Kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bununla bağlı keçirilən tədbirdə Xidmətin rəisi Müslüm Cabbarzadə çıxış edib. O bildirib ki, yaradılan komissiya tərəfindən iki ay müddətində muxtar respublika ərazisində monitorinqlər aparılıb, müxtəlif amillərin təsiri ilə deqradasiyaya məruz qalmış torpaq sahələri müəyyənləşdirilib.
Deqradasiyaya məruz qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin münbitliyinin artırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib.
Tədbirlər Planında Xidmətin qarşısına deqradasiyaya məruz qalmış torpaq sahələrinin uçotu və xəritələşdirilməsi, torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarının yenilənməsi, əkin atlaslarına uyğun ixtisaslaşmanın təşviqi, torpaqlardan səmərəli istifadəyə dair maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı konkret vəzifələr qoyulduğunu qeyd edən Xidmət rəisi bu vəzifələrin vaxtında icrası ilə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri 2020-ci il 27 noyabr tarixində Sərəncam imzalayıb.