İki ürəkdə bir arzu: Qələbə - FOTOLAR
Vətən müharibəsinin iki qəhrəmanı - iki dost, iki qohum və iki sinif yoldaşı... Baş leytenant Tağızadə Mənsur Zöhrab oğlu və şəhid leytenant Əliyev Fərmin Fərman oğlu - Babək rayonunun Şıxmahmud kəndinin iki qeyrətli övladı.
Onlar bir məktəbdə, bir sinifdə oxuyublar. Qohum olduqlarına görə, demək olar ki, uşaqlıqları bir yerdə keçib. Qarabağ işğal olunanda onlar hələ doğulmamışdı. Ancaq oxuduqları dərsliklərdə, baxdıqları sənədli və bədii filmlərdə Qarabağ hadisələrinə biganə qala bilmir, Xocalı faciəsinə həsr edilmiş filmləri xüsusi həyəcanla izləyirdilər. Hadisələri anladıqca heç cür qəbul etmək istəmirdilər ki, bir ovuc mənəviyyatsız erməni kimdir ki, onlar sənin evini, elini, ocağını işğal etsin və utanmadan mənimdir desin. Sən isə buna göz yumasan.
Fərmin sadə fəhlə ailəsində, Mənsur isə həkim ailəsində böyüyür. Onları bir əqidə birləşdirirdi: Vətənə sonsuz məhəbbət və torpaqlarımızı azad görmək. Elə bu arzu onları Heydər Əliyev adına hərbi məktəbə gətirir. 2010-cu ildə hər ikisi sənədlərini bu liseyə verir. Ancaq Fərminin boy ölçüləri uyğun olmadığına görə yoxlamadan keçmir. Mənsur isə yüksək balla liseyə qəbul olunur. Lakin zabit olmaq istəyi Fərmini növbəti il yenə bu məktəbə gətirir. 2011-ci ildə o da liseyə daxil olur. Liseyi bitirəndə Mənsur sərhəd qoşunları, Fərmin isə quru qoşunlarında xidməti seçir. Mənsur hərdən zarafat edərək: “Dayıoğlu, mən xaricdən, sən daxildən Vətəni qoruyarıq”,- deyir.
Mənsur 2013-2017-ci illərdə Dövlət Sərhəd Xidməti Akademiyasının “Raket artilleriya silahlarının istehsalı və təmiri mütəxəssisi”, Fərmin isə Ali Hərbi Məktəbin “Xüsusi təyinatlı texnika və sistemlər” ixtisasına yiyələnir.
Sentyabrın 27-də müharibə başlayan gün Fərminin dəstəsi ön cəbhəyə göndərilir. Mənsur isə pilotsuz uçuş aparatları mütəxəssisi kimi işə başlayır.
Fərmin çevikliyi, bacarığı ilə elə ilk gündən seçilir. O, çevik zabit adı ilə tanınır. Hər an şəhid olacağını başa düşən Fərmin dostuna belə bir mesaj göndərir: “Doğulacaq körpəmi sənə və Vətənimə əmanət edirəm”. O, əsgərlərinə xüsusi qayğı ilə yanaşır, onları qoruyur.
Fərmin öz dəstəsi ilə sentyabrın 28-də mühasirəyə düşür. Yenə də öz bacarığı və PUA (düşmənə qan udduran Harop) mütəxəssisi olan dostu Mənsurun köməyilə mühasirədən çıxa bilir. Özü ilə bərabər 30 əsgərinin həyatını da xilas edir. Lakin Fərmin növbəti əməliyyatda - Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur...
Müharibənin ilk günlərindən gecə-gündüz PUA-ların istehsalı ilə məşğul olan Mənsur gərgin iş günlərinin birində dəhşətli bir xəbər alır: “Şəhidin var!”.
Fərminin ölüm xəbərini alan Mənsurun dünyası daxilən sarsılır.
Elə həmin gün Fərminin tabutu başında qanını alacağına and içir. Və həmin gün ön cəbhəyə getmək üçün ərizə ilə müraciət edir. Ancaq ona bildirirlər ki, sənə burada daha çox ehtiyac var. Bundan sonra o düşmənə nifrətini belə bildirir: hazırladığı PUA-ların üzərinə “Fərmin üçün”, “Polad Həşimov üçün”, “Şəhidlərimiz üçün” sözlərini yazır. Hər PUA onlarla erməni öldürəndə Mənsur “Ruhun şad olsun, dostum, qisasın alındı”,- deyib sevinir.
Fərminin ölümündən 22 gün sonra oğul övladı dünyaya gəlir...
2020-ci il noyabrın 8-də mənfur düşmənin başı əzildikdən, Qarabağın baş tacı Şuşa alındıqdan sonra onlar təslim aktını imzaladılar. Bu xəbəri eşidən Mənsur göz yaşları içində “qanın yerdə qalmadı, dostum!”,- deyə sevinc göz yaşları axıdır.
2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında Mənsur da alın açıqlığı ilə iştirak edir. O anası ilə telefonda danışanda deyir: “Ürəyimdə nisgil çoxdur, ana. Fərminsiz, dostlarımsız parad keçirmək mənə o qədər ağır gəlir ki... Amma mən də qürurluyam. Bilirəm ki, indi şəhid olan dostlarım bizi səmadan izləyir və ruhları şaddır.”
Ancaq Mənsur bir şeylə təsəlli tapır. Fərminin Vətənə əmanət qalan oğlunu “qardaşımoğlu” deyə əzizləyir. Onun da, elə öz oğlunun da vətənə layiq bir vətəndaş olacağına inanır. Ailə dəyərlərinə böyük hörmət bəsləyən bu iki dost sözləşərək öz övladlarına atalarının adını vermişlər. Ruhun şad olsun, Fərmin! Qələbələrin bol olsun, Mənsur! Övladlarınız böyüyəndə sizin kimi igid ataları olduğuna görə tanrıya şükür edəcəklər!
Məlahət Tağıyeva
Şıxmahmud kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyatı müəllimi