Tələbələr Culfa Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçiblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının IV kurs tələbələri Culfa şəhər Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçiblər.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin şöbə müdiri, təcrübə-məşğələ rəhbəri Səttar Nəsirov Culfa şəhər sutəmizləyici qurğular kompleksi barədə tələbələrə ətraflı məlumat verib.
Bildirilib ki, “Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə uyğun olaraq inşa edilən kompleks 2015-ci ildə istifadəyə verilib. Bu kompleks 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz etmək gücünə malikdir. Buradakı qurğuların sayəsində saniyədə 125 litr su təmizlənir.
Tələbələrə kompleksdəki avadanlıqların iş prinsipi barədə də məlumat verilib. Qeyd olunub ki, burada su ozonla dezinfeksiya olunaraq xam su anbarlarına ötürülür.
İstehsalat təcrübəsi zamanı tələbələr Əlicəçay sahilində tikilən kaptaj qurğular sisteminin işi ilə də tanış olublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Məhəmməd Fərəcov