Bir çox dünya ölkələri ətraf mühitin amansız istismarı sayəsində sərvət toplayıb, yüksək inkişaf səviyyəsinə nail olub. Bu cür yanaşma nəticədə bəşəriyyətin inkişafını ləngidə bilər və hazırkı COVID-19 pandemiyası buna əyani sübutdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BMT İnkişaf proqramının (BMTİP) insan inkişafı haqqında yeni məruzəsində deyilir. Koronavirus pandemiyasının insanın təbiətlə münasibətlərinin nəticəsi olduğunu qeyd edərək, məruzənin müəllifləri bütün ölkələrə rifahın nailolma yollarını yenidən gözdən keçirməyi və ətraf mühitə dəyən ziyanı azaldacaq meyarı tapmağı təklif edirlər. Onlar xəbərdarlıq edirlər ki, əks halda gələcəkdə COVID-19-a bənzər böhranlar qaçılmazdır.
“Bu məruzədən göründüyü kimi, dünyanın heç bir ölkəsi planetə böyük ziyan vurmadan insan inkişafında yüksək səviyyəyə nail olmayıb. Lakin biz bunu dərk edən və səhvini düzəldən ilk nəsil ola bilərik. Bu, insan inkişafının növbəti sərhədidir”, – deyə, BMT İnkişaf Proqramının rəhbəri Ahim Ştayner vurğulayıb.
O, əvvəlki dövrlə müqayisədə bu gün “bəşəriyyətin planet üzərində daha çox gücə sahib olduğunu" vurğulayıb. Ştaynerin fikrincə COVID-19, qlobal istiləşmə və artan bərabərsizlik fonunda təbiətin qorunması üçün bu gücdən istifadə etməyin vaxtı çatıb.
BMTİP bu il İnsan İnkişafı İndeksinin tərtib edilməsinə dair eksperimental yanaşmadan istifadə edib. Əvvəllər dövlətlərin reytinqinin müəyyənləşdirildiyi əsas göstəricilər adambaşına düşən ümumi milli gəlirə, gözlənilən həyat davamiyyətinə, təhsil və səhiyyəyə aid idi.
Bu il BMTİP insan inkişafına aid iki indeks hazırlayıb: birində ənənəvi göstəricilərdən istifadə olunub, digərində isə zərərli istixana qazlarının tullantılarının həcmlərini və təbii ehtiyatlardan istifadə həcmlərini nəzərə alan göstəricilər də əlavə edilib.
BMTİP insan inkişafı haqqında illik məruzəni son 30 il ərzində təqdim edir. Bu il ilk dəfə olaraq təkcə insanların deyil, həm də planetin rifahını nəzərə alaraq qlobal inkişaf mənzərəsinin necə dəyişəcəyi göstərilir.
BMT-nin İnkişaf Proqramı əmindir ki, sosial normalar və ətraf mühitin qorunmasına yönəlmiş dövlət siyasəti nəzərə alınmadan insan inkişafının tərəqqisi barədə danışmaq olmaz. Axı qlobal istiləşmə və bunun nəticələri birbaşa bəşəriyyətin rifahına təsir edir. Üstəlik, bu nəticələr ildən-ilə daha da pisləşir.
BMT bütün ölkələri yeni inkişaf dövrünə keçməyə çağırır. Ekspertlər, planetdəki yükün azaldılmasının əhalinin ən həssas təbəqələrinin də onun faydalarından istifadə edə biləcəklərindən əmindirlər.
Qeyd etmək lazımdır ki, 2020-ci ilin məruzəsində mövcud pandemiyanın yaratdığı dəyişiklikləri əks etdirən məlumatlar yer almayıb. Onlar gələn ilin məruzəsində təqdim ediləcək.