Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Dövlət Universitetinin Xidmətin hamiliyinə verilmiş “Torpaqşünaslıq və aqrokimya” ixtisasının tələbələri ilə görüş keçirilib. Görüşdə Xidmətin rəisi Müslüm Cabbarzadə ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində görülmüş işlərdən danışıb. O hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması, yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra tələbələrə innovativ ideyalar əsasında yeni layihələrin işlənməsi ilə bağlı məşğələ keçirilib. Tələbələrin innovativ ideyaları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tələbələr Xidmətdə iş prosesi, elektron informasiya sistemləri, xəritəçəkmə işləri ilə tanış olub, müasir geodeziya-ölçü avadanlıqlarına baxış keçirilib.