Bu gün - dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.
Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə paradında iştirak edəcək.
Qeyd edək ki,paradda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlıları və Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin kursantları da keçid edəcək. Qarabağın azadlığı uğrunda aparılan Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun bölmələri və Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyin məzunu olan minlərlə zabit böyük şücaət göstərərək şəhidlər verib.