərbaycan xalçaçılıq sənəti” dərs vəsaitinin nəşr olunması, Naxçıvan Dövlət Xalça Muzeyinə tələbələrin ekskursiyalarının təşkili bu sahədə görülən işlərə aiddir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.