Turizm könüllülərinin Ordubad şəhərinə ekskursiyası təşkil olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Turizm Departamentindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Turizm könüllüsü” layihəsinin iştirakçıları üçün təşkil olunan ekskursiya zamanı tələbələr Ordubad rayonunun zəngin turizm potensialı, tarixi, özünəməxsus dəyərləri, görkəmli şəxsiyyətləri haqqında məlumatlarla yaxından tanış olublar.
Əvvəlcə Ordubad rayon Tarix Diyarşünaslıq muzeyində olan tələbələrin diqqətinə çatdırılıb ki, XVII əsr abidəsi olan muzey dünyadakı nadir tarixi-memarlıq abidələrindən olan “Qeysəriyyə” binasında yerləşir. Muzeyin fonduna 4000-dən çox eksponat daxildir ki, onların da əksəriyyəti ekspozisiya zalında 15 guşədə nümayiş olunur.
Tələbələr, həmçinin Akademik Yusif Məmmədəliyevin, Məhəmməd Tağı Sidqinin və Məhəmməd Səid Ordubadinin ev muzeyində olublar. Ordubad buzxanası, Ordubad hamamı, Sərşəhər meydanı və Ordubad şəhər Cümə məscidi ilə də tanışlıq təşkil olunub.
Ekskursiyanın təşkili qaydaları əyani nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət və Naxçıvan universitetlərinin “Turizm və otelçilik” ixtisasları Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilib. Departament tərəfindən həyata keçirilən “Turizm könüllüsü” layihəsinin məqsədi tələbələrlə aparılan işlərin səmərəliliyini daha da artırmaqdan ibarətdir