Vətənin bir qarış torpağına yağı əli uzananda sipər olur sinələr onun uğrunda. Odlar Yurdunun övladları döyüşə atılarkən sadəcə bir cümlə dillərdə səslənir: “Vətən sağ olsun!” Vətən həmişə dilimizin əzbəri, qəlbimizdə ümmanlara sığmayacaq qədər məhəbbət bəslədiyimiz səcdəgahımızdır. Vətənimiz 44 gün ərzində təpədən dırnağadək ona olan sevgisi ilə silahlanan igid oğullarımızın torpaqlarımızı qarış-qarış düşmən tapdağından xilas edib ayulduzlu üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda qaldıraraq əldə etdikləri böyük zəfərə şahidlik etdi. Vətənə sevgisi igidlərimizin dəqiq və sərrast şəkildə düşməni məhv edən, onu diz çökdürən tək silahı idi. 30 il ərzində sülh yolu ilə geri alınmasına nail ola bilmədiyimiz torpaqlarımız müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu tərəfindən 44 gün ərzində düşməndən azad edildi. Bu vətən müharibəsində qanı ilə tarixin şanlı səhifələrinə adını yazdıran Naxçıvanın mərd oğullarından biri İlkin Muradlıdan söz açacağıq.
İlkin ailənin ilk övladı idi. Toy libası torpağ, məhəbbəti qanlı qərənfillər çələngi oldu. Özümüz qurban getsək də, torpağımızın bir qarışından belə keçmərik dedi. Tovuzdan Murova, Murovdan Şuşaya qədər döyüş yolu keçdi və bu yolun sonunda ən uca məqama yüksəldi...
İlkin Muradlı 27 sentyabr 1995-ci ildə Şahbuz rayonunda anadan olub. İbtidai təhsilini Şahbuz şəhər tam orta məktəbində alıb. Qəlbinə hakim kəsilən hərbçi olmaq arzusuna heç kəs mane ola bilməyib. Heydər Əliyev adına Hərbi Liseyə daxil olan İlkin 2013-cü ildə həmin liseydə təhsilini başa vurub. Seçdiyi bu yol onu Bakıya-Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə aparıb. 2017-ci ildə bu məktəbi bitirərək leytenant rütbəsində Gəncəyə göndərilib. Gəncə, Ağstafa, sonra isə Tovuzda göstərdiyi qüsursuz xidmətlərinə görə baş leytenant hərbi rütbəsi alıb və Azərbaycan Ordusunun 100 illiyi medalı ilə təltif olunub. Ölümündən 3 gün əvvəl isə kapitan rütbəsi alıb.
İlkin Muradlı Vətən torpağı uğrunda sentyabrın 27-də başlayan döyüşlərdə irəlidə gedən oğullardan biri oldu. Özü də xüsusi təyinatlı kəşfiyyatçı kimi.
Şəhid anası Həcər xanım danışdıqca özündən ixtiyarsız sakit-sakit gözlərindən üzüaşağı yuvarlanan göz yaşları böyük bir qürurun, baş ucalığının ümmanı və dənizidir. “İlkin çox ailəcanlı idi. Vətənini, valideynlərini canından çox sevirdi. Bir qohumun doğum gününü belə unutmazdı. İlkinin xüsusi əl qabiliyyəti, əl işləri də var idi.
“Beynəlxalq Qadınlar Günü münasibətilə dünyanın ən gözəl qadınına. Bir ailədə ananın vəzifəsi ailəni layiqli təmsil etməkdir. Bu vəzifəni layiqincə yerinə yetirdiyin üçün səni təbrik edirəm, ana!” Dəsmala naxışlarla işlənmiş bu sözləri 8 Martda anası Həcər xanıma hədiyyə göndərmişdi İlkin.
Atası İlyas kişi İlkinin ölümünə heç cür inana bilmir. Deyir, elə bilirəm indicə zəng vurub hal-əhvalımı soruşacaq.
Ailənin sonbeşiyi Elşən deyir ki, qardaşım qəhrəmanlıq göstərərək ən uca zirvəyə- şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 27-si mənim doğum günüm idi. O, harada olursa-olsun, mütləq mənim hədiyyəmi göndərərdi. Bu dəfə döyüşlərdə olduğunu bilə-bilə zarafatla soruşdum ki, bəs bu doğum günümdə mənə nə alacaqsan? Dedi ki, bu dəfə sənə Qarabağı alacağam. Döyüşlərin birində komandirinin şəhid olduğunu dedi, həmin gün çox kədərli idi. Axırıncı dəfə mənlə danışanda dedi ki, bu dəfə mən şəhid olmağa gedirəm, komandirimin qisasını almalıyam. Şuşa uğrunda gedən döyüşlərdə misilsiz igidlik göstərərək əlbəyaxa döyüşlərdə iştirak edən İlkin düşmənin canlı qüvvəsi ilə yanaşı, hərbi texnikasını da məhv edir. Noyabrın 9-da Şuşa-Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İlkin bu dünyadakı son sözünə və istəyinə nail olur.
İndi Qubadlı, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam, Laçın, Şuşa bizimdir. O torpaqlarda axan hər şəhid qanı oranı daha da müqəddəsləşdirib. Artıq Qarabağımızda tarixi zəfərlərlə dolu olan üçrəngli Azərbaycan bayrağı dalğalanır. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızda vəzifələrini şərəflə yerinə yetirir. Siz isə canınızı fəda etdiyiniz və bizə əmanət verdiyiniz Vətən torpağında rahat yatın, şəhidlər!
Nuray Quliyeva
Naxçıvan Dövlət Universitetinin tələbəsi