"Bir millət, iki dövlət. Zəfər paradı" adlı poçt markası dövriyyəyə buraxılıb - FOTOLAR
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən 10 dekabr 2020-ci ildə Bakıda keçirilən qələbə paradı münasibətilə “Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri hazırlanaraq dövriyyəyə buraxılıb.
Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, layihənin süjeti Azərbaycan-Türkiyə qardaşlığına, 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə həsr olunub.
Markalar 100 min tirajla çap olunub. Həmçinin 500 ədəd Birinci gün zərfi də hazırlanıb.
Qeyd edək ki, dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zərfləri “Birinci gün” möhürü ilə möhürləyiblər.