Ölüm bizə nə yaxındır, nə uzaq. Biz ölümün özüyük…-Şəhid Sahil Cəlilov - VİDEO
Hərbçi olmaq şərəflidir, hərbçi olmaq xalqın qüruru olmaq deməkdir. Sinəsində qəhrəman oğullar böyüdən Şərur rayonunda da hərb sahəsini seçən, bu adı şərəflə daşıyan, iftixarı bilən oğullar çoxdur. Bu gün o igid, cəsur, qorxmaz oğullardan biri Dərvişlər kəndinin qəhrəman oğlu Cəlilovlar ailəsinin son beşiyi Cəlilov Sahil Oktay oğlundan söz açacağıq.
2018-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Sahil 2019-cu ildə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlısı, kəşviyyatçısı kimi xidmətə başlayır. Hərbçi kimi cəmi bircə il çalışsa da, dəfələrlə fəxri fərmanlara layiq görülür. Sahil hər bir təlimdən üzüağ, alnıaçıq çıxır. Elə vətən müharibəsində də…
Oktyabrın 19-da Füzuli istiqamətində döyüşlərə başlayan Sahil böyük şücaət göstərərək düşmənin canlı qüvvəsini, texnikasını məhv edir. Kəşfiyyatçı kimi Qarabağ torpağı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərir. Oktyabrın 22-də Xocavənd istiqamətindəki yüksəkliyi almaq uğrunda apardığı mübarizədə snayper hədəfinə tuş gələrək şəhidlik məqamına ucalır.
Vaxtilə, “ölüm bizə nə yaxındır, nə uzaq. Biz ölümün özüyük… Bir gün Vətən uğrunda şəhid olsaq, bu bizim üçün ən böyük şərəfdir”,- deyə yazan 23 yaşlı Sahil adının mənasını, şəhidliyi həyatının şüarı seçdi. Vətən sevgisi sahilinə sığmayan bir dəniz oldu.