Şuşa döyüşlərinin naxçıvanlı qəhrəmanı - FOTOLAR
Vətən müharibəsinin qəhrəmanlarından olan Səfərov İqbal Zülfəli oğlu haqqında ilkin məlumatlara sosial şəbəkələrdə rast gəlmişdim. Əslən naxçıvanlı olan və Kanadada yaşayan bu şirkət sahibinin könüllü olaraq Vətən müharibəsinə qoşulması, Füzulidən Şuşayadək şərəfli döyüş yolu keçməsi haqqında aldığım məlumatlar məndə ciddi maraq oyatdı. Bu gün də baş leytenant olaraq Qarabağda xidmətini davam etdirən İqbal haqqında bir az araşdırma apardıqdan sonra onun telefon nömrəsini əldə etdim.
Zəngimə cavab verən İqbalın səsi Qarabağdan gəlirdi... Mənə çox tanış gələn Naxçıvan şivəsinə bir az da o torpaqların doğmalığı, İsa bulağının saflığı, xarıbülbülün gözəlliyi, bir sözlə, Qarabağın şirinliyi qarışmışdı sanki... Salamlaşıb özümü təqdim etdim, bütün naxçıvanlılar adından onu və müzəffər Azərbaycan Ordusunun bütün əsgər və zabitlərini qazanılan zəfər münasibətilə təbrik etdim. Söhbətimiz maraqlı alındı:
– İqbal, əvvəlcə özünüz haqda oxucularımıza məlumat verməyinizi xahiş edirəm.
– Mən 1985-ci ildə Naxçıvanda, Babək rayonunun Sirab kəndində anadan olmuşam. Sonra ailəmlə birlikdə Naxçıvan şəhərinə köçmüş, orta təhsilimi 7 nömrəli orta məktəbdə almışam. Onuncu sinifdə oxuyanda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət edib artıq on birinci sinfin proqramını da mənimsədiyimi bildirdim. Xüsusi imtahan komissiyası yaradıldı və mən imtahanlardan uğurla keçdim. Beləcə, on birinci sinfi oxumadan məzun oldum. Elə həmin il yüksək balla Azərbaycan Dövlət Neft Akademiyasına daxil oldum. Akademiyanın Beynəlxalq İqtisadi Münasibətlər və Menecment fakültəsində İnzibati İdarəetmə və Gömrük Ekspertizası ixtisası üzrə təhsil aldım və universiteti qırmızı diplomla bitirdim.
Hərbi xidmət dövründə həm də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində təhsil aldım.
Hərbi xidmətimi tağım komandiri olaraq bitirib leytenant hərbi rütbəsi ilə ehtiyata buraxıldım. Sonra Naxçıvanda keçirilən işə qəbul imtahanında ən yüksək balı toplayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində işə qəbul olundum. 8 il komitədə müxtəlif vəzifələrdə çalışdım və gömrük mayoru rütbəsinə qədər yüksəldim.
Amerika-Meksika sərhədində keçirilən təlimlərdə iştirak edən zaman magistratura təhsili almağa qərar verdim. Bir neçə universitetdə təqaüdlü şərtlərlə təhsil almaq hüququ qazansam da, İtaliyanın Roma di Sapienza Universitetində oxumağa qərar verdim. Lakin sonradan Amerikadakı dostlarımın təkidi ilə onların yanına – Amerikaya köçürüldüm. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində çalışdığım illərdə Amerikada ATƏT-in təcrübə proqramlarında iştirak etdiyim üçün Amerikaya bələd idim. Amerikada və Kanadada müxtəlif işlərdə çalışdım. Hazırda Kanadada öz şirkətimi qurmuşam.
– İndi bütün Azərbaycan sizi əslən naxçıvanlı olan Kanadalı şirkət sahibi kimi yox, Vətən müharibəsinin mübariz qəhrəmanı kimi tanıyır. Necə oldu ki, Qarabağın azadlığı urunda gedən döyüşlərə qatıldınız?
– “Hər işdə bir xeyir var” deyiblər. Müharibə başlayanda təsadüfən Bakıda idim. Müharibə başlayan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinə müraciət edib könüllü olaraq döyüşə yollandım. Bu, mənim uşaqlıq arzum idi. Hələ orta məktəbdə oxuduğumuz illərdə 20 Yanvar, Xocalı soyqırımı ilə bağlı təşkil olunan müxtəlif tədbirlərdə iştirak edərdim. Həm də o acıları yaşayaraq, duyaraq... Həmin hisslər uzun illər məni rahat buraxmadı. Təlim-Tədris Mərkəzində təhsil almağım da təsadüf deyildi, o vaxt könüllü olaraq yazılmışdım. Mən həmin hisslərlə orada təhsil aldım. Qisas hissi məni rahat buraxmırdı. 27 sentyabrda düşmənin növbəti təxribatına qarşı əks-hücum əməliyyatları başlayanda qərar verdim ki, qisas üçün əsl məqamdır. Könüllü olaraq müraciət etdim və müraciətim müsbət qarşılandı. Elə həmin gün mənə baş leytenant rütbəsi verildi və mən döyüşlərə qatıldım. Bu gün şükür edirəm ki, Tanrı mənə bu fürsəti verdi və mən 30 ildir düşmən əsarətində olan torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatıla bildim. Bu, bizim üçün şərəf, namus savaşı idi və biz mütləq qisas almalı idik. Şükürlər olsun ki, qisasımız alındı, həm də artıqlaması ilə...
