Ümumdünya Meteorologiya Təşkilatı: Paris Sazişinin icrası daha qətiyyətli tədbirlər tələb edir

A- A A+

Atmosferdə istixana qazlarının qatılığı rekord səviyyəyə çatıb və hətta COVID-19 pandemiyası ilə bağlı sənaye istehsalının azalmasına baxmayaraq yuxarı həddə qalmaqdadır. Ekspertlərin proqnozlarına görə, 2020-ci il isə meteoroloji müşahidələr tarixində ən qızmar yaylardan biri kimi qalacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bu gün keçiriləcək iqlim üzrə virtual sammit ərəfəsində bu barədə xatırladır.

BMT, Böyük Britaniya və Fransa tərəfindən Çili və İtaliyanın dəstəyi ilə təşkil edilən görüş iqlim üzrə Paris Sazişinə və müvafiq olaraq, ölkələrin qlobal istiləşməyə qarşı mübarizə üzrə gördükləri və gələcəkdə görəcəkləri tədbirlərə həsr olunacaq.

Xatırladaq ki, son aylar ərzində artıq bir neçə ölkə, o cümlədən Böyük Britaniya, Avropa İttifaqı ölkələri, Yaponiya, Cənubi Koreya və Çin yaxın onilliklərdə öz üzərlərinə “karbon neytrallığı” və ya “sıfır səviyyə” emissiyasına çatma öhdəliyi götürüblər. BMT-də vurğulayırlar ki, bu terminlər karbon qazı tullantılarının həcminin okean və meşələrin udduqları karbon qazı həcmindən çox olmadığını göstərir.

Azərbaycan da daxil olmaqla ölkələr beş il bundan əvvəl Nyu-Yorkda, Baş Assambleyanın 70-ci sessiyası çərçivəsində keçirilən sammitdə iqlim üzrə Paris Sazişini qəbul ediblər. Bu beynəlxalq müqavilə çərçivəsində dövlətlərin qarşılarına qoyduqları əsas məsələ - orta qlobal temperaturun sənayeləşdirilmədən əvvəlki göstəricini 1,5 Selsi dərəcədən çox ötməməsinə nail olmaqdır. Əks halda qlobal istiləşmə prosesi dönməz olacaq və Yer kürəsində həyat üçün fəlakətli fəsadlar törədəcək. Azərbaycan qlobal iqlim dəyişikliklərinin qarşısını almaq üzrə təşəbbüslərə öz töhfəsini verərək qarşısına məqsəd qoyub ki, baza ili sayılan 1990-cı il ilə müqayisədə istixana effektləri yaradan qaz emissiyasının səviyyəsini 35 faiz azaldacaq.

BMT-də vurğulayırlar ki, Paris Sazişində nəzərdə tutulan hədəflərə çatmaq üçün ölkələr bütün səylərini ortaya qoymalıdırlar. Ekspertlər qeyd edirlər ki, bu müqavilənin imzalandığı andan keçən 5 il müşahidələr tarixində ən isti illər olub. Arktikada temperatur getdikcə yeni rekordlar vurmaqdadır, Rusiyanın şimal rayonlarında isə, hətta Qütb dairəsində belə miqyasına görə görünməmiş meşə yanğınları tüğyan edir.

“Paris Sazişi iqlim dəyişmələri ilə mübarizədə əsas addım idi. Lakin onun icrası üçün kifayət qədər işlər görülmür”, - deyə ÜMT-nin pres-relizində bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: