Sədərəkdə 48 mənzilli yaşayış binası tikilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Sədərək Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan tikinti-quruculuq işləri Sədərək rayonunda da davam etdirilib. Belə ki, 2018-ci ilin 6 ayı ərzində rayon Tikinti-Quraşdırma İdarəsi tərəfindən 24,5 min manatlıq abadlıq və təmir işləri aparılıb. Həmçinin Heydərabad qəsəbəsində 48 mənzilli yaşayış binasının tikintisi davam edir.
Qeyd olunub ki, birinci yarımil ərzində rayonda yaşıllaşdırma işlərinə də diqqət artırılıb, yolların bərpası və tikintisi istiqamətində müəyyən işlər görülüb, poçt xidmətlərinin keyfiyyəti yaxşılaşdırılıb. 2018-cı ilin 6 ayı ərzində rayon məşğulluq mərkəzində 52 nəfər işaxtaran qeydiyyata alınıb və həmin vətəndaşlardan 51 nəfəri daimi işlə təmin edilib. Hesabat dövrü ərzində rayonda 2 əmək yarmarkası keçirilib.
Bildirilib ki, rayonun sosial-iqtisadi inkişafı üçün imkanlardan maksimum istifadə olunaraq daha yüksək nəticələr əldə ediləcək.
Cavid Səfərli