– Bizə keçdiyiniz döyüş yolu, xüsusən xalqımız üçün böyük mənəvi dəyəri olan Şuşanın düşmən əsarətindən azad olunması uğrunda aparılan ölüm-dirim savaşından danışmağınızı istərdik. Şuşaya ilk ayaq basan qəhrəmanlarımızdan biri kimi bu şərəfli, unudulmaz anları sizin dilinizdən eşitmək maraqlıdır.
– Mənim ilk döyüşüm Füzulidə olub. Daha sonra Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Bütün döyüşlərdə əsas silahımız inam olub. Düzdür, hər şeyə hazır idik. Ölümə də... Ancaq ölmədən öldürəcəyimizə, qisas alacağımıza hamılıqla söz vermiş, and içmişdik. Buna inanırdıq. Bu inam bizi cəsarətləndirirdi. Qorxunun nə olduğunu bilmirdik. Sanki gözümüz tutulmuşdu, heç nəyi, heç bir maneəni görmürdük. Şuşaya da məhz bu düşüncələrlə yollandıq. Bilirsiniz ki, Şuşanın alınması bu gün də bütün dünyanı heyrətləndirir. Hələ yüz illər sonra da bu əməliyyat haqqında yazılacaq, danışılacaq. Çünki Azərbaycan Ordusu Şuşada imkansızı bacardı. Şuşanı xilas edən oğulların qəhrəmanlığı dünya tarixinə yazılmalıdır.
...Şuşaya çatmaq üçün 40-50 kiloqramlıq yüklərlə, əlavə olaraq minaatanlarla birgə 40 kilometrlik meşə və dağ yollarını qət etməli idik. Gündüzlər daldalanır, əsasən gecələr irəliləyirdik. Ən çətin maneəmiz yağan yağışlar, ən böyük üstünlüyümüz isə qorxusuz olmağımız idi...
Yağış dayanmadan yağırdı... Sulu paltarlarla şaxtalı havada yatmalı olurduq. Tüstü bizi ələ verər deyə, ocaq da qalaya bilmirdik. Yəqin ki, ömrümün sonuna kimi Şuşada yağan yağışı və iliyimə qədər işləyən soyuğu unutmayacağam...
Ancaq Vətən sevgisi bütün maneələri dəf etdi və biz nəhayət ki, Şuşa uğrunda döyüşmək şərəfinə nail olduq. Əslində, buna sadəcə “döyüş” demək azdır. Bu, qeyrətli Vətən oğullarının nümayiş etdirdiyi böyük bir fədakarlıq idi, ölümün üstünə getmək kimi birşey idi. Səndən yuxarıda güllələrin sənə tuşlandığını bilə-bilə dağa dırmanmağın, silahsursatınla bərabər yaralı dostunu da özünlə bərabər qaldırmağın, onun öləcəyini bildiyin halda ona da son dəqiqələrində Şuşanı görmək şərəfini, sevincini yaşatmağa çalışmağın başqa bir adı olmalıdır. Bu hissi, bu duyğunu ifadə edəcək elə bir sözün lüğətimizdə olduğuna əmin deyiləm.
Şuşa kimi basılmaz, keçilməz bir qalanın əlbəyaxa döyüşlərlə, xəncərlə, bıçaqla, tapança ilə alınması ağlasığmazdır. Ancaq biz bunu bacardıq. Necə bacardıq, necə aldıq, bunu mən də bilmirəm. Vətən sevgisi, qisas hissi bizi anlaqsız vəziyyətə salmışdı. Heç nə görmürdük, heç nə hiss etmirdik. Bircə onu bilirdik ki, qisas alınmalıdır, Şuşa qaytarılmalıdır... Şuşada döyüşlər bitəndən sonra hisslərim, duyğularım tamam qarışmışdı. Heç kimlə danışmaq istəmirdim. Mənə elə gəlirdi ki, daim yağış yağır...
– Şükürlər olsun ki, artıq hər şey geridə qaldı, müzəffər ordumuz Vətən müharibəsini zəfərlə başa vurdu. Allah Vətənimizə, xalqımıza bir daha müharibə nəsib etməsin.
