Vətənin sadəcə doğulub boya-başa çatdığımız yer olmaması tezisi ikinci Qarabağ müharibəsində bir daha sınaqdan çıxdı. Qırx dörd gün ərzində hər birimiz qarabağlı olduq, ürəyimiz Vətən torpaqlarını düşmən tapdağından azad edən oğullarımızla döyündü. Xalq Ali Baş Komandanın ətrafında sıx birləşdi, dəmir yumruq formalaşdıraraq düşmənin belini qırdı. Ordumuza, Prezidentimizə bəslədiyimiz böyük inam bizi elə BÖYÜK QƏLƏBƏyə apardı. Qırx dörd gün kifayət etdi ki, təxminən dörd il ərzində düşmən tərəfindən işğal olunan torpaqlarımızı geri qaytaraq, anamız Azərbaycanı bütövləşdirək. Qalibiyyətə gedən yolda şəhidlər verdik, qazilərimiz oldu, amma haqq yolundan dönmədik. Bu yol indi bütün Azərbaycanı sevincə, qürura qərq edib. Hamıdan daha çox sevinən isə elə qarabağlılardır... Əslən Qarabağ bölgəsindən olan və bu gün Naxçıvan Dövlət Universitetinin müxtəlif ixtisaslarında təhsil alan tələbələr sevinc və qələbə təəssüratlarını bizimlə bölüşüblər.
Bu gün ali təhsil ocağında əslən Qarabağdan olan kifayət qədər tələbələr təhsil alır. O tələbələr ki, bir dəfə olsun o yerlərin suyundan içib, havasını ciyərlərinə çəkməyiblər, Vətən həsrəti ilə dünyaya göz açıblar. “Jurnalistika” ixtisası üzrə birinci kursda təhsil alan qarabağlı tələbələr ata-analarından, nənə-babalarından eşidib, duyublar Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın və başqa yerlərin füsunkar gözəlliyini, əsrarəngiz təbiətini. Yaradıcı sahəyə ilk addımlarını atan bu gənclərin qələmləri qalib ordudan, müzəffər Ali Baş Komandandan, yenilməz xalqdan yazır. İlk müsahibimiz Günay Hüseynovadır. Günayın atası Şuşadan, anası isə Xocalıdandır. Günay deyir ki, mən mədəniyyət beşiyi olan Şuşa şəhərindənəm. Şuşa iyirmi səkkiz il idi ki, erməni işğalında idi. Evimizdə Şuşanın adının çəkilmədiyi, yad edilmədiyi bir gün belə olmazdı. Mənim atam da hərbçidir, babam birinci Qarabağ müharibəsinin qazisidir. O vaxt yerli özünü müdafiə batalyonunun komandiri olub. Xocalı rayonunun Kosalar kəndi ermənilər tərəfindən mühasirəyə alınanda babamın başçılıq etdiyi dəstə düşmənə sarsıdıcı zərbə vurub. Onlar kəndi tərk edəndə bir qab su və torpaq da götürüblər. Babam iyirmi səkkiz il o suyu, torpağı Şuşa bildi, Xocalı bildi. Nəhayət, iyirmi səkkiz il sonra – bir payız günündə, noyabrın 8-də müzəffər Ali Baş Komandandan zəfər müjdəsi gəldi. Sizi inandırım, həmin gün sanki bütün ailə üzvlərimiz yenidən dünyaya gəldilər, Uca Yaradan onlara yeni bir həyat bəxş etdi. Bu dəfə həsrət yox, sevinc göz yaşları axıdırdıq. Bu yaş qəlblərdəki qürurun və qalibiyyət hissinin ifadəsi idi. Bütün ailə üzvlərim adından Ali Baş Komandana, ordumuza minnətdarlığımı bildirirəm. İndi hamımız Prezidentimizin sözlərinə qoşulub ürəkdən deyə bilirik: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. İnci İsmayılzadə də əslən şuşalıdı, amma Bakı şəhərində dünyaya gəlib. Deyir ki, Şuşa mənim üçün əvəzolunmaz bir yerdi. Oranı görməsəm də, bütün varlığımla o torpağa bağlıyam. Şuşaya getmək üçün səbirsizlənirəm. Ən böyük arzum budur ki, bir gün Şuşada televiziya fəaliyyət göstərsin və mən də jurnalist kimi, həmin media qurumunda çalışım. Şuşanı işğaldan azad edən Ali Baş Komandanın rəhbərliyi altında biz ora yenidən qayıdacağıq, qurub-yaradacağıq. Şuşa yenə də Azərbaycan mədəniyyəti üçün təkrarsız simalar yetişdirəcək. Əminəm ki, bu günü görmək istəyən babamın ruhu indi şaddır. Duyur ki, ata yurdundan murdarların ayağı kəsilib. İsa bulağı öz saf suyunu doğmalarına ərməğan edir, Cıdır düzündə bizim oğullar rəqs edir. Şuşadakı tarixi Gövhər ağa məscidində iyirmi səkkiz il sonra azan oxundu. Sosial şəbəkələrdə əsgər və zabitlərimizin həmin məscidi süpürüb təmizləməsi ilə bağlı görüntülər yayılmışdı. Sizi inandırım, həmin kadrları izləyən zaman göz yaşlarımı saxlaya bilmədim. Şuşa mənim ata-baba yurdumdur. Biz heç vaxt Şuşaya qayıdacağımızla bağlı inamımızı itirmədik. O gün mütləq gələcəkdi. İki il bundan öncə Ali Baş Komandanımız demişdi ki, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. QALİB SƏRKƏRDƏ xalqına verdiyi bu sözə əməl etdi. Zəfər bayrağı dekabrın 10-da keçirilən qələbə paradında Azadlıq meydanına gətirildi. Bu möhtəşəm anı bizə yaşadan, qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır!. Əslən Laçın rayonundan olan Eldəniz Mustafazadə: “Biz Ali Baş Komandanın siyasi iradəsinə görə Laçın rayonunu bir güllə atmadan düşmən işğalından azad etdik. Laçının füsunkar təbiəti, tarixi abidələri iyirmi səkkiz il düşmən tərəfindən talan olunub. Onlar Laçını tərk edəndə isə bizə məxsus evləri yandırdılar, meşələri kəsib doğradılar. Öz mənfur xislətlərini bütün dünyaya bəyan etdilər. Amma bütün bunlara rəğmən artıq Laçın bizim üçün yanğı deyil, qovuşduğumuz əzəli yurd yerimizdir. Bir sözlə, indi ata yurdum Laçın da “Qarabağ Azərbaycandır!” deyir. Bir məqamı da qeyd edim ki, cənab Prezidentin təşəbbüsü sayəsində artıq Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin edəcək dəhliz də açılır. Valideynlərim deyirlər ki, məhz bu yolla Naxçıvana gəlib səni, təhsil aldığın universiteti görəcəyik, muxtar respublikanı gəzəcəyik. Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan xalqı, eşq olsun qalib ordumuza”.
Qızbəsti Sultan
Naxçıvan Dövlət Universiteti
Jurnalistika ixtisasının tələbəsi