Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının komitə sədrlərinin bir qrupunun xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə cəsarət, möhkəm iradə və sarsılmazlığın rəmzi olan Əlincəqalaya yürüşü təşkil edilib.
FHN-dən NUHÇIXAN-a bildiriblər ki, yürüş iştirakçıları dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən qala ərazisində dalğalanan Azərbaycan Respublikasının dövlət bayrağı altında toplaşaraq, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi şəxsiyyətin ruhuna dərin ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Əlincə qalası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah kəndində Əlincə çayının sağ sahilində yerləşən tarixi memarlıq abidəsi olmaqla, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir.
Qala 2007-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən, Əlincəqalada genişmiqyaslı bərpa işləri aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.