– Amin! Ümumiyyətlə, müharibə insan oğlunun ən çətin sınağıdır. Fikirləşin ki, az əvvəl söhbət etdiyin döyüş yoldaşın gözünün qabağında şəhid olur... Bu, bir dəhşətdir. Onun son sözlərini eşitmək, ailəsinə çatdırmaq istədiyi sözləri, arzuları duymaq... Hələ bir də gələcəkdə həmin son sözləri onun ailəsinə çatdırmaq əzabı var... Düşmənlərimizdə isə bu hisslərdən əsər-əlamət yox idi. Ermənilər ölən yoldaşlarının qarnına qumbara bağlayırdılar ki, biz yaxınlaşıb onları tərpədəndə partlasın. Onların bu hərəkətlərindən dəhşətə gəlirdik. Səbəb nə olur olsun, insan əsgər yoldaşına, həmvətəninə qarşı necə belə nanəciblik edə bilər?! Biz isə onlardan fərqli olaraq ölüm təhlükəsini gözə alıb yenidən döyüş meydanına qayıdırdıq ki, yaralılarımızı və şəhidlərimizi oradan çıxaraq. Biz yaralılarımızı, şəhidlərimizi meydanda qoyub gedə bilmirdik. Mən komandir heyətində idim və aldığım ilk əmr belə olmuşdu: “Əsgər heyətini qoruyun, onların canını öz canınızdan artıq bilin!” Generalların belə ön cəbhədə döyüşdüyü savaşda başqa cür vuruşmaq mümkün deyildi. Hamı bir-birini qoruyurdu.
– Şuşadan Azərbaycan, arxa cəbhə necə görünürdü?
– Qürurlu... Şuşa Azərbaycanın tacıdır. O tac ki bizdədir, demək Azərbaycanın qürurlanmağa haqqı var. Arxa cəbhə də döyüşlər boyu elə ön cəbhə qədər fədakarlıq etdi. Arxa cəbhənin bu dəstəyi, sevgisi bizə güc verirdi. Məktublar, kiçik hədiyyələr alırdıq. Kasıb insanların son pullarını sərf edib bizə sovqat gətirməsi gözlərimizi yaşardırdı. Füzulinin Əhmədbəyli kəndindən olan Fikrət dayını xatırlayıram. Hərbi hissələrə gəlib döyüşçülərin saç-saqqalını səliqəyə salırdı. Əlində-ovcunda olan pulu ailəsinə qoyub, – “Siz birtəhər dolanın, mən əsgərlərimizə lazımam”, – deyə cəbhəyə gəlmişdi. Onu müxtəlif hərbi hissələrdə görürdüm. Bu fədakarlıq Vətən sevgisindən irəli gəlirdi. Biz bir xalq olaraq, həqiqətən də, Vətənimizi, yurdumuzu sevirik. Vətən müharibəsi dövründə bu sevginin ən böyük nümunəsini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev nümayiş etdirdi. Xüsusən siyasi müstəvidə qazandığımız qələbə məhz onun adı ilə bağlıdır. Bu sevgi döyüşən orduda da çox yüksək idi. Xüsusən Naxçıvandan köməyə gələn qəhrəman oğullarımızın Vətən sevgisi, qorxmazlığı hamını heyrətləndirirdi. Naxçıvanda bu cür qorxmaz, döyüşkən ordunun yetişdirilməsi Ali Məclis Sədrinin Vətənə olan sonsuz sevgisi ilə birbaşa bağlıdır. Məhz onun rəhbərliyi ilə Naxçıvan Ordusu bu cür formalaşıb – qorxmaz, döyüşkən, vətənsevər, yurdsevər... Biz məhz bu sevgi sayəsində qalib gəldik. Azərbaycan bu sevgi sayəsində qalib ölkə olaraq daim yaşayacaq.
– Bəs bundan sonra nə etmək fikrindəsiniz? Yəqin ki, tezliklə Kanadaya, öz işinizin başına dönəcəksiniz...
– Bundan sonrakı həyatımı necə yaşayacağımı bilmirəm. Müharibə mənim bütün duyğularımı, düşüncələrimi, həyata baxışımı dəyişdi. Artıq nə xaricdə, nə də Bakıda yaşamaq istəyirəm. Qarabağa valeh olmuşam. Bu yerlərə heyran qalmamaq mümkün deyil. Burada yaşamaq, burada işləmək, burada qocalmaq, burada ölmək istəyirəm. İndi Qarabağın hər yerində bir xatirəm var. O xatirələr məni buraya qırılmaz tellərlə bağlayıb. Sözsüz ki, yaxın gələcəkdə Qarabağda yeni infrastruktur yaradılacaq, yeni iş yerləri, idarə və müəssisələr yaradılacaq. Yəqin ki, Qarabağ Gömrük İdarəsi də olacaq. Mən də bir keçmiş gömrük əməkdaşı kimi yenidən öz işimə qayıtmaq və xatirələrim olan bu torpaqda, bu yerlərdə yenidən öz işimdə çalışmaq istəyərəm.
– Onda Qarabağda görüşənədək...
– İnşallah, görüşərik.
Qafar Qərib
“Nuh yurdu” qəzeti