Külüs kəndinin qurtaracağında, Keçiliyə gedən yolun sol tərəfində, təpənin ətəyində yerləşən Əyrək nekropolunda 2020-ci ilin may ayında aparılan axtarışlar zamanı bu yaşayış yerinin yaxınlığında qədim qəbiristanlıq aşkar olunub. Nekropoldakı əksər qəbir daşları naxışsız olsa da, burada olan qoç daşı, üzərində insan və heyvan təsvirləri olan sinə daşları, heykəl formasında hazırlanmış monumental abidələr ulu tariximizin bir parçasını özündə əks etdirir. Böyük qaya parçasından ustalıqla yonulub hazırlanan qoç daşı ulu türk əsgərinin qürur dolu əzəmətini bu gün də yaşadır. Naxçıvanda qoçşəkilli qabartma təsvirlər Eneolit dövrünə aid Ovçular təpəsi yaşayış yerindən, Erkən Tunc dövrünə aid gil qoç fiqurları Kültəpə və Maxta Kültəpəsi yaşayış yerlərindən məlumdur. Araşdırmalar göstərir ki, xırdabuynuzlu heyvandarlıq hələ Neolit dövründən – eramızdan əvvəl VII minillikdən başlayaraq ulu əcdadlarımızın iqtisadiyyatında mühüm yer tutub. Zamanla Azərbaycanda yaşayan tayfalar arasında həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlara sitayiş yaranıb, onların heykəlləri hazırlanaraq qəbir daşları kimi də istifadə olunub. Qəbir daşlarından birinin üzərində əllərini sinəsi üstündə çarpazlayan insan obrazı təsvir edilib. Bu tip təsvirlər və heykəllərin Azərbaycan Respublikasının ərazisində eramızdan əvvəl birinci minillikdən başlayaraq geniş yayıldığı və türk xalqları ilə bağlı olduğu qeyd olunur. Belə qəbir daşları qədim türk tayfaları olan Skiflərdə də geniş istifadə olunub və XIX əsrdə belə, Mərkəzi Asiyanın türk xalqları arasında geniş yayılıb. Əyrək nekropolunda aşkar olunan qəbirdaşı isə orta əsrlərə aiddir. Ümumiyyətlə, bu tip abidələrdə əlində qab tutan insan təsvirləri haqqında, xüsusilə insanın əlindəki qab haqqında müxtəlif fikirlər söylənib. Bəziləri bunu su- qabı, bəziləri isə o dövrdə qiymətli olan metal qab kimi dəyərləndirib. Apardığımız araşdırmalar göstərir ki, qəbir daşları üzərində olan təsvirlər insanların axirət dünyası ilə bağlı müəyyən məna ifadə edib. Buna görə də ehtimal edilir ki, bu su qabı insanın ölüm şərbəti içməsinə işarədir. Digər bir qəbir daşında yenə də bir əlində qab tutan, digər əli ilə atın yüyənindən yapışan sxematik insan təsviri var. Ümumiyyətlə, at Azərbaycan xalqının mifologiyasında mediator – vasitəçi rolunda təsvir olunur. O, yeri, göyü və o biri dünyanı bir-biri ilə əlaqələndirən mifoloji varlıqdır. Nağıllarımızda qəhrəmanlarımızın at üstündə yeraltı dünyaya getməsi ilə bağlı epizodlar da az deyil.
“Oğuz səsi” qəzeti