Şəhidlik adi ölüm deyil

A- A A+

Həyatda candan şirin deyin nə var?

Şirin candan keçdi, vətənçün onlar.

Əlbət yaşayacaq belə oğullar,

Adın tarixlərə yazdı şəhidlər,

Haqqın dərgahına qalxdı şəhidlər!

Müqəddəs Vətəni göz bəbəyi kimi qorumaq hər birimizin borcudur. Onlar isə  Şəhidlik adlı uca bir zirvəyə yüksəlməklə qaytardılar Vətən borcunu. Şəhidlik  adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Adını tarixə şəhid kimi yazdıran Vətən oğullarından biri də Culfa şəhərində böyüyüb boya-başa çatan gizir Ələkbərov Bağır Əsəd oğludur. Bağır Ələkbərov Culfa şəhər 2 nömrəli tam orta məktəbdə orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılır. O, hərbi xidməti başa vurduqdan sonra ordu sıralarında qalaraq, gizir rütbəsində Vətənə xidmətini davam etdirir. 2016-cı ildə Günnüt əməliyyatında qəhrəmanlıq göstərən və komandanlıq tərəfindən təşəkkürə layiq görülən Bağır Türkiyədə, Bakıda keçirilən beynəlxalq yarışlarda da iştirak edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş snayper hazırlığı kurslarında birinci dərəcəli sertifikata layiq görülüb. Vətən müharibəsi başlayanda Naxçıvandan Qarabağa gedən döyüşçülər içərisində əzmi, cəsarəti və snayperdə dəqiq zərbələri ilə fərqlənən Bağıra xüsusi tapşırıqlar verilir. Hadrut istiqamətində gedən döyüşlərdə ermənilərin onlarla canlı qüvvəsini snayper dəqiqliyi ilə məhv edən gizir Ələkbərov 15 kəndimizin işğaldan azad olunmasında fərqlənir. 12-14 oktyabr tarixlərində ordumuzun Hadrut-Xocavənd istiqamətində keçirdiyi 13 gecə əməliyyatında ermənilərə baş qaldırmağa imkan vermir. Oktyabrın 14-də o, ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Ailəli olan şəhidimizdən 2 yaşlı övladı Vətənə əmanət qaldı. Dünyaya gələcək ikinci övladını görmək ona qismət olmadı. Bağır Ələkbərovun qısa, lakin mənalı ömür yolundan danışan qardaşı Ayxan Ələkbərov deyir: Atam da hərbçi olub. Uşaqlıqdan bizə vətənpərvərlik hissini aşılayıb. O Bizi hər il 20 Yanvarda şəhidləri ziyarətə aparar, həyatda ən uca zirvənin şəhidlik olduğunu deyərdi. Qardaşım Bağıra hərb sənətini sevdirən, hərbçi olmağa ruhlandıran da atamız olub. Hərbi xidmətinin bitməyinə üç ay qalmış qardaşım bizə dedi ki, mən qalıb xidmətimi davam etdirəcəyəm, atamızın yolunu gedəcəyəm. Bağırda uşaqlıqdan bu həvəs var idi. Gizir rütbəsi alaraq qardaşım xüsusi təyinatlılarda snayper oldu. Vətən müharibəsində onun da iştirak etməsi bizi çox qürurlandırdı. Bağır elə bir zirvəyə yüksəldi ki, onun yeri, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Bilirsiniz şəhidlik nədir? Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Əzmi, qətiyyəti, inamı və rəşadəti ilə nümunəvi snayper olan gizir Bağır Ələkbərovun keçdiyi döyüş yolu indi hər bir Azərbaycan gənci üçün sözün həqiqi mənasında bir örnəkdir. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.

Torpaq qeyrətimdir,

Vətən namusum.

Şəhidin silinməz adı iz kimi,

Mən də öz borcumu qaytardım, ana,

Düşmənə dağ çəkdim Mübariz kimi.

 Ədalət Cəfəroğlu

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: